Icma.az
close
up
RU
NƏ YAXŞI Kİ, DOĞULDUN...

NƏ YAXŞI Kİ, DOĞULDUN...

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sentyabrın dördü Sərraf Talıbın doğum günüdür, 70 yaşı tamam olur.

Düzü, həmkarım 70 yaşına nə vaxt çatdı, heç bilmədim. Heç xarici görünüşü də 70 demir.  Yenə də gənclik şövqü ilə şeirlər yazır, tərcümələr edir, publisistik, elmi məqalələr çap etdirir. Çapa hazırladığı yeni kitabına daxil etdiyi yazıların hamısının son illərin yaradıcılıq məhsulu olması bunu deməyə əsas verir.

Sərraf Talıbın ötən əsrin 80-ci illərinin sonlarından ölkə mətbuatında çap etdirdiyi şeirlərinin, ədəbi-bədii yazılarının demək olar ki, hamısını oxumuşam. İlk baxışdan quru, sərt adam təsiri bağışlayan jurnalist dostumun “Sənə yazdığım şeirləri”ni oxuyanda sanki sevgi yağışına düşdüm, rəngbərəng kəpənəklərin qanadlarının zərif təmasını hiss etdim, çiçək dənizində üzdüm.  Sərrafın sevgi şeirləri iki dünyanın sehirli harmoniyasını hiss etdirir oxucuya. Bu şeirlərin özəlliyi Sərrafın mahir dərzi olmasında,  köhnə sevgi nağıllarına yeni don biçimindədir. Yeri gəlmişkən,  mən də ondan xəbərsiz, elə onunla  eyni vaxtda şeirlərimi bu başlıq altında “Şəfəq” jurnalında çap etdirmişdim. Sən demə, bütün şairlərin duyğu aləmlərində telepatik əlaqələri olurmuş. Bütün şeir adamlarını tanrı sevgi köynəyinin yaxasından keçirdiyindən, şairlərin hissləri də, arzuları da, hətta bəzən taleləri də üst-üstə düşürmüş.

Bəri başdan  deyim ki, Sərrafın şeirlərinin fəlsəfi məna  yükü  ağırdır. Amma şair bu ağırlığı təzə, orijinal ifadələrin obrazlı dili altında ustalıqla elə əridir ki, oxucu bu ağırlığın vahiməsindən qorxmur, altında əzilmir. Köhnə dünyanın yeni dərdləri Sərraf Talıbın yozumunda təptəzədir, orijinaldır. Onun şeirlərinin ana xəttini vətənə, doğma yurda, onun insanlarına, təbiətinə, şanlı keçmişinə məhəbbət təşkil edir. Amma həmişə yox. Elə məqamlar olur ki, ağrı, nifrət məhəbbəti üstələyir. Xocalı soyqırımından necə məhəbbətlə söz açmaq olar axı? Bu qanlı faciənin dəhşətlərini sakitliklə nəql etmək mümkündürmü? Sərraf Talıb  vətən tarixinin ağrılı səhifəsi – 26 Fevral Xocalı Soyqırımı faciəsinin üstündən sükutla keçməyi bacarmır. Qəlbindəki ağrıların ağırlığını sətirlərə tökür, oxucu ilə bölüşərək dərdləşir, fevral ayına yazığı gəldiyini gizlətmir:

Onsuz da boyun qısadı,

Boyun aylara çatmırdı,

Əlin göylərə çatmırdı,

Dostlara çatmırdı,

Od tutub yandı 26-sı

Ömründən bir gün də azaldı,

Azaldı ömründən, fevral.

1990-cı ilin 20 Yanvar gecəsində baş verənlərin canlı şahidi olmasam da,  dəhşətləri haqqında  çox oxumuş, videolentlərə baxmışam. Bu mövzuda Sərraf Talıbın da onlarla şeiri var. Şairin bu mövzuda yeni qələmə aldığı  “Ölümdən qorxmur azadlıq” şeirinin üstün cəhəti nikbinliyin tərənnümüdür:

O gecə ölüm qalib olmadı,

sadəcə maskasını itirdi.

Xalq ayağa qalxdı –

Azadlıq Bakı küçələrində

qanla danışdı.

20 yanvar –

tarixin susa bilmədiyi gecədir.

Sərrafın məhəbbət şeirləri özəlliyi, kövrəkliyi ilə seçilir. Bu şeirləri oxuyanda sanki ayrı bir aləmdən  gələn ilahi nəğmələrin həzin əks- sədasını eşidirsən. Sən belə sevə bilərsənmi?- sorğusu keçir ürəyindən:

Mən qəm arzulamadım sənə,

xoşbəxtlik də vermədin mənə.

Sənin üçün gəzirəm məyus halda,

Sən başqa,

mən başqa bir zamanda.

Mən sərsəri bulud kimi,

Sən yorğun ay kimi.

Bu şeirlər adi söz oyunu deyil, hisslərin bəzəkli, təmtəraqlı ifadələrlə  izharına da oxşamır, şairin hisli-paslı, nimdaş sevgisinin təpədən çıxan tüstüsüdür:

Məndən xəbərsiz çatılan ocağı duyurdum,

Kif basmış günlərimdən yadigar

Hisli-paslı, nəmli-qəmli şeirlərimin

Acı-acı tüstülərlə yandığını,

Görürdüm, amma

Nə səni öldürdüm,

Nə özüm öldüm.

Sevgi mövzusunda təzə söz demək çox çətindir-yazanlar bilir. Köhnə mövzuda o qədər yazılıb ki, sanki deməyə daha söz qalmayıb. Amma Sərrafın məhəbbəti adi deyil ki, onun təsvirində, tərənnümündə acız qala. Bu sevgi şairin ömrünə doğan nurdur, işıqdır, oddur ki, hələ də qəlbini yandırır:

Sən olmasan da, sən boyda xəfif bir işıq…

Yanır içimdə səhərə kimi.

“Sənsiz çox darıxıram” deyən Sərrafın özünəxas ovutmaq, ovunmaq usulu da var:

Darıxıram sənsiz,

sənə yetmək üçün

damcı-damcı oluram…

Qarışıb küləyə, dönüb buluda

sevə-sevə yağıram…

Sinənə sıx yağışı –

Bu mənəm hər damcıda,

Axı mən sənsiz çox darıxıram…

Və şair elə darıxır ki, sevgisinin yolunda cəhənnəm alovunda yanmaq belə gözünə görünmür:

Səni sevmək günahdırsa,

Demək cəhənnəmə gedirəm addım-addım.

Axı sən mənim günahımsan,

Nə səndən ayrıla bilirəm,

nə də günahımdan.

Sərraf Talıb sözün bədii təsir və təsvir imkanlarından ustalıqla istifadə etməyi bacaran, gözəl peyzajlar, təsvirlər yaradan söz ustasıdır:

Qatar-qatar durna səfi,

Şaqqıltıyla çalır dəfi,

Sirri-xuda çəkir ipi,

Qatar yan verir, yan verir

Şairin  muğam ladına köklədiyi:

Yenə asimanla qucaqlaşıb yer,

Dənizdən günəşin doğan vaxtıdı.

Yeri balasıtək yalayır külək,

Muğam havasıdı, muğam vaxtıdı

şeiri bədii təsvir və ifadə  vasitələrindən bol istifadə edilməsi ilə diqqət çəkir. Sərraf Talıbın  payız havasına köklənən şeirlərində bir həzinlik, təmizlik, ülvi, bəşəri hisslərin kövrək tərənnümü hiss olunur:

Bir damla həqiqət düşsə dənizə,

Dənizlər yüksələr göyə, ay yağış.

Dünya təmizlənər ülvi hisslərlə,

İnsanlar ya Allah deyər, ay yağış!

Və ya

Ağac deyil, ağac boyda pətəkdi sanki!

Çiçəklərin dünyanın ən gözəl sırğası,

Yurdumun yaşıl donlu qızı,

yoxsa gəlinimisən, akasiya?

Dağ, daş Azərbaycan ədəbiyyatında ən çox işlənən mövzulardandır. Seyid Məhəmmədhüseyn Şəhriyarın, Əli Kərimin, Məmməd  Arazın, Mahirə Nağıqızının və s. müəlliflərin bu mövzuda maraqlı əsərləri var. Sərraf Talıbın köhnə mövzuya yeni baxışı diqqətçəkəndir,  maraqlıdır, özəldir:

Daş ağır olduğundan deyil ki,

ruhsuz olduğundan batır yerə.

Çünki insanı yerə gömən

çəkisi yox,

eşqsizliyidir bəlkə də.

Və dərd orasındadır ki, daş insana dönəndə o adi daş olmayacaq, göz dağı olacaq, ibrət daşına dönəcək:

Daş ya qəlbə dönər,

Ya da yolun üstündə qalacaq.

Kinin, nəfsin doğduğu,

ibrət daşı kimi.

Sevgisizlik ürəyi daşlaşdırır. Əgər qəlbində xoş niyyət bəsləmirsənsə, deməli, sinəndəki daşdır, ürək deyil:

Qəlblər var,

qaralığı gecədən yox,

niyyətdən alır.

Orda sevgi yox,

yalnız daşın yaddaşı yatır.

Sərraf Talıbın yeni şeirlərində diqqətimi çəkən onun illərin dostu, mərhum həmkarımız Ağaddin Babayevin xatirəsinə yazdığı elegiya oldu. “Salam, əziz dost”da yaxın həmdəminin yoxluğundan üşüyən ürəyin həzinliyini aldım:

Kədərli bir nəğmədir sanki bu həyat,

Mən isə xordan ayrılan bir səsəm,

Şeirdən düşən bir sözəm,

Mübhəmdən gələn bir səsli cümləyəm,

Qara torpağam, mavi göyəm, əziz dost!

Bu an, bu gün, bu saat,

Bu vəfasız yer üzündə

Təkəm, tənhayam,

Səndən sonra,

Kədərli bir nəğməyəm, əziz dost!

Sərraf Talıbın son illərdə uşaqlar üçün yazdığı şeirləri, əkiz nəvələri Əli və Əminəyə ithafları, əminəm ki, təkcə balaca oxucuların deyil, böyüklərin də həvəslə oxuduğu şeirlər olacaq.

Sərraf Talıbın 70 illik həyat- fəaliyyətinə həsr etdiyi avtobioqrafik “Ömrün yeddi anı” poeması diqqətimi xüsusi cəlb etdi. Sadə, səmimi dillə yazılmış, gerçəkliklərin bəzək-düzəksiz əks olunduğu, şairin oxucusundan heç nəyi gizli saxlamadığı poemanı birnəfəsə oxudum.

Mən nə doğulmuşam, nə də öləcəm,

Əbədi varlığam gəldim göylərdən.

Əbədi sevgiyəm, əbədi hissəm,

Öz qəmim, kədərim, nisgilimlə mən…

“0” nöqtəsindən başlanan yol və Anama məktub” şairin oxucuya səmimi etirafıdır:

Nə düşdü yadıma, aldım qələmə,

Böldüm yetmiş ili mən yeddi ana.

Hər anım on ilə bərabər oldu,

Mən təzə dövrlər yazdım zamana.

…və o zaman hələ də hesab aparır.

“Anama məktub”u şairin mərhum anasına minnətdarlığıdır:

Hələ ayağıma dəyməyibsə bir daş –

o daşın qabağını sən kəsmisən

bilirəm,

o zərif ipək köksünlə,

Mən gedirəm sənin sığalladığın yolda.

Poemanın “Brinci an”ında şair uşaqlıq və yeniyetməlik illərini qələmə alır, sözə vurğunluğundan yazır:

Mən çörək yemədim, kitab oxudum,

Vərəqlər açıldı, dilə gəldilər.

Anamın hördüyü yayda həsir tək,

Mən xalı toxudum sözdən hər səhər.

Sərraf Talıb  Bakıda keçən tələbəlik illərindən,  jurnalist kimi ilk fəaliyyət dövründən,  1990-cı ilin qanlı yanvar hadisələrindən, Lənkəran radiosundakı işindən, “Yaşıl çay” jurnalının redaktoru kimi fəaliyyətindən, AMEA-nın regional bölməsindəki elmi yaradıcılığından söz açır. Poema klassik poeziyada olduğu kimi Allaha xitabla bitir:

Mən bir nəfəs idim, havaya qarışdım,

Bir söz idim, ürəklərə doldum,

Bir sevgi idim, ömürlərə toxundum.

Yox olmaq yoxdur bu nizamda,

Hər səhərdə yenidən doğulmaq var,

Doğulmaq var hər axşamda.

“Külqabı haqqında ballada” son illərdə oxuduğum ən maraqlı poemalardandır. Bu əsər barədə Sərraf müəllimlə danışanda poemanın ilkin variantını hələ gənclik illərində, Bakıda tələbə olduğu vaxtda yazdığını, indi nəşr edəcyini deyir.

Külqabı – varlıqla yoxluq arasında

Səssiz dayanmış bir şahiddir.

Alovun son sualı burda bitər,

Cavab kül şəklində qalır içində.

Bu yazıda daha çox qələm dostumuz Sərraf Talıbın son illərdə qələmə aldığı şeir yaradıcılığına toxundum. Amma onun yaradıcılığı çoxşaxəlidir.  Həmkarımın elmi-publisistik məqalələrindən, şeirlərindən ibarət “Bu yerin üstü də məni tanımır”, dünya ədəbiyyatından etdiyi tərcümələrin toplandığı “Sonuncu sağlıq”, elmi – publisistik məqalələrdən ibarət “ Lənkəran ədəbi mühiti Azərbaycan ədəbiyyatı müstəvisində” kitabları  oxucular tərəfindən maraqla qarşılanmış əsərlərdir.

Azərbaycan Yazıçılar və Jurnalistər birliklərinin üzvü olan həmkarımın 70 illik yubiley təbrikini öz şeiri ilə tamamlayıram:

Qorxmadan baxıram gələn sabaha,

Təşəkkür söyləyib ulu dərgaha,

Ruhumda çağlayan o nəğmə deyir:

“Salam, yetmiş yaşım, sabahın xeyir!”

Esmira İsmayılova,

Filologiya üzrə fəlsəfə doktoru, dosent.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Sentyabr 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see362

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see306

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see269

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see267

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see267

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see256

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see256

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see250

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see242

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see240

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see223

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see217

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see214

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see213

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see210

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see207

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see201

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see196

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see182

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri