Nazirdən pensiyaçılara yaxşı xəbər: 2026 cı ildə... Milyonlara təsir edəcək
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin pensiyalarla bağlı son çıxışı müzakirə edilir. Belə ki, nazir “Hədəf” verilişində çıxışı zamanı deyib ki, ölkə başçısının müvafiq sərəncamına əsasən əmək pensiyalarının indeksləşdirilməsi hər il mütəmadi şəkildə həyata keçirilir və bu proses 2026-cı ildə də davam etdiriləcək. Onun sözlərinə görə, gələn il 1,1 milyon vətəndaşın pensiyasının indeksləşdirilməsi nəzərdə tutulur.
Bu, pensiyaçılar üçün yaxşı xəbər sayıla bilərmi?
Globalinfo.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, hər il ölkə üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq növbəti ildə pensiyalar indeksləşdirilir və artırılır:
Musa Quliyev
“Əmək pensiyaları haqqında” qanuna görə, cari ildə orta aylıq əməkhaqqı neçə faiz artıbsa, növbəti ildə pensiyaların sığorta hissəsi də həmin faizlə indeksləşdirilərək artırılır. Beləliklə, pensiyaçıların sosial rifahı təmin olunur. Məsələn, 2024-cü ildə orta aylıq əməkhaqqı ölkədə 8,2 faiz artıb və pensiyalar da eyni səviyyədə indeksləşdirilib. 2025-ci ildə isə orta aylıq əməkhaqqının artımı bir qədər yüksək olaraq 9,2 faiz olub. Nəticədə, 2026-cı ildə bütün pensiyaların sığorta hissəsi 9,2 faiz artırılıb və yanvarın 1-dən qüvvəyə minib. Bu, əlbəttə ki, yaxşı xəbərdir. Ölkədə təxminən 1,1 milyon pensiyaçının hamısına müsbət təsir göstərəcək”.
İqtisadçı Vüsalə Əhmədova bildirib ki, ümumiyyətlə, pensiyaların indeksləşdirilməsi pensiya məbləğinin zamanla dəyişən iqtisadi şəraitə uyğunlaşdırılmasıdır:
“Yəni bu, sadə bir artım deyil, pensiyaçıların gəlirinin inflyasiya qarşısında dəyərdən düşməməsi üçün qoruyucu mexanizmdir. Əsas məqsəd pensiyaçının aldığı vəsaitin real alıcılıq qabiliyyətini qorumaqdır. Sadə dillə desək, qiymətlər yüksəldikcə pensiya da artırılmalıdır ki, pensiyaçı əvvəlki kimi həyatını davam edə bilsin. Pensiyaların indeksləşdirilməsi prinsip etibarilə təqaüdçülər üçün yaxşı xəbərdir, amma təsirin real dəyərinin bir neçə amildən asılı olduğunu unutmamalıyıq. İnflyasiya şəraitində indeksləşmə pensiyaların nominal dəyərinin “əriməsinin” qarşısını almağa xidmət etməlidir. Məsələn, əgər artım inflyasiya səviyyəsindən aşağı olarsa, real gəlir artımı olmayacaq. Əsasən də, minimum və aşağı pensiya alanlar üçün indeksləşmənin təsiri daha zəif hiss olunacaq. Məlumdur ki, ərzaq, dərman preparatları və kommunal xərclər bu kateqoriya pensiyaçılar üçün əsas yükdür. Buna görə də indeksləşmə illik inflyasiya səviyyəsi, bazar qiymətlərinin dinamikası və orta aylıq əməkhaqqının artım tempinə uyğun aparılmalıdır”.
Vüsalə Əhmədova
İqtisadçı bildirib ki, Azərbaycanda əmək pensiyaları əsasən, ötən ilin orta aylıq əməkhaqqının artım faizinə uyğun indeksləşdirilir:
“Düşünürəm ki, yalnız orta aylıq əməkhaqqının artımına əsaslanan indeksləşmə sosial baxımdan yetərli deyil. Çünki bu yanaşma real yaşayış xərclərini tam əks etdirmir. Bu xərclər çox vaxt orta inflyasiyadan və əməkhaqqı artımından daha sürətlə yüksəlir. Məsələn, deyək ki, orta aylıq əmək haqqı 9 faiz artıb, ancaq əsas ərzaq məhsulları və ya dərman preparatları 15-18 faiz bahalaşıb. Bu halda orta aylıq əməkhaqqının artımına əsaslanan indeksləşmə real alıcılıq qabiliyyətini qorumayacaq. Faizlə artım yüksək pensiya alanlar üçün daha nəzərəçarpan ola bilər, lakin minimum və ya ona yaxın pensiya alanlar üçün gündəlik ehtiyacları qarşılamaq baxımından yetərli deyil. İndeksləşmə isə sadəcə statistik artıma deyil, real yaşayış minimumuna uyğun olmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Yanvar 2026 06:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















