Icma.az
close
up
RU
Nəyin acısıdır bu, ay axmaq?

Nəyin acısıdır bu, ay axmaq?

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Fəridənin “Suya düşən xəyallar” köşəsini təqdim edir.

Şüşə göydələnlər şəhərin sinəsinə pərçimlənmiş şüşə qırıqlarına bənzəyir. Vahimələnirəm...

Qatar tərpənir. Başımı pəncərəyə söykəmək istəyirəm. Ya da, yanımdakı gonbul oğlanın çiyninə.

Hərdən adam başını heç tanımadığı birinin çiyninə söykəyib ağlamaq istəyir axı.

Qatarın taqqıltısı, şüşənin o tərəfindəki yağışın səsi, içəridə dayanmadan danışan bəstəboy qızlar...

Necə dedi? – “Çox dəyişmisən”!

İlahi, necə yanılır. Hələ də! Yalan dedi, bəlkə də. Məni incitmək üçün.

Nə yaxşı ki, onu sevmək bircə an belə keçməyib içimdən. Nə yaxşı ki, həyatımın heç yerində izi olmayıb.

“Aaa, mən alan şal deyil bu?”

Yox bir.

Tərs kimi, səhər gərək əlimə bu keçəydi elə?

Axı hardan biləydim ki, bu gün yoluma çıxacaq.

Gecə həvəslə düzəltdiyim saçlarım islanmasın deyə örtmüşdüm başımı.

Yaşıl, tiftikli şal. Lənətə gəlsin, kaş, deyərdim ki, sənin hədiyələrini gözünün qabağında alıb zibil qutusuna atmırdım həmişə?!

Kaş bu gün çıxmazdı qabağıma. Üst-başım su, başımda tiftikli şal. Qabaq dişim də sınıb. Yaxşı ki, ətir vurmuşdum. Bitir bu da. Bir qadınçün faciədir sevimli ətrinin bitməsi. Dünyanın axırıdır? Alaram. Tək dərdim ətir olsun.

Özü də, mən haçandan geyimi, görünüşü dərd etmişəm?! Amma, nə bilim, “çökmüsən...” deyəndə pis hiss etdim özümü.

Özündən xəbəri yoxdur elə bil! O nə qarın idi, o nə buxaq idi? İllər əvvəl hərəsindən bir qız asılan o gur tellər hanı?!

Yaxşı ki, susdum. Ona bir söz belə artıqdı. Səni sevməmişəmsə, günahım nədir? Kim kimi sevməyə məcburdu axı?

“Yadında, bir dəfə Ayşənin ad günündə mənə demişdin ki”...

Heç yadıma da düşmür. Ayşən kim idi ki? Beynimi zorlamalı oluram. Çox uzaqlarda bulanıq bir görüntü titrəyir yaddaşımda.

Nə qəribədir, eyni xatirələr birinin yaddaşında təptəzə durduğu halda, birinin yaddaşında köhnə, nimdaş bir əskiyə çevrilir...

Lənətə gəlmiş tiftikli şal! Evə çatan kimi bunu zibilqabıya atacam!

“Yəqin, yenə kimisə sevirsən, hahahhha, sən ömür boyu eşq əzabı çəkmisən, hahahha”.

Yaxşı ki, sadəcə, gülümsədim. Yaxşı ki, dillənmədim. Nəyin acısıdı bu, ay axmaq?

Gərək deyərdim ki, narahat olma, artıq bütün mənəvi ağrılarımı (eşq də daxil) evdarlaşdırmışam. Mənimlə lobya doğrayırlar, ev təmizləyirlər, paltar ütüləyirlər. Birlikdə yemək yeyir, hətta xəyallar da qururuq.

Heyif ki, daha insanlara yazığım gəlir, sözlə yaralamaq istəmirəm kimisə. Yoxsa...

“Evləndik Gülərlə. Dörd uşağım var. Amma hələ də sevə bilmirəm onu”.

Sevsəydi.... neçə uşağı olardı, kim bilir...

Ona yazığım gəlir yenə. Hiss edirəm ki, illər sonra ilk görüşü belə təsəvvür etməmişdi o da. Aydınca görünür ki, xəyalları suya düşüb mənim kimi.

Burnuma balıq qoxusu gəlir. Görəsən, niyə özünü pis hiss etməyin aurası balıq qoxusudur mənimçün?

Telefon titrəyir, gözlərimi açıram. Hansısa mesajıma ürək atmısan.

Bir anlıq bənövşəyi bir dumana bürünür hər yer. Buğlu pəncərədən bayıra baxıram. Evlər, ağaclar, buludlar, bir-bir ötüb-keçən hər şey tünd bənövşəyiyə bələnir...

Yadıma düşmədiyin anlarda da sevirəm səni görəsən?

Qızım necə deyirdi? – “O söz bu dünyada yaşamır”.

Hə. Sənə hisslərimi ifadə edəcək sözlər də bu dünyada yaşamır, yoxdur...

Küçələr, evlər, binalar, ünvanlar adını dəyişib, hər yerin bircə adı var daha – eşqini daşıdığım yerlər...

Sənin yanında xumarlanmaq, sənin nəvazişinə qərq olmaq elə gözəldir ki...

Amma həm də ilğım.

"Səni görmək istəyirəm" deyib hansısa ağrıdan qaçıb gəlirsən, əlinin sığalı, nəfəsinin istisi ilğım yaradır, xoşbəxt oluram, amma mənim o an hiss etdiklərimin sənin içindəkilərdən qopub saçılmış zərrələr olduğunu da bilirəm, sadəcə.

İşığı mənə çatana qədər o ulduz... sənin içində milyard il əvvəl ölmüş olur misalı...

Buludlar yuxu kimi dağılır, yağış dinir. Axşamın toranlığı bayırdakı bənövşəyi dünyanı dinc bir hüznə qərq edir. Beynimdə bir misra oyanır: “əsl hüzn göz yaşları dinəndən sonra başlayır”.

Eşqi, uzaqlığı, yoxluğu, səssizliyi, ürəyinin döyüntüsü, əllərinin sığalı, cəsarətsizliyi, qorxuları, keçə bilmədikləri - hər şeyi ilə aşiq olduğum adam...

Ruhunun, əllərinin, baxışlarının, nəfəsinin bənövşəyi dumanına bələndiyim adam...

Gecəni, soyuğu, uzağı, eşqi, sevdanı, gözləməməyi, istəməməyi sevdirən adam... kaş bayaq o yağışda sən çıxaydın yoluma.

Bəlkə, bağışlayardım hər şeyi, hamını. Hətta tiftikli yaşıl şalı da...

Küçədə soyunmaq sənətdirmi? Sevgilisinə “mişka” alan qaqaşlar – Fəridə yazır... Hamiləliyin elanı, uşağın cinsiyyətinin bilinmə partisi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Noyabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see387

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see270

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see269

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see259

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see258

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see252

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see242

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see239

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see232

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see231

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see230

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see224

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see216

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see214

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see213

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see212

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see193

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see191

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see185

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri