Ölkənin su təsərrüfatı sisteminin modernləşdirilməsi istiqamətində mühüm addım
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Günümüzdə həm yerli, həm də qlobal səviyyədə iqlim dəyişikliklərinin təsirlərinin artdığı, su ehtiyatlarının azaldığı, eləcə də bu proseslərlə paralel fonda əhali artımının baş verdiyi bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkənin su təsərrüfatının mövcud durumu, qarşıdakı planlara həsr olunmuş müşavirənin keçirilməsi olduqca vacib və aktual idi. Müşavirədə cənab prezident ümumilikdə ölkənin su təsərrüfatında mövcud olan vəziyyət, görülməsi lazım olan işlərə diqqət çəkməklə yanaşı, əsas diqqəti Bakı şəhəri və Abşeron yarımadasında uzun illərdir mövcud olan su təchizatı, kanalizasiya və yağış suları ilə bağlı problemlərə yönəltdi. Həqiqətən də paytaxtın kanalizasiya və yağış suları ilə bağlı mövcud olan problemi hər birimizi ciddi şəkildə narahat edir. Yağışlı hava zamanı həmin problemlər özünü açıq şəkildə büruzə verir. Dövlət başçısı haqlı olaraq ifadə etdi ki, sözügedən problemə kompleks və sistemli yanaşma ortaya qoyulmalıdır.
Müşavirədə bu sahədə mövcud vəziyyətin dərindən təhlil olunması, problemlərin açıq şəkildə ortaya qoyulması və uzunmüddətli həll yollarının müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, su təsərrüfatı təkcə kommunal məsələ deyil, həm də sosial rifah, əhalinin sağlamlığı, ekoloji təhlükəsizlik və dayanıqlı inkişafla birbaşa bağlı strateji sahədir. Bu baxımdan, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması və icrası ölkənin gələcək inkişafı üçün mühüm zəmin yaradır.
Yeni Dövlət Proqramının hədəfi məhz bu məsələlərin kompleks həllinə xidmət edəcək. Əhalinin ardıcıl və fasiləsiz içməli su təminatının reallaşdırılması, suların idarə olunması sistemlərinin yenidən qurulması, tullantı və yağış suları şəbəkələrinin müasirləşdirilməsi və ətraf mühitin qorunması kimi məsələlər də Dövlət Proqramında əksini tapacaq. Proqram ölkənin su təsərrüfatı sistemini modernləşdirmək üçün bir sıra mühüm tədbirləri nəzərdə tutur ki, bura çoxsaylı yeni rezervuarların inşa edilməsi, təxminən 30 yeni su anbarının tikilməsi daxildir. Hesb edirəm ki, bu da su çatışmamazlığı yaşanan bir dövrdə su ehtiyatlarının daha effektiv yığılmasını təmin edəcək.
Bundan başqa ölkə üzrə içməli su təchizatı və kanalizasiya şəbəkələri yenilənəcək, daha dəqiq desək, Bakı, Sumqayıt, Abşeron və ətraf 64 yaşayış məntəqəsində su təchizatı şəbəkələri ciddi şəkildə modernləşdiriləcək. Nəticə etibarilə, 95 faizə qədər fasiləsiz su təminatı hədəflənir.
İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfatının yenidən qurulması, bu istiqamətdə görüləcək işlər də müşavirədə əsas diqqət mərkəzində olan məsələ idi. Düzdür, ötən 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda qeyd edilən istiqamətlərdə bir çox işlər görülüb, “Böyük Qayıdış” proqram çərçivəsində öz ata-baba yurdlarına qayıdan vətəndaşlarımızın su ilə təminatının təşkil eedilməsi məqsədilə infrastruktur layihələri həyata keçirilib. Ancaq qayıdış prosesinin sürətli xarakter alması və azad olunmuş ərazilərə köç edən vətəndaşlarımızın sayının çoxalması əlavə tədbirlərin görülməsini zərurətə çevirir. Bu mənada Cənab Prezident qeyd edilən istiqamətə diqqət çəkərək bildirdi ki, “Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq”.
Bir sözlə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən su təsərrüfatı ilə bağlı müşavirə yalnız cari problemlərin müzakirəsi deyil, həm də gələcək nəsillər üçün etibarlı, davamlı və müasir su idarəetmə sisteminin formalaşdırılmasına yönəlmiş strateji addım idi. Bu baxımdan, müşavirə həm bu günümüz, həm də gələcək perspektiv üçün olduqca vacib və aktualdır.
Yeri gəlmişkən Milli Məclisin plenar iclasında 2026-cı ilin Dövlət büdcəsinin müzakirəsi zamanı qaldırdığım məsələlərdən biri Bakı bulvarı ərazində kanalizasiya təsərrüfatının yenilənməsi, təmizlik qurğularının inşası ilə bağlı idi. Bəzi ərazilərdə müşaiyət olunan ifrat qoxular, vətəndaşlarımızın və şəhərə gələn qonaqların hiddətinə səbəb olur. Dünyada analoqu olmayan, hər bakılının fəxr etdiyi Bulvarın gözəlliyinə xələl gətirir. Daha əvvəl, “Yağış sularının idarə olunması haqqında” qanunun qəbul olunması təklifini irəli sürmüşdüm. Hesab edirəm ki, Bakı şəhərinin parklarının, yaşıllıq zonalarının suvarılması və digər məqsədlər üçün yağış sularının əhəmiyyəti olduqca böyükdür. Sinqapurda belə bir təcrübədən effektiv şəkildə istifadə olunur.
Bütün bunlarla yanaşı, bir məsələni xüsusi vurğulamaq istərdim. Dünyada gedən iqlim dəyişikləri, quraqlıq, meşələrin kəskin şəkildə azalması, içməli su ehtiyatlarının ildən ilə azalması ilə nəticələnir. Təsadüfi deyil ki, bir çox ekspertlər tərəfindən, gələcək müharibələrin, məhz su ehtiyatları uğrunda baş verəcəyi proqnozlaşdırılır. Cənubi Qafqazın üç Respublikası arasında isə, adambaşına düşən su ehtiyatlarına görə, ölkəmiz axırıncıdır. Deməli, hər birimiz su ehtiyatlarından səmərəli, qənaətlə istifadə etməyi, təsərrüfatlarda innovativ metodları tətbiq etməyi öyrənməliyik.
Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:Ölkənin enerji tarixində mühüm addım
30 İyun 2025 15:22
Diabetin müalicəsi istiqamətində mühüm addım
11 Yanvar 2025 22:25
Türk dünyasının inteqrasiyası istiqamətində mühüm addım
24 Noyabr 2025 14:36
Bakıda mühüm tədbir: 51 ölkənin nümayəndəsi iştirak edir
05 Dekabr 2024 09:25
Bu ölkənin paytaxtı su altında qaldı
07 Aprel 2025 12:24
Baxış sayı:77
Bu xəbər 13 Yanvar 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















