Nəhayət, Çin Səddini aşdım TƏƏSSÜRAT
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
İlk hissə - https://525.az/news/340769-teessuratin-bu-seferi--cin-seddi
Hədəflədiyim nöqtəyə varmışdım. Burada təəssüratı da bəlkə nöqtələməm gərəkirdi. Niyə “davamı olacaq” vədini vermişdim ki, Sizlərə? Əslində o zirvədə məni həyəcanlandıran başarıdan doğan eyforiyanın coşqusu ilə “heç bitməsin” istəyirsən. İstəyinin zirvəsinə çatmısan, daha nə olsun. Qarşıda yeni hədəflədiyin zirvələri aşmaq, yolun davamı artıq sənə bağlı. Məni “davamı olacaq” vədinə kökləyən də bumuydu, əcəba?!
İndi o qalxdığım pilləkənləri enərək yenidən başlanğıca – A məntəqəsinə dönmək vardı. Həyat yoxuşlu-enişlidir dediyimizin dejavüsünü yaşayırıq hər yeni zirvələri hədəflədiyimizdə. Böyük filosof Konfutsinin diyarı Çin və onun tarixi səddinin məni bu qədər sirkələyəcəyini təxmin edə bilməzdim.
Birinci yazıda qeyd etdiyim kimi, təsadüf olmayan möcüzəylə başlayan səfərdə qarşıma daha hansı sürprizlər çıxacağını mən də sizin kimi maraq edirdim.
Uçmaq deyə bir fobim yoxdur. Amma dünyadakı son gedişatlara və çıxış nöqtəmin Rusiya olduğuna baxsaq, içimdə yaşanan əndişə anlaşılandı. Beynimdə təkrarlanan “mindim bir əlamətə, gedirəm qiyamətə” ifadəsinin əks-sədasından heç danışmayım. Düzü, barmağım sınanda bunu xəbərdarlıq olaraq qəbul etmişdim. Amma geriyə yolum yoxdu. Bir yandan da Afaqın - “Bilet alan gündən oturub səni aeroportda gözləyirəm” - zarafatının gerçəkliyiylə hər şeyə rəğmən, mən də o görüşə can atırdım.
Çin hava yollarına məxsus təyyarə ilə 8,5 saatlıq bir yolçuluq gözləyirdi məni. “Hainan Airlines HU 7985” reysi ilə uçan 220-440 nəfərlik sərnişin üçün nəzərdə tutulan və 4-də 3-ü dolu olan təyyarədə müşahidəmə görə tək azərbaycanlı deyəsən, məndim. Yüz insanın arasından da olsa, qulağın doğma səsi duyar. Mən duymadım. Bəlkə də vardılar, xəbərim yoxdu. Sərnişinlərin əksəriyyətini çinlilər təşkil edirdi. Podiumda gəzən modelə bənzər, milli geyimli çinli təyyarə bələdçi qızları, komfortlu salon... Oturacaq yoldaşımın rus dilində danışa bilməsi məni sevindirdi. Öz-özümə - “Yarımçıq ingiliscəmlə danışmaq məcburiyyətində qalmayacağam” - dedim bu uzun yolu.
O isə:
- Mən Yakutiyadanam, saxayam - dedi.
- Türkdilli millətdən, yəni?
Oxşar olan saylarımızı (bır, iki, uç, dort...) saydı və gülümsədi. Sonrasında, türkcəmizin fərqli qolunun bir-birimizi başa düşməyə imkanı vermədiyiylə razılaşıb ünsiyyəti rusca qurduq.
Təyyarə bələdçilərinin rəftarı, hər istəyimizə yetişməsi kimi yüksək xidmətlərindən danışmamaq doğru olmaz. Amma gedəndə xoşrəftar olan bələdçi heyətin öz soydaşlarına fərqli davranışı da gözümdən qaçmamışdı. Bir həftədən sonra eyni təyyarə və eyni heyətlə dönməyimə baxmayaraq, indi 4-də 3-ü boş olan təyyarədə bizə soyuq, yenə yerlilərinə isti rəftarları əvvəlki fikrimin önyarğı olmadığını təsdiqləyirdi. Özününkünə dəyər verməsi təqdirediləndi.
Qayıdaq Pekində ayağımın imkan verdiyi qədər gəzə və görə bildiyim yerlərə. Monqol xanı Çingizin əsarətinə məruz qalan Çinin paytaxtı olan Pekinə getdiyim gün ölkə Respublikanın yaranma tarixini bayram edirdi. Əsl qələbəliklə demək olar ki, burada rastlaşdım. Güllü çiçəkli park amfiteatra bənzəyirdi. Mən də guya amfiteatr dövründən xəbərdar kimi danışıram. Hər şeyin dadımı etdirirdilər. Şəkərlənmiş meyvələr, tanımadığım yüz-cür yemək və şirniyyat.
Kiçik haşiyə: Oktyabrın 1-dən 5-nə kimi ölkədə Respublikanın yaranması günü qeyd edilir və bu tətili “qızıl həftə” adlandırırlar.
Pekin yaşıllıqlarla əhatə olunmuş, çoxsaylı nüfuzu kimi, hər sahədə çoxkoloritli - rəngarəng bir şəhərdir. Mənə gecələri göyqurşağını və bir də tarixlə müasirliyin qovuşduğu sənət əsərini xatırlatdı.
Geniş prospektləri və küçələri işıqlandıran gecə lampaları ilə yanaşı, gündüzləri kölgələndirən hündür xurma (bizim xirnik) ağaclarının həmahəngliyi şəhəri daha cazibədar edir.
Gəzdiyim yerlərdə bəzən mimika, bəzən də adi dillə danışmaq istədiyim çinlilər söhbətcil deyillər. Və bilsələr də, bilməsələr də, öz dillərində danışmaq və danışdırmaq istəyirlər.
Bir detalı da qeyd ki, onları videoya çəkməyi də, müsahibə verməyi də xoşlamırlar.
Orası da maraqlıdır ki, bizim kimi irigözlü yabançı insanları “açıqgözlü” adlandırırlar. Əslində bizim açıq gözlə gözardı etdiklərimizi onlar qıyıq gözləriylə gözönünə sərməyi çoxdan başarıblar.
Mənim üçün qeyri-adi olan başqa bir şey baş verməsə də, qarşıma əski xətli telefon köşkünün çıxması bir az qəribəydi. Həm də şəhərin tam ortasında, avtobus dayanacağında. Hələ bir də işlədiyini nəzərə alın. Yəni bəzək və ya tarixi xatirə deyildi.
Hə, tarixi xatirə demişkən, şəhərin Cənub qapısı Tyananmenin yerləşdiyi eyniadlı meydan tarixi xatirələrin danışdığı yerdir. Tsyanmen keçidini adlayıb Min və Tsin imperatorları zamanından qalmış Cənub Qapısından keçərkən tamam başqa bir aləmə düşürsən. Keçmişlə gələcəyin qovşağında karvansara, qarşı tərəfdə səni müalicəvi Çin çayı ilə qarşılayan xidmətçi və nəbzini ölçməklə xəstəliyi təyin edən loğman var. Turistlər bu daşlaşmış tarixin bir parçasına əl uzadıb özünün və bu anda durduğu yerin nəbzini tutur, ya da o nəbzə köklənir. Mən də biləyimi o əlin içinə qoyub həyəcanımı ölçdürdüm.
Afaq, ayağıma işarətlə, - qədim Çin sınıqçısı olsa, bir barmağına da baxsa, deyib-güldü.
Yolboyu maşınlarla yanaşı, şəhərdə elektriksiz velosipedlər də şütüyür. Səkilər də kirayə ediləcək belə velosipedlərlə doludur. Velosipedlərin üstündə əllərə keçiriləcək xüsusi formalar - örtüklər vardı. Mənim ilk təxminin - bunun uşaqların üstünü örtməkdən ötrü olduğuydu. Yanılmışdım.
Afaq, yox, bunu onlar əlləri qaralmasın deyə geyindiklərini söylədi. Necə olsa, 16 ildən artıqdır burada yaşayır, dillərinə, adətlərinə bələddir. Hava bir az günəşli olunca çətir və həsir papaqda gəzdikləri indi diqqətimi çəkdi.
Qaralmaqdan bu qədər qoxmalarının səbəbi, onlarda köləlik kompleksindən doğan, aşağı təbəqəyə aid olmaq qorxusundandır ki, heç bir çinli haqlarında belə düşünülməsini istəmir.
Ekzotik bir diyarda, çiçək-böcəklə əlləşən, yerdə bitən, hərəkət edən hər şeyi yeyən çinlilərin bu qayğısı da tam bir paradoksdu.
Yüzlərlə dəfə gəlib, qalıb, yaşayıb, ticarət edib və gedib gördüklərini daha gözəl qələmə alanı, hekayət edəni illah ki, var. Mənim bu qırıq-qırıq təəssüratım mükəmməl olmaya bilər. Mənə yaşatdığı hiss nə yazıya sığar, nə də...
Sadəcə çox uzatmadan, özü elektrik samokatları istehsal edib (orada bu samokatlar gözə çarpmayacaq dərəcədə azdır - red.), amma elektriksiz velosipedə üstünlük verən, texniki tərəqqisi Çin Səddini aşıb, beyninin və bədəninin daim hərəkətdə olması qayğısına qalanların ölkəsini çox sevdim. Hətta özünə rəftarda özgəni ikinci plana salanlarını, öz dilində danışdırmaq cəhdlərini də. “Qıyıq gözlər”inin və “qaralmaq” qayğısının dərinliyində bir daha və ya heç vaxt yenidən ac, səfil, cahil təbəqədən sayılmamaq istəyinin orijinallığını da.
您好-Ni hao ilə salamlaşmışdılar, məni qarşılayanda. Mən də onların təbirincə,
再见 Zài jiàn - Görüşənədək-lə sağollaşıram.
Tünzalə Vəliqızı
Pekin-Moskva
17.10.2026.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 20 Oktyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















