Naxçıvanda 19 min hektardan artıq sahədə taxıl əkilməsi planlaşdırılır
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Payızlıq əkin mövsümündə Naxçıvan Muxtar Respublikasında 19 min hektardan artıq sahədə əkin işlərinin aparılması proqnazlaşdırılır. Bu barədə məlumat Kənd Təsərrüfatı Nazirliyində payızlıq əkinlərlə bağlı yaradılmış komissiyanın iclasında verilib.
Newscenter.az-a nazirlikdən bildirilib ki, iclasda rayon və şəhər icra hakimiyyətlərinin nümayəndələri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsinin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və Dövlət Statistika Komitəsinin məsul əməkdaşları iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev çıxışında kənd təsərrüfatının ölkədə ərzaq təhlükəsizliyi və əhalinin məşğulluğunun təmin olunmasındakı əhəmiyyətindən danışıb. Nazir bildirib ki, payızlıq əkin mövsümünün səmərəli təşkili regionun aqrar potensialının gücləndirilməsi, məhsul bolluğunun yaradılması və kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından böyük önəm kəsb edir.
İclasda payızlıq taxıl əkinlərinin gedişatı, rayonlar üzrə mövcud vəziyyət və əkin sahələrinin suvarma suyu ilə təminatı barədə məlumat verilib. Nazirlik və aidiyyəti qurumların Araz çayından və Arpaçay dəryaçasından qidalanan su nasos stansiyaları, magistral, təsərrüfatdaxili və baş kanallar üzrə suvarma şəbəkələrinin vəziyyəti ilə bağlı apardığı monitorinqlərin nəticələri iştirakçıların diqqətinə çatdırılıb.
İclasda torpaq və su resurslarından səmərəli istifadə, əkinlərin optimal müddətdə tamamlanması, aqrotexniki tələblərə əməl olunması, suvarma sistemlərinin mövcud vəziyyəti və fermerlərin ehtiyaclarının vaxtında qarşılanması ilə bağlı məsələlər geniş müzakirə olunub. Fermerlərin su təminatına dair məsələlər xüsusi diqqət mərkəzində saxlanılıb, bu istiqamətdə təkliflər səsləndirilib və konkret hədəflər müəyyənləşdirilib.
Qeyd edək ki, payızlıq əkin mövsümünün effektiv və koordinasiyalı təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində xüsusi komissiya yaradılıb. Komissiyanın əsas fəaliyyət istiqamətləri əkin sahələrinin proqnozlaşdırılması, fermerlərin kənd təsərrüfatı texnikası, mineral gübrələr, pestisidlər və digər istehsal vasitələrinə olan tələbatının müəyyənləşdirilməsi, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi və torpaq-iqlim şəraitinə uyğun toxum sortları ilə təminat məsələlərini əhatə edir. Bundan əlavə, əkinlərin optimal müddətdə başa çatdırılması və suvarma işlərinin səmərəli təşkili də komissiyanın prioritet vəzifələri sırasındadır. Komissiya mövsüm ərzində fəaliyyətini davam etdirəcək və hər həftə iclas keçirəcək.
Süleyman

Naxçıvanda 19 min hektardan artıq sahədə taxıl əkilməsi planlaşdırılır FOTOLAR
16 Oktyabr 2025 17:07
Balakəndə 7 min hektaradək sahədə qarğıdalı əkilməsi proqnozlaşdırılır
02 Aprel 2025 16:42
Kim saç əkilməsi əməliyyatı etdirə bilməz? ARAŞDIRMA
01 May 2025 15:24
Bərdədə 11 min hektardan çox sahədə taxıl səpilib AZƏRTAC
14 Yanvar 2025 11:29
Saç əkilməsi artıq keçmişdə qaldı: Yeni müalicə metodu kəşf edildi
22 Dekabr 2024 16:01

