Nüfuzlu beynəlxalq mükafatların daşıyıcısı
Icma.az, Ses qazeti-ə istinadən məlumat verir Nüfuzlu beynəlxalq mükafatların daşıyıcısı.
Heydər Əliyev Fondu "Təhsil və sosial müdafiə layihəsi"nə görə mükafata layiq görülüb
Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında özünü göstərir. Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, Onun yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Fondun genişmiqyaslı fəaliyyəti onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda belə əks-səda doğurmasına gətirib çıxarıb. Heydər Əliyev ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirilir. Azərbaycan cəmiyyətinin yaratdığı hüquqi normalardan yararlanan və bu prinsiplər əsasında dünyaya qapı açan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Fondunun prezidenti Mehriban xanım Əliyeva ictimai-siyasi, mədəni, sosial proseslərdə fədakarlıq nümunəsini göstərir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti, bu Fondun mədəniyyət və səhiyyə sahəsində həyata keçirdiyi irimiqyaslı layihələr, o cümlədən talassemiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı və talassemiyaya tutulmuş uşaqlar üçün ixtisaslaşdırılmış mərkəzin yaradılması və s. onun xryriyyəcilik əməllrinə söykənir. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq Azərbaycanın bir sıra rayon və kəndlərində yeni məktəb binalarının inşa, təmir və bərpa olunaraq istifadəyə verilməsi bu görülən işlərin davamı olaraq reallaşır. Belə ki, məktəblər müasir avadanlıqlarla təchiz edilərək, dünya standartlarına uyğun qurulur ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərməkdədir. Demək olar ki, Azərbaycanın hər bir məkanında təhsil sahəsində aparılan bu dəyişikliklər özünü büruzə verir. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnərək, dünya təhsil sisteminə inteqrasiya olunur. Bu uğurlu addım Fondun başlıca vəzifəsi olaraq davam etdirilir. Fond tərəfindən Gürcüstanda, Hollandiyada, Misirdə, Pakistanda, Rumıniyada, Rusiya Federasiyasında bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur.
Təhsil və sosial müdafiə sahəsində irimiqyaslı layihələri ilə tanınan Heydər Əliyev Fondu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Həmdan bin Rəşid Al Məktum Fondunun 4-cü birgə "Həmdan-ICESCO" mükafatının qalibləri sırasında yer alır. Mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə töhfələrə görə təqdim edilir. Bu il yeddi ölkədən doqquz təhsil təşəbbüsü birincilik uğrunda mübarizə aparıb. Heydər Əliyev Fondu təkcə İslam dövlətlərində deyil, müsəlman dünyasından kənarda da məktəblərin tikintisi və bərpasını həyata keçirən "Təhsil və sosial müdafiə layihəsi"nə görə mükafata layiq görülüb.
Cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondu "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramını, "Yeniləşən Azərbaycana yeni məktəb" və "Təhsilə dəstək" layihələrini uğurla həyata keçirir. 2005–2014-cü illər ərzində "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində respublika üzrə onlarla uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmişdir. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində məktəb binaları inşa olunmuş və yenidən qurulmuşdur. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə artan tələbatı nəzərə alaraq Fond 2014-cü ildə "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramını həyata keçirməyə başlayıb. Proqrama əsasən, müəssisələr təmir olunur, yeni binalar inşa edilir.
DÜNYA ÖLKƏLƏRİ İLƏ SALINAN KÖRPÜ
Məktəblilərin dünyagörüşünü genişləndirmək, onların təhsil və elmə marağını artırmaq məqsədilə Fond mütəmadi olaraq təhsildə xüsusilə fərqlənən, müxtəlif müsabiqələrdə qələbə qazanan məktəblilərin dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir, həmçinin digər ölkələrdən olan uşaqların Azərbaycana gəlməsinə və ölkəmizin tarixi, zəngin mədəniyyəti ilə tanış olmasına geniş imkan yaradır. Belə ki, Fondun təşəbbüsü və dəstəyi ilə azərbaycanlı məktəblilərin Almaniya, Belçika, Fransa, Gürcüstan, Niderland və Rumıniyaya, ABŞ, Gürcüstan, Rumıniya və Rusiya Federasiyasından olan məktəblilərin isə Azərbaycana səfərləri təşkil olunmuşdur.
Xarici ölkələrdə də sosial layihələr həyata keçirən Fond Haitidə, İranda, Türkiyədə, Pakistanda zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım etmişdir. 2011-ci ilin sentyabrında Fransa Prezidenti Nikola Sarkozinin dəstəyi və Fransa Terror Qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə Parisdə terrorizm qurbanlarına həsr olunmuş 7-ci Beynəlxalq Konqresin keçirilməsinə maliyyə yardımı edilmişdir. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yenidən qurulmuş "Dostluq parkı", Həştərxanda Rusiya-Azərbaycan Dostluq Körpüsü, Rusiyanın Volqoqrad şəhərində "Volqoqrad-Bakı Dostluq Parkı"stifadəyə verilmişdir.
Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və "Or-Avner" Fondu tərəfindən inşa edilmiş 450 yerlik təhsil mərkəzi "Xabad-Or-Avner" təhsil mərkəzi fəaliyyət göstərir. 450 yerlik mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır. Belə ki, mərkəz etno-mədəni komponentlidir. Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində və şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda Ulu Öndər Heydər Əliyevin abidəsi ucaldılıb və onun adını daşıyan park salınmış, Həştərxan vilayətində N.Nərimanov adına park abadlaşdırılmış, Həştərxan şəhərində 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulmuş, yeni korpusu inşa edilmiş, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilmiş, "Azərbaycan-Rusiya Dostluq Körpüsü" açılmış, "Meçta" uşaq əyləncə şəhərciyi salınmış, Müqəddəs Knyaz Vladimirin abidəsi ucaldılmış və ətrafında müasir park salınmışdır.
Heydər Əliyev Fondu əksər Afrika ölkələri üçün bir nömrəli problem olan – içməli su ilə təchiz məsələsinə öz töhfəsini verib. Belə ki, Fondun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində Ruandanın Şərq əyalətinin administrativ mərkəzi Rvamaqana şəhər məktəbi içməli su ilə təchiz edilib.
SAĞLAMLIĞIN QORUNMASINA DƏYƏRLİ TÖHFƏLƏR
Fondun səhiyyə ocaqlarının bərpa edilməsi və inşası ilə bağlı layihələri də öz nəticəsini vermiş bu gün tibbi müəssisələr dünya standartlarına uyğun inkişaf etmiş ölkələrdən gətirilmiş müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, Fondun həyata keçirdiyi sosialyönlü layihələr sırasında "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və s. layihələri xüsusi olaraq vurğulamaq lazımdır. Fondun humanitar yardımı çərçivəsində əldə etdiyi böyrək hemodializ aparatları ilə bir sıra tibb müəsisələri təmin edilmişdir. Heydər Əliyev Fondunun "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. Bu gün ölkəmizdə uşaqlar ən keyfiyyətli insulinlə təmin olunurlar. Fondun dəstəyi ilə ölkəmizdə uşaqlar üçün qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəz istifadəyə verilmişdir. Paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir.
Fond tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasında yaxından iştirak edir. Onu da bildirək ki, səhiyyə yönümlü layihələr sırasında Heydər Əliyev Fondunun fəaliyyətində uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin qarşısının alınması üçün preventiv tədbirlər, maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər də yer alır. Səhiyyə sahəsində görülən işlər, həyata keçirilən layihələr Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrdir. Bu qayğı humanizmin ən nümunəvi göstəricisidir.
"BİZ MÜSƏLMAN ÖLKƏSİYİK, LAKİN, EYNİ ZAMANDA, DÜNYƏVİ DÖVLƏTİK, BİZİM DÜNYƏVİ ƏSASLARIMIZ VAR"
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyəti ilə seçilir. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində Fondun həyata keçirdiyi layihələrə münasibət yüksəkdir. "Əlbəttə, biz müsəlman ölkəsiyik, lakin, eyni zamanda, dünyəvi dövlətik, bizim dünyəvi əsaslarımız var. Biz öz dinimizə, ənənələrimizə dərin hörmət və ehtiram bəsləyirik. Lakin bizdə dövlət və din bir-birindən ayrıdır və düşünürəm ki, bu məsələdə heç bir problem yoxdur. Mən buna tamamilə hazıram, bunu hər hansı çağırış hesab etmirəm",- deyə Mehriban xanım Əliyeva bildirib. Onun dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir. Azərbaycanın Birinci Xanımı sivilizasiyalararası dialoqa töhfə verməklə yanaşı, məktəblərin tikintisinə, dini məbədlərin bərpasına da köməklik göstərir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətli işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazılıb. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.
Fəaliyyəti dövründə həyata keçirdiyi bu və ya digər layihələr Fondun qeyri-hökumət təşkilatı olaraq təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun gələcək fəaliyyətinin əsasında qeyd etdiyimiz bu və digər məsələlərin daha da geniş bir planda həyata keçirilməsi dayanır.
Nəzakət ƏLƏDDİNQIZI