Icma.az
close
up
RU
Nəhəng dövlətlərin borcu da böyükdür

Nəhəng dövlətlərin borcu da böyükdür

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Dünya ölkələrinin ümumi ödəmələri 111 trilyon dollardır

Dünya iqtisadiyyatı indiyədək görünməyən bir vəziyyətlə üz-üzədir. Bütün dövlətlər bir-birinə borcludur. Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci il hesabatına əsasən, hazırda dünya ölkələrinin ümumi dövlət borcu, təqribən, 111 trilyon dollardır. Qlobal dövlət borcunun üçdəbirindən çoxu ABŞ-ın payına düşür. Ümumilikdə isə ən yüksək borc yükü əsasən inkişaf etmiş ölkələrin – nəhənglərin üzərində cəmləşir. BVF-nin qiymətləndirməsinə görə, bu ölkələrdə dövlət borcu iqtisadi artımı dəstəkləmək, işsizliyi azaltmaq, inflyasiyanı nəzarətdə saxlamaq məqsədilə istifadə edilir.

Dövlət borcu ən yüksək olan 10 ölkə arasında ABŞ 38,5 trilyon dollar borcla ilk sıradadır. Sonrakı yerlərdə 18,7 trilyon dollar borcla Çin və 9,8 trilyon dollarla Yaponiya qərarlaşır. Siyahıda Böyük Britaniya (4,1 trilyon dollar), Fransa (3,9 trilyon dollar), İtaliya (3,5 trilyon dollar), Hindistan (3,4 trilyon dollar), Almaniya (3,3 trilyon dollar), Kanada (2,6 trilyon dollar) və Braziliya (2 trilyon dollar) yer alır.

Xatırladaq ki, Azərbaycanın dövlət borcu 25,9 milyard dollar təşkil edir ki, bu da ölkənin ümumi daxili məhsulunun 19,5 faizinə bərabərdir. Borcun 8,3 milyard manatı (4,9 milyard dollar) və ya 32,8 faizi xarici dövlət, 17 milyard manatı və ya 67,2 faizi isə daxili dövlət borclarının payına düşür.

Yuxarıda diqqətə çatdırılan dünya ölkələrinin ümumi dövlət borcunun 111 trilyon dollar olması faktı artıq sadəcə maliyyə statistikası deyil, bu, eyni zamanda, qlobal iqtisadi sistemin dayanıqlığına dair açıq xəbərdarlıqdır. Ortaya isə son dərəcə narahatedici sual çıxır: əgər bütün dövlətlər borcludursa, bəs bu qədər pulu kim verir?

Borc artımı inkişafı, yoxsa kasıblığı göstərir?

Ekspertlərin sözlərinə görə, son onilliklərdə borc artımı demək olar ki, “normal iqtisadi proses” kimi təqdim olunur. Böhran zamanı – resessiya riski yarananda sosial gərginlik artanda borc alınması iqtisadiyyatı stimullaşdırır və xərcləri artırır. Nəticədə isə dünya iqtisadiyyatı, necə deyərlər, borcsuz nəfəs ala bilməyən sistemə çevrilir.

BVF-nin hesabatı göstərir ki, qlobal dövlət borcunun üçdə birindən çoxu ABŞ-ın payına düşür. 38,5 trilyon dollarlıq borc təkcə bir ölkənin maliyyə göstəricisi deyil, bu, həm də bütün dünya üçün risk mənbəyidir. Çin (18,7 trilyon dollar) və Yaponiya (9,8 trilyon dollar) da eyni borc zəncirinin əsas iştirakçılarıdır. Siyahının davamında Avropanın aparıcı dövlətləri yer alır. Maraqlıdır ki, borcun əsas yükü məhz inkişaf etmiş ölkələrin üzərindədir. Belə bir vəziyyət isə, əslində, sadə bir həqiqəti ortaya qoyur: bu gün beynəlxalq aləmdə indiki şərait qlobal borc böhranı kimi yox, qlobal borc modelinin formalaşması kimi dəyərləndirilir.

Bəs borc verən kimdir? Ekspertlərin fikrincə, bu sualın cavabı düşünüldüyündən daha mürəkkəbdir. Çünki ilk baxışdan elə görünür ki, borclu çox, borc verən isə azdır. Amma reallıq daha çətin və daha risklidir. Belə ki, dövlətlər bir-birinə borc verir, banklar dövlət istiqrazları alır, mərkəzi banklar pul çap edərək hökumət borcunu maliyyələşdirir. Başqa sözlə, borc getdikcə, necə deyərlər, öz-özünü bəsləyən qapalı sistemə çevrilir.

Burada ən təhlükəli məqam isə mövcud sistemin real iqtisadi dəyərdən çox, etibara və gözləntiyə əsaslanması ilə bağlıdır. Məsələn, ABŞ borc alır, çünki dünya dolların etibarlılığına inanır. Avropa borclanır, ona görə ki, investorlar hələlik risk görmür. Amma bu etibar sarsılarsa, borc karuseli eyni sürətlə dağılmağa başlaya bilər.

Borc inkişaf etmiş ölkələrin maliyyə alətidir

BVF-nin hesabatında bildirilir ki, inkişaf etmiş ölkələrdə dövlət borcundan iqtisadi artımı dəstəkləmək üçün istifadə olunur. Başqa sözlə, borc bu ölkələr üçün yük yox, iqtisadi alət, hətta siyasi “silah” sayılır. Onlar borc hesabına texnologiya yaradır, sosial rifahı qoruyur, qlobal təsir imkanlarını genişləndirirlər. Lakin bu model “güclü institut, güclü valyuta” kimi prinsipə əsaslanır. Bu prinsip olmadıqda isə borc inkişafa yox, iflasa səbəb olur. Məhz buna görə də borc mexanizmi inkişaf etməkdə olan ölkələr üçün çox vaxt tələ rolunu oynayır.

Yeri gəlmişkən, bugünkü dünyada borc təkcə iqtisadi məsələ deyil, eyni zamanda, təsir vasitəsidir. Belə ki, kim maliyyəni nəzarətdə saxlayırsa, qərarvermə prosesinə də təsir edir. Beynəlxalq maliyyə institutlarının kredit şərtləri, reytinq agentliklərinin qiymətləndirmələri və faiz dərəcələri artıq ölkələrin daxili siyasətinə birbaşa təsir göstərir. Bu baxımdan qlobal borc artımı maliyyə müstəqilliyi anlayışını ciddi şəkildə sual altına alır.

Bəs inkişaf etmiş ölkələr niyə borcdan çəkinmir? BVF-nin hesabatında bu suala verilən cavab da diqqət çəkir. Sənəddə xüsusi vurğulanır ki, yüksək borc yükü əsasən inkişaf etmiş ölkələrin üzərində cəmləşib. Bunun əsas səbəbi ABŞ dolları, avro, yen kimi valyutalara qlobal etibarın yüksək olması ilə bağlıdır. Bu ölkələrdə borc nisbətən ucuz və uzunmüddətli cəlb edilir. İnfrastruktur, innovasiya, sosial proqramlar və böhran dövrlərində iqtisadi stimullar borc hesabına maliyyələşdirilir.

Eyni zamanda, investorlar bu dövlətlərin borcu qaytarmaq qabiliyyətinə inanırlar. Başqa sözlə, inkişaf etmiş ölkələr üçün borc problem deyil, idarə olunan iqtisadi alət kimi çıxış edir. Lakin qlobal borcun sürətlə artması da risksiz ötüşmür. Faiz dərəcələrinin yüksəlməsi, geosiyasi gərginliklər və iqtisadi tənəzzül ehtimalları borc yükünü daha da ağırlaşdırır. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün xarici borcun bahalaşması maliyyə sabitliyinə ciddi təzyiq yaradır. Bu mənada borc artıq təkcə iqtisadi yox, həm də siyasi vasitəyə çevrilir.

Dövlət borcunun əsas kreditorları sırasında daxili investorlar – banklar, pensiya fondları, sığorta şirkətləri və vətəndaşlar xüsusi yer tutur. Bir çox ölkələrdə dövlət borcunun böyük hissəsi daxili istiqrazlar hesabına formalaşır. Yəni hökumət öz vətəndaşından borc alır. Xarici dövlətlər və suveren fondlar, xüsusilə Çin, Yaponiya, Körfəz ölkələrinin suveren sərvət fondları isə ABŞ və Avropa istiqrazlarının əsas alıcıları sayılır. Son illər monetar yumşalma siyasəti çərçivəsində mərkəzi banklar birbaşa dövlət istiqrazlarını alaraq borcun əsas maliyyə mənbəyinə çevriliblər. BVF, Dünya Bankı və regional inkişaf bankları əsasən inkişaf etməkdə olan ölkələrə borc verirlər. Beləliklə, borcun mənbəyi mücərrəd qurum deyil, eyni qlobal sistemin iştirakçılarıdır. Dövlətlər bir-birinə, banklar dövlətlərə, vətəndaşlar isə həm dövlətə, həm də maliyyə sektoruna borc verir.

Borc, yoxsa təhlükə qalxanı?

Qlobal borc seli fonunda Azərbaycanın göstəriciləri prinsipial şəkildə fərqlənir. Ölkənin dövlət borcu 25,9 milyard dollar təşkil edir və ÜDM-in 19,5 faizinə bərabərdir. Bu, beynəlxalq miqyasda son dərəcə aşağı göstəricidir. Daha vacibi isə borcun böyük hissəsinin (67,2 faiz) daxili olmasıdır. Belə bir göstəriciyə nail olunması isə təsadüfi sayılmır. Çünki Azərbaycan borcu məqsəd deyil, vasitə kimi görür və onu sərt maliyyə çərçivəsində saxlayır. Enerji gəlirləri, strateji valyuta ehtiyatları və Dövlət Neft Fondunun (DNF) mövcudluğu ölkəyə borc asılılığından kənarda qalmaq imkanı verir. Bu, xüsusilə qeyri-sabit qlobal maliyyə şəraitində ciddi üstünlükdür.

Ekspertlər tərəfindən “borc üzərində qurulan dünya nə qədər davamlıdır” sualına verilən cavab da böyük maraq doğurur. Belə ki, borc iqtisadi inkişafı sürətləndirir, amma onu əvəz edə bilmir. Real sektor, məhsuldarlıq və texnoloji yenilik olmadan borc sadəcə vaxtı uzadır. Azərbaycanda qlobal borc karuselində iştirakçıya çevrilməmək mesajına xüsusi önəm verilir. Əsas diqqət borc amilindən iqtisadi səmərəlilik mexanizmi kimi yararlanmağa yönəldilir.

Azərbaycan üçün əsas dərs isə borcdan imtina yox, borcun ağıllı idarə olunması, onun real iqtisadi dəyər yaradan sahələrə yönəldilməsi və maliyyə intizamının qorunmasıdır. Qlobal borc dalğası fonunda məhz bu yanaşma ölkənin maliyyə təhlükəsizliyinin əsas təminatıdır. Bir sözlə, dünya borc içində boğulduğu halda, Azərbaycanda maliyyə intizamı artıq, sadəcə, iqtisadi seçim deyil, eyni zamanda, strateji təhlükəsizlik məsələsidir.

Beləliklə, müasir iqtisadiyyat borcsuz mövcud ola bilmir. Borc istehsalın, istehlakın və investisiyanın mühərrikidir. Problem borcun davamlı olması ilə deyil, onun necə və nə üçün istifadə edilməsi ilə müəyyənləşir. Qlobal borc karuseli göstərir ki, dünya iqtisadiyyatı qarşılıqlı asılılıq üzərində qurulub. Hamı borcludur, çünki hamı bir-birinə bağlıdır.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Azərbaycan iqtisadiyyatının tam müstəqilliyi və maliyyə dayanıqlığı hazırkı mərhələdə ölkənin makroiqtisadi siyasətinin əsas sütunlarından biri kimi qiymətləndirilir. Rəsmi mövqeyə görə, respublikamız iqtisadi cəhətdən hər hansı xarici dəstəkdən, kreditdən və ya maliyyə asılılığından kənar fəaliyyət göstərir və mövcud vəziyyət qənaətbəxş hesab olunur.

Bir neçə il əvvəl hökumət qarşısında xarici borcun azaldılması ilə bağlı konkret vəzifə qoyulub və bu məqsəd artıq gerçəkləşdirilib. Xarici borclanma prosesi tamamilə dayandırılıb, beynəlxalq maliyyə təsisatları ilə səmərəli kredit münasibətləri gücləndirilib. Hazırda isə strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsi məqsədilə məhdud həcmdə yeni borclanmaya başlanılması qarşıya əsas vəzifə kimi qoyulub.

Borclanmanın əsas istiqamətlərinin nəqliyyat infrastrukturu, su və kanalizasiya sistemləri, həmçinin regional və beynəlxalq bağlantı layihələri olacağı nəzərdə tutulub. Ümumilikdə, 2-4 milyard ABŞ dolları həcmində borc götürülməsi planlaşdırılıb.

Hazırda Azərbaycanın xarici borcu ÜDM-in, təxminən, 6,3-6,4 faizi səviyyəsindədir. Eyni zamanda, ölkənin strateji valyuta və qızıl ehtiyatları xarici borcu 16–17 dəfə üstələyir ki, bu da istənilən vaxt borcun tam ödənilməsinə imkan verən güclü maliyyə buferi deməkdir. Qızıl ehtiyatlarının artırılması ilə bağlı qəbul edilən strateji qərar nəticəsində Dövlət Neft Fondunun 10 milyard ABŞ dollarından artıq əlavə gəlir əldə etməsi də vurğulanan fikrin bariz ifadəsidir.

Bununla belə, qızılın dünya bazar qiymətlərində mümkün dalğalanmaları ehtiyatların nominal dəyərinə təsir göstərə bilər və bu səbəbdən ehtiyatların həcmi gündəlik dəyişir. Hazırda Azərbaycanın ümumi ehtiyatları, təxminən, 83-85 milyard ABŞ dolları civarında qiymətləndirilir və bu, adambaşına düşən ehtiyatlara görə dünya üzrə ən yüksək göstəricilər sırasındadır.

Böyük investisiya layihələri və Qarabağın bərpasına yönəldilən genişmiqyaslı vəsaitlər fonunda əldə olunan göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlığını nümayiş etdirir. Aparıcı beynəlxalq reytinq agentlikləri olan “Moody’s” və “Fitch” ölkəmizin kredit reytinqini yeniləyərək investisiya səviyyəsini təsdiqləyir və proqnozu sabitdən müsbətə yüksəldir.

Rəsmi mövqeyə görə, mövcud kredit reytinqi Azərbaycanın real maliyyə potensialını tam əks etdirmir. Böyük ehtiyatlar, aşağı xarici borc səviyyəsi və özünü təmin edən iqtisadi model ölkəyə daha yüksək kredit reytinqi gerçəkləşdirmək imkanı verir. Bu məqsədlə müvafiq dövlət qurumları reytinq agentlikləri ilə əməkdaşlığı genişləndirir. Kredit reytinqinin yüksəldilməsi təkcə ölkənin nüfuz məsələsi deyil, həm də gələcək borclanma zamanı daha əlverişli maliyyə şərtləri əldə etmək baxımından strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, xarici borcun ÜDM-in 10 faizindən aşağı səviyyəyə endirilməsi hökumət qarşısında qoyulan əsas hədəflərdən biri idi və hazırda bu göstərici 6,3-6,4 faiz səviyyəsinə qədər azaldılıb ki, bu da maliyyə siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirilir.

Vaqif BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri