Nobel Sülh mükafatı Venesueladan olan siyasətçiyə verildi
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Osloda 2025-ci il üçün Nobel Sülh mükafatının laureatı elan olundu. Nobel Sülh mükafatı Venesueladan olan müxalifətçi siyasətçi Maria Korino Maçadoya (Mar?a Corina Machado) verildi. Norveç Nobel Komitəsinin qərarına əsasən, o bu mötəbər mükafata "Venesuela xalqının demokratik hüquqlarını qorumaq və diktaturadan demokratiyaya ədalətli, sülhpərvər keçidin təmin olunması uğrunda yorulmaz mübarizəyə görə" layiq görüldü.
Venesuela demokratiyasının simvolu
Maria Korino Maçado 1967-ci il oktyabrın 7-də Venesuelanın paytaxtı Karakasda orta təbəqədən olan ailədə dünyaya gəlib. Atası tanınmış sahibkar, anası isə psixoloq idi. Ailəsinin yaratdığı sabit və dəstəkləyici mühit Maria Korino Maçadonun gəncliyindən etibarən təhsil və ictimai məsələlərə olan marağını artırıb. O, Andres Bello Katolik Universitetində sənaye mühəndisliyi ixtisası üzrə ali təhsil alıb. Daha sonra maliyyə və idarəetmə sahəsində təhsilini genişləndirərək ABŞ-nin Yale Universitetində beynəlxalq liderlik proqramında iştirak edib. Bu təhsil onun geniş dünyagörüşü qazanmasına və qlobal siyasətdə fəaliyyət göstərmək qabiliyyətinin inkişafına şərait yaradıb.
Siyasi fəaliyyətin başlanğıcı və demokratik təşəbbüslər
Maria Korino Maçado 2002-ci ildə demokratik prinsiplərin qorunması məqsədilə "Sumate" adlı vətəndaş təşəbbüsü və seçki monitorinq təşkilatının həmtəsisçisi oldu. "Sumate" təşkilatı Venesuelada seçki saxtakarlıqlarına qarşı mübarizə aparır, şəffaf və ədalətli seçkilərin keçirilməsini təmin etmək üçün fəaliyyət göstərirdi. Bu təşəbbüs ona ilk dəfə beynəlxalq diqqət qazandırdı, lakin eyni zamanda hökumətin təzyiq və təqiblərinə də məruz qalmasına səbəb oldu. Buna baxmayaraq, Maria Korino Maçado mübarizəsindən geri çəkilmədi və daha da qətiyyətlə fəaliyyətini davam etdirdi.
2010-cu ildə Maçado Venesuela Milli Assambleyasına deputat seçildi və Miranda ştatını təmsil etdi. Parlamentdə o, açıq şəkildə prezident Huqo Çavezi, sonra isə onun varisi Nikolas Maduronu tənqid edərək, avtoritar idarəçilik və insan haqları pozuntularına qarşı çıxışlar etdi. Onun sərt mövqeyi hökumətin narazılığına səbəb oldu və siyasi təzyiqlərə məruz qaldı.
2012-ci il Prezident seçkiləri və "Vente Venezuela"
2012-ci ildə Maria Korino Maçado prezidentliyə namizədliyini irəli sürərək Venesuelanın siyasi sistemində ciddi dəyişikliklərə ehtiyac olduğunu nümayiş etdirdi. Bu seçkilərdə böyük dəstək qazanmasına baxmayaraq, avtoritar rejimin güclü təzyiqləri və seçki prosesində qeyri-şəffaflıqlar nəticəsində qalib gəlmədi. Eyni zamanda, o, "Vente Venezuela" adlı siyasi partiyanı təsis etdi. Bu partiya liberal iqtisadiyyat, azad bazar prinsipləri və şəffaf dövlət idarəçiliyi kimi dəyərləri müdafiə edir və ölkədə demokratik dəyişikliklərin aparıcı qüvvələrindən biri sayılır.
2014-cü il etirazları və repressiyalar
2014-cü ildə Venesuelada iqtisadi və sosial böhran daha da dərinləşdi və ölkədə genişmiqyaslı etirazlar baş qaldırdı. Maria Korino Maçado bu aksiyaların aparıcı liderlərindən biri kimi çıxış etdi. O, prezident Maduro hökumətinə qarşı geniş xalq narazılığını ifadə edirdi və bu, beynəlxalq aləmdə də böyük rezonans doğurdu. Hökumətin sərt reaksiyası nəticəsində Maçadonun siyasi fəaliyyəti məhdudlaşdırıldı, o, mandatından məhrum edildi və davamlı təzyiqlərlə üzləşdi. Bununla belə, Maçado mübarizəsini gizli şəkildə davam etdirdi, ölkədən çıxmamağa üstünlük verdi və müxalifət hərəkatının aktiv simalarından biri olaraq fəaliyyət göstərdi. Onun cəsarəti və prinsipial mövqeyi Venesueladakı avtoritar rejimə qarşı dirənişin simvoluna çevrildi.
Beynəlxalq tanınma və mükafatlar
2024-cü ildə Maria Korino Maçado Avropa Parlamenti tərəfindən təqdim olunan Andrey Saxarov adına "Fikrin azadlığı uğrunda" mükafatına layiq görüldü. Bu mükafat onun insan haqları, demokratiya və azadlıq uğrunda apardığı mübarizənin beynəlxalq səviyyədə tanınmasının əhəmiyyətli nümunəsidir. Eyni zamanda, İnsan Haqları üzrə Vatslav Havel Mükafatını da qazanan Maria Korino Maçado bu sahədə beynəlxalq dəstək və etimad qazandı.

Nəhayət, 2025-ci ilin Nobel Sülh mükafatı ilə təltif olunması onun fəaliyyətinin qlobal səviyyədə ən yüksək qiymətləndirilməsi oldu. Norveç Nobel Komitəsi açıqlamasında onun "Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi və diktaturadan demokratiyaya sülhpərvər keçid üçün apardığı yorulmaz mübarizəyə görə" mükafata layiq görüldüyünü vurğuladı.
Venesuela bu gün
Venesuela uzun illərdir iqtisadi böhran, siyasi qeyri-sabitlik və insan hüquqları pozuntuları ilə üz-üzədir. Neft gəlirlərindən böyük asılılıq, korrupsiya və idarəetmə çatışmazlıqları ölkəni iqtisadi və sosial baxımdan çətin vəziyyətə salıb. Maduro hökumətinin avtoritar idarəçiliyi və müxalifət üzərində təzyiqlər vəziyyəti daha da ağırlaşdırıb.
Bu mürəkkəb mühitdə Maria Korino Maçado müxalifətin əsas simalarından biri olaraq, həm ölkə daxilində, həm də beynəlxalq arenada Venesuelanın demokratik transformasiyası üçün fəaliyyət göstərir. Onun iqtisadi islahatlara çağırışı, şəffaflıq, azad seçkilər və insan hüquqlarının bərpası ilə bağlı təklifləri geniş dəstək tapır. Maria Korino Maçado müasir Venesuela siyasətində kompromislərə meyilli olmayan lider kimi tanınır. Onun fikrincə, demokratiya və azadlıq kimi fundamental dəyərlərdə güzəştə getmək olmaz.
Xarici siyasət və beynəlxalq münasibətlər
Maria Korino Maçado Venesuelanın beynəlxalq aləmdə demokratik dəyərlərə əsaslanan siyasət yürütməsini müdafiə edir. O, Latın Amerikası ölkələri ilə sıx əməkdaşlıq, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin bərpasını və gücləndirilməsini zəruri hesab edir. Maçado həmçinin, insan haqları pozuntuları ilə bağlı beynəlxalq təşkilatların Venesuela məsələsinə müdaxiləsinin vacibliyini vurğulayır.
Maçadonun gələcəyə baxışı
Maria Korino Maçado liberal iqtisadiyyat və azad bazar prinsiplərini dəstəkləyir. O, dövlət müdaxiləsinin minimuma endirilməsini, özəl sektorun inkişafını, korrupsiyaya qarşı sərt mübarizəni və iqtisadiyyatın neftdən asılılığının azaldılmasını əsas prioritetlər hesab edir. Siyasi səhnədə isə şəffaflıq, media azadlığı, ədalətli məhkəmə sistemi və azad seçkilərin keçirilməsi onun ən vacib çağırışlarıdır. Onun məşhur çağırışlarından biri - "Biz bu ölkəni geri alacağıq" - Venesuelada geniş yayılmış ümid və dəyişiklik istəklərini əks etdirir. Maria Korino Maçado hesab edir ki, ölkənin gələcəyi demokratiya, insan hüquqları və iqtisadi inkişaf üzərində qurulmalıdır.
Qətiyyət və liderlik
Maria Korino Maçado yalnız siyasətçi deyil, həm də prinsipiallıq, cəsarət və davamlılıq simvoludur. O, siyasi təzyiqlərə, hədələrə və təhlükələrə baxmayaraq, ölkədən çıxmamaqla, mübarizəsini gizli şəkildə də olsa davam etdirir. Maçado müntəzəm olaraq gizli görüşlər keçirir, müxalifət təşkilatları ilə əlaqələr saxlayır və beynəlxalq ictimaiyyəti Venesueladakı vəziyyət barədə məlumatlandırır. Maçadonun bu qətiyyətli mövqeyi Venesueladakı demokratik dəyişikliklər üçün əsas dayaqlardan biridir. Onun fəaliyyəti, fikirləri və idealları təkcə Venesuela üçün deyil, bütün dünyada demokratiya və insan hüquqları uğrunda mübarizə aparanlar üçün ilham mənbəyidir.
Qeyd edək ki, Norveç Nobel Komitəsi ötən il - 2024-cü il Nobel Sülh mükafatının Yaponiyanın Nihon Hidankyo təşkilatına verilməsi barədə qərar qəbul etmişdi. Xirosima və Naqasakiyə atom bombası atılmasından sağ çıxanların yaratdığı bu hərəkat Hibakuşa adı ilə də məşhurdur. Hərəkat Sülh üzrə Nobel mükafatına nüvə silahından azad, sülh içində bir dünyanın yaradılması sahəsində göstərdiyi, o cümlədən nüvə silahından bir daha heç vaxt istifadə edilməməsinin vacibliyini şahid ifadələri ilə nümayiş etdirdiyinə görə layiq görülmüşdü.
S.QARAYEVA


