Natiq Cəfərli: “Bəlkə də, Azərbaycan nadir ölkələrdəndir ki, büdcə təşkilatlarında çalışanların çoxu təqaüdə çıxmağa tələsmirlər”
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Artıq iyulun 1-dən etibarən qadınların pensiya yaşı 64 yaş 6 ay olacaq. Belə ki, qadınların pensiya yaşının 6 ay artırılması 2017-ci ildə qəbul edilmiş qərarın icrası prosesidir. Qadınların pensiya yaşı kişilərlər bərabər, yəni 65 yaşa çatdırılacaq. Bu məsələ yenidən müzakirələrə səbəb olub. Bildirilir ki, insanların hazırda orta yaş ömrü 60-dır və dünyada bu praktika nəzərə alınır.
İqtisadçı-ekspert Natiq Cəfərli isə Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda qadınların pensiya yaşından əvvəl müzakirə olunası məsələ təqaüdlərin həcmidir.
“Ölkəmizdə təqaüdlərin həcmi çox azdır. Bəlkə də, Azərbaycan nadir ölkələrdəndir ki, digər ölkələrdən fərqli olaraq vətəndaşların, əsasən dövlət və büdcə təşkilatlarında çalışanların çoxu hətta təqaüdə çıxmağa tələsmirlər. Çünki aldıqları maaş təqaüddən iki-üç, hətta bəzən dörd dəfə çox olur. Buna görə də Azərbaycanda birinci növbədə həll olunmalı məsələ təqaüdlərin həcmidir. Miqdar artırılmalıdır. Bundan sonra bazar konyukturasına uyğun, demoqrafik dinamikanı nəzərə alaraq təqaüd yaşı ilə bağlı yeni qərarlar vermək olar”, - ekspert bildirib.
Aytəkin Qardaşova

