Icma.az
close
up
RU
Oğurluğa gəlmişəm, qorxmayın... Əli Çağlanın şeirləri

Oğurluğa gəlmişəm, qorxmayın... Əli Çağlanın şeirləri

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün təbrizli şair Əli Çağlanın doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun şeirlərini təqdim edir.

KATARİNA

Sən kimsən?
Hansı romanın ortasından yazarı görməsin deyə boylanıb qışqırırsan dərdini?
Hansı ozanın zilə köklənmiş qopuzunda çığırırsan yanan ürəyimin etiraflarını?
Hansı savaşda qana bürünmüş əsgər kimi bağırırsan Katarina?

Səsini unutmağa məhkum eləyirlər məni bu hay-küyün içində,
Gözlərimi qu quşlarına yem edəcəklər üzünü görsəm.
Bütün adları ifşa etdilər şeirlərimdə
Səni masamın üzərində görməyənlər.
Dayana bilmədim, oyana bilmədim
Və səni şərqin faytonundan endirib kürəyimə çatdım yuxularımda
Yuxularımda, üstümə xəyanət damğası yapışdırdılar
Məni intihara alqışlayanlar.

Hər gecə sənə şeir yazmaq istəsəm də,
Şahzadələrin yelləncəyinin ipi ilə edam olunacağımdan qorxdum
Qorxdum, sənin adının qızlığına ləkə dəyiləcəyindən qorxdum.
Dayana bilmədim, oyana bildim,
Qurşunları qucaqlayan əsgərlər kimi həzyan söylədim.
Dayana bilmədim, oyana bildim, yazdım...
Yazdım ki, qorxularım tökülsün Katarina.

Sabahdan qurd ürəyi yeyib çıxacağam eşiyə,
Sabahdan yumruğumu düyünləyərək gizlədəcəyəm cibimdə
Sabahdan sağ gözümü, sol gözümə tapşırmayacağam
Sabahdan, ah, sabahdan
Mənim sabahımı oğurlayanları unutmayacağam Katarina.

Səni itirdiyim daxmanın adını “Görünməməzlik” qoymuşam
Səni heç bir daxmada tapa bilməyən gözlərimi danlayıram səhər-axşam.
Beynimdən səsin keçir, çığırırsan.
Eh... Beynim...
Beynim olsaydı kafedəki dostlarımın güdazına getməzdim,
Beynim olsaydı, qələmimi sındıran vəfasızlara dost deməzdim.

Təkcə adını xatırlayıram,
Təkcə adının arxasında gizlənən qadını xatırlaya bilmirəm.

Səni ağ lövhələrin üstündə çəkib xatırlamaq istəsəm də
Çürüyür əlimə aldığın qələm!
Hansı qələm üzünü səhər günəşindən parlaq çəkməyə qadirdir?
Hansı boya ilə işıqlandıra bilərəm ürəyini?
Gözlərini necə çəkim ki, gözlərində boğulmayım Katarina?

Sən kimsən?
Səsini ən yaxından eşidir
Atamın sözünü eşitməyən qulaqlarım.
Yanımda dayansan da,
Gözlərimi aça bilmirəm, iki yüz ildir
Görmək istədiklərimə yumulan gözlərimi.

Atı yorulmuş tatarsan, yuxularımda çadır vurursan hər gecə,
Hər gecə qışqırıb məni qaytarırsan səssiz uçurumdan.
Son siqaretimi alışdırmağıma baxma
İndi boş siqaret paketlərinin üstündə yazıram adını.
Görən olmasın deyə başıma çəkirəm yorğanımı
Və səni görməyən gözlərimə zülm edirəm göz yaşlarımla...

Sən kimsən?
Hansı padşah səni qərbdən casus göndərib yuxularıma?
Haranın duzunu yarama basmaq istəyirsən?
Səni hansı pərdənin arxasında gizlədiblər?
Beş,
Dörd,
Üç,
İki,
Bir...
Açılır pərdələr
Səndən savayı bütün aktrisalar çıxırlar səhnəyə
Həyatımda vəfasızlıq rolunu oynayan aktrisalar...

Bu gün məni intihara alqışlayanlar
Sabah ölmədiyimi gördüklərində
Əlləri ip olacaq Katarina,
Əllərində boğulacağam alqışlayanların.

Sən qərbin təyyarəsinə minib qaçanda şərqdən,
Məni də apardın hər gecə.
Hər gecə pilotumuzu yuxu tutdu göylərdə,
Hər gecə təyyarəmiz “sənsizlik” adlı dağa çarpıldı
Və diksinib yuxudan oyandım
Yandım Katarina, sənin yoxluğunla yandım...

OĞRU

Keçmişimi soruşun,
Kimliyimi soruşmayın!..
Qılıncımı yalan səhifələrində itiltmişəm tarixin
Atalarınızın öyüd yazdığı səhifələrin ötəsində!
Üzümdəki qara maskanı görürsünüzmü?
Tarix kitabının ön sözündə analarınız toxuyub,
Analarınız tarixin hər səhifəsində layla oxuyub
Şirin yatmağınız üçün.

Adımı soruşmayın!
Adım Taun.
Adım tarixin 19-cu səhifəsindəki COVİD-19,
Adım dörd yüz min dəfə sayılan 1919.
Adım tarixin buduna damğalanan insanlıq,
Üstündən qan qoxusu gəlir cavan
Çəkil bir az o yanlıq!

Taq-taq... Salam...
Oğurluğa gəlmişəm, qorxmayın,
Oturun, lütfən, oturun, ayağıma qalxmayın,
Pullarınızı sayın
Məndən sonra.
Hər şeyinizi yoxlayın.
Sonra istərsəniz qəzetlərdə yayın
Oğru olduğumu!

Adım şərqdə raket,
Adım qərbdə sevgililərə göndərilən paket.
Adım su cinsindəki sərhəd məftilləri,
Adım o suyun içində bitən vətən gülləri.
Yazın, adımı qəzetlərə yazın...

Taq-taq... Salam...
Oğurluğa gəlmişəm, qorxmayın,
Qorxutmaq istəməzdim, üzrlü sayın.
Gəlmişəm, baxışlarınızı oğurlayam gözlərinizdən,
Dilinizi oğurlayam sözlərinizdən.
Beyninizi oğurlayam başınızdan,
Ömrünüzü oğurlayam yaşınızdan.
Gecənizi oğurlayam ulduzlarınızdan,
Gündüzünüzü günəşinizdən oğurlamağa gəlmişəm.

Keçmişimi soruşun,
Kimliyimi soruşmayın!..
Atamın adı Nadan Bəhlul,
Anamın adı maska toxuyan Qodiva.
Öz adım Koventri şəhərinin əyyaşları,
Öz adım Təbriz şəhərində dilənən qarı.
Adım, dünənin qəzetini bu gün satan ac uşaq,
Adım, dünən qəzetdə fotosu çıxan yanşaq.
Ax... Ax... Adım...
Adımı soruşmayın,
Adımın nə olduğuna qarışmayın!..

ƏHRAB GECƏLƏRİ

Sus...
Səssiz ol işgəncə olunduğumuzda öpüşdüyüm sevgilim,
Səssiz ol...
Yuxuya dalan ulduzlar,
Səsimizi eşitməsinlər bu gecə.
Başımızın üstündə parlayan ayın işığını görürsənmi?
Sevgimizə sevindiyindən o qədər içib ki,
Sönmək istəmir,
Dağların arxasına dönmək istəmir...

Sevgimiz,
Mətbəxinizin küçəyə açılan pəncərəsi ilə dayandığım məsafədir.
Nədən ağ lampa yandırırsan gecələr?
Ayın parlaq ürəyinə toxunma,
Lampalar hamısı izafədir.

İndi, küçənizdə tökülən yarpaqlara and içirəm,
İndi, qapınızın ağzından keçirəm...

Küçə dedim yadıma düşdü!
Küçənizin o başında bir şair sayaqlayıb
Mənsur qoymuşdular adını,
Fatehi olsun ölkələrin.
Onu bu gecələrin sükutu “Qətran” eylədi,
Öz dilinin də fatehi ola bilmədi.

- Kimsən?
- Mənəm, Qətran, dostunam.
- Səsini tanımıram. Yaxınlaşma!
Səsimdə titrəyən kəlmələrimi çiynimdən aşırıram,
Addımımı götürüb Qətrana yaxınlaşıram.
- Səsin özgədir. Yaxınlaşma. Səni şeir gülləsinə bağlayaram.
- Səsim... Səsimi buludların həncərəsinə tikdilər, yağışı yağdırsınlar.
- Adın? Adın nədir?
- Adımı Əli qoymuşdular gecənin ürəyi ilə ülfətim olsun,
Təkcə səninlə danışmağa cürətim oldu, Qətran.
Yaxınlaş Əli. Yaxınlaş, şeirilərimin barıtını Rəvvadilər oğurlayıblar.

Ey del to ra nəqoftəm kəz aşeqi həzər kon?
Boqzar nikuan ra, vəz mehreşan qozər kon.

Çon ruye xub didi, dide fəraz həm nə,
Çon tire eşq barəd, şərm o xerəd sepər kon.

Fərmane mən nəbordi, fərcame xod nəcosti,
Pendaşti ke quyəm, hər saəti bətər kon.

Hər qame aşeqi ra səd qune dərd o rənc əst,
Gər imenit bayəd əz aşeqi həzər kon.

Nakame mən berəfti, dər dame eşq mandi,
Çon əst ruzqarət, ma ra yeki xəbər kon?

Əknun be səbr kərdən nayəd morad hasel,
Zin çare baz mani, ru çareye degər kon.

Qətran, bir dil çıxardır sağ əli ilə sağ cibindən,
Cibimdən çıxardıram sol əlimi, üşümürəm.
Onun qanlı hədiyyəsini bir ömür cibimdə daşımalıyam,
Bu dilsiz küçələrdə, ömrüm varsa yaşamalıyam.

İndi küçənizdə tökülən yarpaqlara and içirəm,
İndi pəncərənizin altından keçirəm.
Acı bir qanlı dili cibimdə sıxıram,
Hələ də uzaqda sönən ulduzlara baxıram.

Sus...
Səssiz ol, ağ bədəni gömgöy göyərən sevgilim!
Səssiz ol...
Bir azdan sayrışsa ulduzlar,
Nərgizə deyəcək gizlin yaralarımın məlhəmini.
Qoy yaralarımı sağ cibimdə gizlin saxlayım,
Qoy sol cibimdəki dili zibil qutusuna tullayım!
Qoy bu gizlin gecələri,
Nərgiz də bilməsin,
Təbriz də bilməsin...

TİTR OLUNANLARI QUSMAQ

Əsli Həmədan azərbaycanlılarından olan, İran milli güləşçisi, olimpiya qəhrəmanı, ölümü şübhəli olan Qulamrza Təxtiyə.

Bütün şəhər sözüm ilə güləşir
Güləşirəm, yıxıram,
Hərdən də yıxılıram, qalxıram...
Ayağa qalxmağı sənin cəsarətindən öyrənmişəm Qulamrza.
Sən, tac sevənlərlə güləşdiyin üçün sevildin,
Mən sevilmədiyim üçün güləşirəm onların tacları ilə...
Qolumun gücsüzlüyünə baxma Qulamrza
Dilimin gücü ilə şahların yuxusuna haram qatmışam saraylarda.

Sənin cəsarətindən öyrənmişəm ayağa qalxmağı
Sənin gülüşündən öyrənmişəm Şəhlaların vəfasız olduqlarını,
Bu şəhərin bütün şəhla gözlüləri vəfasızdır Qulamrza!
Sevgi müharibədə qarşılaşan iki əsgərin arasında bitən bir çiçəkdir bu şəhərdə.
Qulamrza, bu şəhərin şəhla gözlü vəfasızları güləşə giriblər mənimlə
Dabanlarıma tikan əksələr də,
Günəşi gözlərimin içində doğdursalar da,
Palçıqdan düzəltdikləri yazılarını belimdə damğalasalar da şallaqları ilə
Dilimi qırx milyon yerə bölsələr də,
Səsimi kəsdirsələr də qatarların səsi ilə
Yıxılmayacağam Qulamrza... Yıxılmayacağam...

Bu şəhər çox unutqandır,
Bu şəhər duzu yeyib, duzqabını sındırandır.
Həmədan torpağından düzəltdiyimiz səngərin arxasındayam
Savaşıram bütün şəhər ilə
Bir mənəm, bir də heç zaman deyə bilmədiyim sözlərim...
Açılan güllələr deyil, sözlərimdir,
O uzaqda yanan alovu görürsənmi?
Tarixin odunu deyil Qulamrza, dilimin ucunu göynədən közlərimdir.
Bu səngərin arxasında şəhid olsam
İntihar sənədi düzəldəcəklər oğlumun adı ilə...

Babək, Babək, Babək, Babək...
Sən xəyanət toxumu ək.
Onsuz da vətən hər zaman,
Qəhrəmanlar becərdəcək...

Bu şəhərin qəhrəmanını Afşin satmadı Qulamrza,
Babəkin qollu əlində roman yazan qələmi imzaladı
Sənin öldürdüldüyündən sonra
Sənin intiharına ssenari yazdılar başı taclı Abbası Xilafətləri...

Tarix təkrar olur, Qulamrza!
Tarix təkrar olur, Qulamrza!
Tarix təkrar olur, Qulamrza!
Tarix təkrar olur, Qulamrza!
Tarix təkrar olur, Qulamrza!
Və mən tarixi təkrar edən tarixçilərin qələmləri ilə güləşirəm.

Dilimin ucuna dağ basırlar, susuram...
Dilimin ucuna dağ basır...
Dilimin ucuna dağ...
Dilimin ucu...
Dilimin ucu göynəyir Qulamrza, susuram.
Dərdimi unudum deyə içirəm hər gecə,
Hər gecə səni öldürənin adını kağızlara qusuram:
Padism...
Şahism...
Şahpadism...
Faşism,
Rafişm...
Faism...
Fasism...
Farsism...
Fasşosism...
Tacpadism...
İsm... İsm... İsm...
Bağışla Qulamrza,
Dilim damağıma dəyəndə yanıram
Bağışla,
Bağışlanmasam da Məni bu şəhərin heç zaman açılmayan kirpiklərinə bağışla!

Ah Qulamrza...
Burdakı qulaqların pərdə arxasında saxta tarix yazdılar
Şeirimi eşitməsinlər.
Burdakı gözlərin içində günəşi doğdurdular,
Qaranlıqda çapalamağımı görməsinlər...

Səngərin arxasındayam, susuram
İçimdə titr olunan sözlərimi qusuram Qulamrza!..

ESKİŞEHİR XATİRƏLƏRİ

İndi mən, göydə çətiri açılmayan paraşütçüyəm.
Göydən göy gözlərinə düşürəm indi mən
Gözlərinə tapşır məni, boğmasınlar
Üzmək bacarmıram.

Sənin gözlərin dəniz,
Mənim dərdlərim dəniz.
Sənin gözlərin pinar,
Mənim ürəyim yanar.

İndi mən sənin dəniz gözlərində bir kapitanam
Nəhənglər mühasirə ediblər ətrafımı.
Dəlinir, deşilir dərdlərimin içində olan gözlərin kimi,
Su ilə dolur gəmim
Mənə bir əl at bu gəmini limana çatdıraq
Ey tanrının dəllalı, ey mənim Nuh əmim!..

Mən səninlə iki bardaq Leyla şərabı içmək istəyirdim Cuba Barda
Barlar küçəsinə bomba qoyub partlatdı DEAŞ-lar.
Porsuk çayında foto çəkdirmək istəyirdim səninlə
Sel gəlib apardı Səməd adlı duyğularımı.
Ehey, Musa bəy!..
Çəliyini əmanət verərsənmi?
Selin ortasında foto çəkdirmək istəyirəm.
Çəliyim Sina dağında tanrının güdazına getdi Əli bəy, bağışla!..
Sazovada ulduzların uçuşunu seyr etmək istəyirdim səninlə
Göylərə divar çəkdilər siyasət adamları
Ulduzların saçı görünür, naməhrəmdirlər deyə.

İndi Eskişehirin tramvayları içimdən keçir
İçindən keçirəm tramvayların indi mən.
Mənim içimdən keçirsən tramvayda sən
Sənə aldığım kitabı oxuyarkən.

Mən boğulmadım dəniz gözlüm,
Məni terror edə bilmədilər, kommunist baxışlım,
Divarları üstümə örtə bilmədilər əfəndim,
Mən yenə də ölmədim,
Yenə də varam,
Sənin dəniz gözlərinə şeir yazıram Təbrizdən.

Sənin gözlərin dəniz,
Mənim dərdlərim dəniz.
Sənin gözlərin pinar,
Mənim ürəyim yanar...

II Beynəlxalq Turan Film Festivalı keçirildi Məşhur sənədli film fotoqrafı vəfat etdi Qanadı qırılmış şam ağacları - Şahnaz Şahin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see276

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see229

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see200

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see192

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see154

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see135

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see115

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see114

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri