Naməlum səmalarda təhlükəsiz uçuşun yeni düsturu
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Texnologiyanın inkişafı insanın yalnız gördüyü və bildiyi məkanlarda deyil, xəritəsi olmayan, təhlükələri əvvəlcədən müəyyən edilməyən mühitlərdə də hərəkət edə bilən sistemlər yaratmaq mərhələsinə gəlib çatıb. Bu istiqamətdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) alimlərinin hazırladığı yeni texnologiya diqqət çəkir. Tədqiqatçılar pilotsuz uçuş aparatlarının tanımadığı və hərəkətdə olan maneələrlə dolu mühitlərdə toqquşmadan hərəkət etməsinə imkan verən yeni avtonom naviqasiya metodu hazırlayıblar.
Bu barədə MIT News məlumat yayıb.
“SANDO” adlandırılan yeni sistemin əsas üstünlüyü ondan ibarətdir ki, pilotsuz uçuş aparatı qarşısındakı mühiti əvvəlcədən xəritələndirmədən və maneələrin dəqiq mövqeyini bilmədən təhlükəsiz uçuş trayektoriyası müəyyən edə bilir. Sistem həmçinin hərəkət edən obyektlərin mümkün istiqamətini nəzərə alır və pilotsuz aparatın gələcəkdə qarşılaşa biləcəyi təhlükələrə uyğun olaraq uçuş marşrutunu yenidən hesablayır. Tədqiqatçıların bildirdiyinə görə, metodun mühüm xüsusiyyəti naməlum dinamik mühitdə toqquşmadan yayınma üçün riyazi təhlükəsizlik zəmanətinin yaradılmasıdır.
Bu texnologiyanın əhəmiyyəti xüsusilə fövqəladə hallar zamanı özünü göstərə bilər. Məsələn, meşə yanğınlarının tüğyan etdiyi ərazilərdə, zəlzələ nəticəsində dağıntıların baş verdiyi məkanlarda və ya mədənlərdə insanların daxil olmasının təhlükəli olduğu sahələrdə pilotsuz uçuş aparatları kəşfiyyat və axtarış-xilasetmə işləri apara bilər. Belə vəziyyətlərdə uçuş aparatının qarşısına qəfil düşən maneə və ya dəyişən təhlükə onun missiyasını yarımçıq qoymasına səbəb ola bilər. Yeni sistem isə uçuş zamanı mühiti qiymətləndirərək marşrutu operativ şəkildə dəyişdirməyə imkan verir.
SANDO-nun iş prinsipi təhlükəsizlik dəhlizinin yaradılmasına əsaslanır. Sistem sensor və kameralar vasitəsilə ətraf mühit haqqında məlumat toplayır, potensial maneələri müəyyənləşdirir və onların mümkün hərəkət istiqamətini nəzərə alaraq pilotsuz aparat üçün təhlükəsiz üçölçülü uçuş sahəsi formalaşdırır. Maneənin dəqiq olaraq hara hərəkət edəcəyini bilmədiyi halda belə, onun maksimal sürəti əsasında hansı məsafəyə qədər irəliləyə biləcəyini hesablayır. Bununla da aparatın gələcək hərəkəti üçün təhlükəsiz zona müəyyən edilir.
Texnologiyanın sınaqları da diqqətəlayiq nəticə göstərib. MIT tədqiqatçıları apardıqları simulyasiyalarda SANDO-nun bir sıra müasir sistemlərdən daha sürətli hədəfə çatdığını və maneələrlə toqquşmadan marşrutu tamamladığını bildirirlər. Real pilotsuz uçuş aparatı ilə keçirilən 12 sınaq uçuşunda da sistem hərəkətdə olan maneələrdən yayınaraq təhlükəsiz trayektoriyanı qoruya bilib.
Yeni yanaşma yalnız uçuş aparatlarının texniki imkanlarının genişləndirilməsi baxımından deyil, robot texnologiyalarının gələcəyi baxımından da əhəmiyyətlidir. Çünki müasir robotların qarşısında duran əsas problemlərdən biri əvvəlcədən xəritələndirilməmiş və daim dəyişən mühitlərdə təhlükəsiz hərəkət etməkdir. MIT tədqiqatçıları məhz bu problemi riyazi təhlükəsizlik zəmanəti ilə birləşdirərək həll etməyə çalışıblar. Gələcəkdə sistemin daha az hesablama gücü tələb etməsi və maşın öyrənməsi modelləri ilə birləşdirilməsi nəzərdə tutulur. Bu isə robotların insan tərəfindən sadə təbii dillə verilən tapşırıqları yerinə yetirməsi imkanlarını da genişləndirə bilər.
Elm və texnologiyanın bugünkü inkişaf trayektoriyası göstərir ki, gələcəyin ağıllı sistemləri yalnız sürətli və funksional olmaqla kifayətlənməyəcək, həm də öz mühitini dərk edən, təhlükəni əvvəlcədən hesablayan və dəyişən şəraitə uyğun qərar verə bilən mexanizmlərə çevriləcək. MIT-in yeni tədqiqatı da bu yolun mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər.
Bir vaxtlar insan üçün xəritədə boş görünən ərazilər indi texnologiyanın sınaq meydanına çevrilir. Əgər pilotsuz aparat naməlum mühitdə belə təhlükəsiz yol tapa bilirsə, bu, yalnız bir uçuş texnologiyasının yeniliyi deyil. Bu, insanın mürəkkəb və təhlükəli mühitlərdə öz imkanlarını genişləndirmək üçün elmə verdiyi yeni cavabdır.
Nurəngiz Adilqızı
XQ
Baxış sayı:84
Bu xəbər 07 Oktyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















