NDU ya yüksək bal toplayaraq qəbul olan tələbələrin sayı 4 dəfə artıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 27 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin seçimində Naxçıvan Dövlət Universiteti ön sıralarda yer alıb. Naxçıvan Dövlət Universitetinə yüksəkballı qəbul sayında dəfələrlə artım qeydə alınıb.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2025-2026-cı tədris ilində 600 baldan yuxarı nəticə göstərərək NDU-ya qəbul olan tələbələrin sayı 4 dəfə artaraq 152 nəfərə çatıb. Bu göstərici əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Xatırladaq ki, 2024-2025-ci tədris ilində bu rəqəm 41 nəfər idi.
Məlumat üçün bildirək ki, müxtəlif ixtisas qrupları üzrə 600-dən yuxarı bal toplayan abituriyentlər NDU-nun “Hüquqşünaslıq”, “Tibb”, “Dövlət və ictimai münasibətlər”, “Komputer mühəndisliyi” və digər ixtisaslarda təhsil almaq imkanı əldə ediblər. Həmçinin 600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında NDU-nun “Riyaziyyat müəllimliyi” ixtisasını seçən tələbələr də yer alır.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.


