“Onlar şəhid oldular, mən isə şahid”
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Müsahibimiz 20 Yanvar qurbanları barədə ilk toplunun müəllifi Qulu Kəngərlidir
Xalqımız 20 Yanvar hadisələri zamanı imperiya buxovlarından azad olmaq, həsrətində olduğu milli istiqlalına, həqiqi azadlığına qovuşmaq üçün əsl şücaət və qəhrəmanlıq nümayiş etdirib. Bu barədə çox sayda bədii və sənədli əsərlər, parlaq publisistika nümunələri yazılıb, araşdırmalar, təhlillər aparılıb. Heç bir şübhə yoxdur ki, bundan sonra da bu mövzuda xalqımızın qan yaddaşını təzələyəcək, mədəniyyətimizin və mənəviyyatımızın qürur və şərəf səhifələrinə çevriləcək yeni əsərlər yazılacaq, teatr və televiziya tamaşaları oynanılacaq, filmlər çəkiləcək.
Bu gün ədalət naminə demək lazımdır ki, 20 Yanvar hadisələrinə həsr olunan əsərlərin içərisində tanınmış jurnalist Qulu Kəngərlinin hadisələrin isti izi və ürəkağrısı ilə qələmə aldığı kitabları öz sanbalı, məzmunu və mötəbərliyinə görə xüsusilə seçilir. Hazırda Daşkənddə “Xalq qəzeti”nin Türküstan üzrə xüsusi müxbiri vəzifəsində çalışan hörmətli həmkarımız ilə söhbətimizdə 36 il bundan əvvəlki hadisələri bir daha yada salmışıq. Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.
Beləliklə, müsahibimiz 20 Yanvar faciəsi ilə bağlı 2 “Şəhidlər” bukletinin, Azərbaycan və rus dillərində çap olunan “Qara Yanvar şəhidləri” kitabının, “Erməni lobbisi... Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitablarının, “Bakıda insan ovu” sənədli filminin müəllifi, yazıçı-publisist Qulu Kəngərlidir.
– Qulu müəllim, sizin kitablarınızda o müdhiş gecədə xalqımızın başına gətirilən ağır faciədən bəhs olunur, necə oldu ki, siz bu hadisələrin istirakçısı oldunuz?
– Mən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun “Xəbərlər Baş Redaksiyası”nda redaktor idim. 1990-cı il yanvarın 19-da təxminən saat 17:00 radələrində bir neçə iş yoldaşımla birlikdə işdən çıxıb Mehdi Hüseyn küçəsi ilə üzüaşağı Prezident Aparatının binasına doğru getməyə başladıq. Yadımdadır, hava bərk soyuq idi, üşüyürdük. Amma ölkədə o dövrdə cərəyan edən olduqca gərgin ictimai-siyasi hadisələrdən dolayı havadakı sazağın fərqinə varmırdıq.
Prezident Aparatının binası qarşısına çatanda nə görsəm yaxşıdır, burada izdiham vardı, o qədər insan vardı ki, iynə atsan yerə düşməzdi, irəli keçmək isə mümkün deyildi. Bir neçə gün idi ki, meydanda kəskin etiraz mitinqləri gedirdi. Camaat arasında belə bir xəbər də dolaşırdı ki, Kreml şəhərə qoşun yeritməyə hazırlaşır. Görünür, elə buna görə də tribunadan çıxış edən natiqlər şəhərdə sovet ordusunun mümkün hücumunun qarşısıını almaq məqsədilə qurulan barrikadaları gücləndirməyə çağırırdılar.
Həmin gün tribunadan bir-birinin ardınca alovlu çıxışlar səslənirdi. Ara-sıra səsgücləndirici vasitəsilə şəhərdəki barrikadalarda gecə növbəsi çəkmək üçün əlavə adamlara ehtiyac olduğu elan olunurdu və könüllü surətdə ora getmək istəyənlər üçün avtobusların ayrıldığı diqqətə çatdırılırdı.
Qeyd etmək lazımdır ki, barrikadalarda növbə çəkmək istəyənlər kifayət qədər çox idi. Hər dəfə bu barədə elan səslənəndə adamların avtobuslara doluşması ilə yola düşmələri cəmi 5-10 dəqiqə çəkirdi. Yadımdadır, “Qurd qapısı”, “Əzizbəyov” (hazırkı “Koroğlu”) metro stansiyası yaxınlığında qurulan barrikadalara bir neçə avtobus adam göndərildi. Bu arada “Salyan kazarması” tərəfdə qurulan barrikadaya getmək istəyənlər üçün avtobus ayrıldığı da elan olundu.
Mən o illərdə şəhərin həmin ərazisində yaşayırdım. Çiynimdə reportyor (səs yazan aparat) vardı. Aparat xeyli ağır olduğu üçün çiynimi aşağı basırdı. Xeyli yorğun idim və acmışdım. Düşündüm ki, o istiqamətə gedən avtobusla əvvəlcə barrikadaya gedərəm və oradan şam etmək üçün evə də baş çəkər, reportyoru evdə qoyub geri gələrəm. Beləcə, evə gəldim və tələm-tələsik yüngül şam edib yenidən “Salyan kazarması”na getmək istəyəndə düşündüm ki, reportyor birdən mənə lazım ola bilər. Əynimə isti paltar geyinib, reportyoru da götürüb yenidən “Salyan kazarması”nın qarşısına getdim.
Xatırlatmaq istəyirəm ki, şəhərdə sovet qoşunlarının hərəkət edəcəyi ehtimal olunan bir çox istiqamətdə qurulan barrikadalarda olduğu kimi, burada da sovet hərbi texnikasının hücumunun qarşısını kəsmək üçün iri avtobuslar, yük maşınları, hətta qaldırıcı kranlar var idi. Barrikadanın ətrafında xeyli insan toplaşmışdı. Aralarında, hətta kiçik yaşlı uşaqları ilə bura gələn gənc analar da vardı. Yaşlı adamlar, ahıl və qocalar da az deyildi. Təbii ki, gənclər daha çox gözə dəyirdilər.
Barrikada ətrafına toplaşanların çoxu əsəbi idi. Hamı bir ağızdan ermənipərəst Mixail Qorbaçovun Qarabağla bağlı ədalətsiz mövqeyini kəskin pisləyirdi. Mən bir sıra çıxışları reportyor vasitəsilə yazırdım. Səhəri gün bu lentlərdən verilişimdə istifadə edəcəyimi düşünürdüm.
– Həmin gecə insanların güllələnməsi nə vaxt başladı?
– Gecə saat 12:00-yə kimi sakitlik idi. Amma düz saat 12:00-dən sonra sovet qoşunlarının Biləcəri tərəfdən şəhərə daxil olduğu barədə xəbərlər yayıldı. Heç 10-15 dəqiqə keçməmiş ətrafımızda avtomat və pulemyotlardan güllələr yağış kimi yağmağa başladı. Əvvəlcə düşündük ki, bunlar “traser”, yəni işıqsaçan, qurğuşunu olmayan güllələrdir. Sonra gördük ki, tanklar yolun üzərindəki sədləri – ağır yük maşınları və avtobusları asanlıqla yarıb keçirlər.
Bu məqamda sağımda, solumda olan insanlardan bir neçəsi güllə zərbələrindən yerə yıxıldı. Ağır yaralananlar da vardı. Onlar ağrıdan zarıyırdılar. Bu dəhşət və vəhşəti görmək son dərəcə ağır idi. Çoxumuz sovet ordusunun əliyalın, günahsız insanlara odlu atəş açacağına inanmırdıq. Amma fakt faktlığında qalır. Üzərimizə yeriyən tanklardan açılan güllələr ətrafa ölüm saçırdı. Demək olar ki, hamımız özümüzü itirmişdik, nə edəcəyimizi bilmirdik..
Bir anlığa düşündüm ki, bəlkə mən də yaralanmışam, isti-isti olduğundan hələ hiss etmirəm. Kurtkamın yaxasını açıb bədənimin yaralanıb-yaralanmadığını yoxladım. Gördüm ki, xeyr, yaralanmamışam. Həmin an yaşlılardan kimsə dedi ki, yaralıları təcili olaraq xəstəxanaya aparmaq lazımdır. Dərhal yaralıları maşınlara daşımağa başladıq. Nisbətən yaxınlıqda yerləşən “Semaşko” xəstəxanasına 4 dəfə yaralı apardıq.
...Sonuncu dəfə maşında 4 nəfərlə 4 yaralı aparırdıq xəstəxanaya. Bir gənc çox sayda güllə yarası almışdı, ağrıdan bərk zarıyır, elə hey anasını çağırırdı. Ürəkdağlayan bir səhnə idi. Mən onun başını sağ qolumun üstünə aldım, bircə bunu dedi: “Anama deyərsən ki, mən Fəridəni istəyirəm (ad şərtidir) və başı sağa doğru düşdü. Yaralıları xəstəxanaya çatdıranda məlum oldu ki, o artıq keçinib.
– Siz sonrakı günlərdə həmin gəncin anasını gördünüzmü?
– Mən, əlbəttə, onun anası ilə də görüşdüm. Amma anaya oğlunun son arzusunu heç cür söyləyə bilmədim. Düşündüm ki, anaya əlavə dərd verə bilərəm. Haqq dünyasında o Anadan üzr istəyəcəyim gün isə qarşıdadır. Bu gün həmin səhnə gözlərim önündə canlananda ürəyim bərk ağrıyır.
Bir an audio bağlantı zamanı pauza yaranır. Hiss olunur ki, həmkarım kövrəlib... Sonra sözünə davam edir:
– O gecə xəstəxanada gördüyüm başqa bir mənzərə də məni heyrətə gətirmişdi. Təsəvvür edirsinizmi, ruslar şəhərdəki elektrik enerjisini büsbütün hər yerdən kəsdikləri üçün həkimlər ağır yaralıları kağız və qəzet parçalarını yandıraraq cərrahiyyə əməliyyatları həyata keçirirdilər.
Təkcə “Semaşko”nun deyil, şəhərdəki digər xəstəxanaların həkimləri, təcili tibbi yardım maşınlarının sürücüləri hər an onları izləyən ölümdən belə qorxmur, öz peşə və vətəndaşlıq borclarını şərəflə icra edirdilər. Bu, yenilməz bir xalqın kütləvi qürur və şərəf, əsl qəhrəmanlıq nümayişi idi.
O anları yada salanda qəlbimdən bir nida qopur: Azərbaycan xalqına eşq olsun!
Sonuncu dəfə 123 nomrəli avtobusla xəstəxanadan yenidən “Salyan kazarması” istiqamətində qayıdanda camaat arasında “Papanin” deyilən ərazidəki tramvay xəttinin yaxınlığında sovet tankları və zirehli texnikanın yanında duran əsgərlər bizi saxladılar, avtomatlarını hazır vəziyyətə gətirib avtobusdan düşməyi əmr etdilər. Dedik ki, gedirik yaralıları xəstəxanaya gətirək, “orada adam tapılar yaralıları maşına qoymağa” deyə bağırdılar və yenidən maşından düşməyi əmr etdilər.
Onlar adi əsgər deyildi, demək olar ki, hamısının 35-45 arası yaşları vardı. Uzun saç-saqqallı adamlar idi, belə də hərbçimi olar, baxış və ədalarından qaniçən cinayətkarlara oxşayırdılar?!
Biz avtobusdan düşdük, 123 nomrəli avtobusun sürücüsü təxminən 23-24 yaşlarında cavan oğlan hərbçilərin əmrinə əməl etməyib irəli qaçdı. Dərhal aramsız avtomat səsləri eşidildi (Mən “Qara Yanvar şəhidləri” kitabını hazırlayanda biləcəkdim ki, o oğlan, Rüstəm Əliyev Vətənin azadlığı yolunda şəhid olub!).
Mən məcbur olub evə qayıtdım. Subay idim, evdə tək yaşayırdım. Radionu açanda eşitdim ki, marşal Yazovun başçılığı ilə sovet ordusu Bakıya yeridilib və şəhərdə komendant saatı elan edilib. “Azadlıq” radiosunda Mirzə Xəzər Bakıdan birbaşa reportajlar verirdi. Bir çox dəyərli ziyalılarmız, eləcə tanınmış jurnalist, dostum Ramiz Əskər də sovet ordusunun ağlasığmaz qanunsuzluqlarından danışdılar.
Gecəni dirigözlü açdım. Səhər tezdən isə helikopterlərlə şəhər üzərinə Bakıda fövqəladə vəziyyət elan olunması ilə bağlı Mixail Qorbaçovun fərmanı olan blanklar tökürdülər. Təsəvvür edirsinizmi, Bakıda qoca, qadın, uşağa baxmadan 130-dan artıq adamı güllələyəndən sonra Azərbaycanda fövqəladə vəziyyət elan olunması ilə bağlı Qorbaçovun sərəncamı yayılırdı. Sübhə kimi evimizin ətrafındakı küçələrdən güllə səsləri gəlirdi. Səhəri gün tələbə yoldaşım jurnalist Elşad Qoca bizə gəldi. Həyəcanla bir-birimizə aman vermədən dünən gecə eşidib gördüklərimiz barədə danışdıq. Elşad təklif etdi ki, gəl, birlikdə şəhərə çıxaq, nə olursa-olsun!
Küçəyə çıxdıq və piyada addımlamağa başladıq. “Salyan kazarması”nın qarşısında güllələnən çoxlu mülki adam vardı, qocalar, cavan oğlanlar...
Oradan “Beşmərtəbə” tərəfə, sonra da Prezident Aparatı istiqamətində bir neçə kilometr yolu piyada getdik. Küçələr tanklar və zirehli texnikalarla dolu idi. Ətrafda əzilmiş vəziyyətdə avtobus və yük maşınları vardı. Yolda bizi bir neçə dəfə saxladılar, hər dəfə jurnalist vəsiqələrimizi göstərməli olduq. Yaxşı ki, həbs etməyib buraxdılar.
– O gecə öz mənzilində və ya həyətində, mənzilində güllələnən şəhidlər də olub...
– Bəli, həmin gecə yəhudi qızı Vera Bessantina evlərində divanda oturduğu yerdə güllələnmişdi, yanvarın 20-də saat təxminən gündüz 14-də güllə evində çörək yeyərkən Şəmsəddin Orucovu “tapmışdı”. Güllə əvvəl xanımının əlinə dəyib və sonra Şəməddinin ürəyinə taxılıb. 77 yaşlı Sürəyya Babayeva isə Biləcəridəki evində xörək bişirərkən gülləyə tuş gəlmişdi, Fəridə Abbasova həmin gecə həyətində paltar sərərkən güllələnmişdi. İlqar İsmayılov və Larisa Məmmədova güllələnəndə 13 yaşları vardı, İlqar barrikadada keşik çəkənlərə ocaqda qalamaq üçün odun apararkən, Larisa isə atasının yanında, avtobusda güllələnmişdi.
26 yaşlı Yusif Sadıqovun bədənindən ayrılmış sağ qolu “Semaşko” xəstəxanasının “morq”undan (ölüxanadan tapılıb, bədəni isə ilim-ilim itib, gördüm deyən olmayıb. Milliyyətcə rus olan, dünya işığına həsrət Boris Yefimiçev küçədə təhlükə hiss etdikdə ruslara belə demişdir: “Rebyata, ya slepoy, menya ne troqayte!” (Tərcüməsi belədir: “Uşaqlar, mən koram, mənə dəyməyin!). Kim idi ona baxan, süngü və avtomat güllələri ilə qətlə yetirilmişdi.
Yanvarın 24-də professorlar Svetlana Məmmədova, İsmayıl Mursaqulov İbrahim İbrahimovun fərdi avtomobildə Bakıdan Sumqayıta işə gedərkən yolda tank dəstəsinə rast gəlib maşını saxlayıblar. Tanklardan biri yolun kənarında saxlanan maşını əzib keçmişdi.
Doğma və əzizləri şəhid Müzəffər Həsənovu iki dəfə dəfn etmişdilər. Birinci dəfə övladları tanınmaz hala salınan cəsədin şalvarının rəngindən ataları bilib dəfn ediblər. Müzəffər Həsənov isə “Semaşko” xəstəxanasında ağır vəziyyətdə müalicə alırmış. Özünə gələndə həkimlərə deyib ki, mən bu ünvanda yaşayıram, ailəmə xəbər verin. Övladları gəlib görüblər ki, ataları buradadır, bir həftədən sonra Müzəffər Həsənov ağır yaralardan keçinib. Övladları bu ağrı-acını iki dəfə çəkiblər, nəhayət, öz həqiqi atalarını dəfn edirlər.
– O gecə qadağan olunan 5.45 kalibrli zəhərli, necə deyərlər, “mayallaq aşan” güllələrdən də istifadə olunub...
– Bəli, o biri güllələrdən fərqli olaraq zəhərli güllələr insana dəyən kimi zəhər insanın bədəninə yayılır, şoka salır və məhv edir. Digər yandan da 5.45 kalibrli güllə ayağa dəyib başdan çıxa bilər, ələ dəyib ayaqdan çıxa bilər, yəni o güllələr insan bədənində “mayallaq aşır” və insan orqanizmini tam məhv edir. Həmin güllə dəyən adamın yaşamaq şansı sıfıra bərabərdir. Sovet hərbçiləri belə güllələrdən qəddarcasına istifadə ediblər.
– Siz rəhmətlik Məmməd Nazimoğlu ilə birlikdə şəhidlər haqqında ilk bukletin də müəllifisiniz. O ağır günlərdə bu arzunu necə reallaşdıra bildiniz? Axı, mətbəələr işləmirdi, ciddi senzura vardı...
– 20 Yanvar hadisələrindən sonra bərk sarsıntı keçirmişdim. Gecələri yata bilmir, yuxudan qışqırıb ayılırdım. Bir müddət müalicə də aldım. Özümə gələndən sonra fikirləşdim ki, əgər atılan güllələr mənə dəyməyibsə, mütləq nəsə etməliyəm. Tələbə dostum, rəhmətlik istedadlı publisist Məmməd Nazimoğlu ilə şəhidlərin evlərinə getməyə başladıq. Bu daha ağır və əzablı iş idi. Elə qapı olub ki, 3 dəfə getmişəm, daxil ola bilməmişəm. Qapıdır, gedirsən, döyəcəksən, açacaqlar...
Ancaq mən döyə bilməmişəm o qapını... Çünki o qapılardan məni qova da bilərdilər, “bizim günümüzə bax, sənin gününə bax” deyə bilərdilər, axı ailələr çox ağır vəziyyətdə idilər.
Bir gənc şəhidin yaşadığı mənzilin qapısının zəngini yalnız 4-cü cəhddən sonra çala bilmişdim. Şəhidlərin qırxına bir-iki gün qalmış birinci “Şəhidlər” bukletini buraxdıq. Orada 50-yə yaxın 20 Yanvar şəhidindən bəhs olunur. Bir müddət sonra digər 20 Yanvar şəhidləri barədə ikinci buklet “Azərbaycan” nəşriyyatında işıq üzü gördü. Hər iki buklet yüz min tirajla nəşr olunmuşdu. O dönəmdə bukletlərin hər biri əl-əl gəzirdi.
Sonra 20 Yanvar şəhidləri barədə böyük kitab hazırlamağa başladım. Yenidən şəhidlərin bir-bir yaşadıqları mənzillərə, evlərə getdim. Hamı başıma toplaşır, ağlaşırdılar. Hər gün işdən sonra axşamlar şəhid ailələri ilə görüşür, evə qayıdandan sonra materialları hazırlayırdım.
– O dövrdə Gəncə, Sədərək, Lənkəran və Neftçalada da şəhidlər olmuşdu və bildiyimə görə, kitabda da bu haqda məlumatlar var...
– Əslində, Qara Yanvar Gəncədən başlamışdı, orada 9 şəhidimiz var, mən o zaman Gəncəyə gedib şəhidlərin ailələri ilə görüşmüşdüm.
Yanvarın 18-də Naxçıvana, Sədərəyə ermənilərin hücumu olmuşdu, burada 10 şəhid vardı, onların ikisi kiçik yaşlı qardaşlar idilər – Elvin və Malik Nəsirovlar. Yanvarın 26-da Lənkəran altı, Neftçala iki şəhid vermişdi.
Beləcə, bir neçə ay ərzində “Qara Yanvar şəhidləri” kitabı ərsəyə gəldi. Kitab “Gənclik” nəşriyyatında Azərbaycan və rus dillərində böyük tirajla çap olundu.
“Erməni lobbisi... Azərbaycan faciəsi” adlı kitab 1992-ci ildə “Yazıçı” nəşriyyatında çap olundu. Bu nəşrin redaktoru rəhmətlik tələbə yoldaşım Nəsiman Yaqublu idi. Bir dəfə nəşriyyata getmişdim, görüm ki, kitab hazırlanır ya yox...
Nəsimanın otağına getdim, gördüm kitab masasının üstündədir, oxuyur, məni görüb ayağa durdu, qucaqladı. “Birinci fəsli yenicə bitirmişəm, çox təsirli yazmısan, lap kövrəltdin məni”, –dedi. Beləcə, 1992-ci ildə o kitab işıq üzü gördü. 1997-ci ildə isə “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyində “Qanlı şənbəyə gedən yol” kitabı böyük tirajla nəşr edildi.
“Xalq qəzeti”nin Türküstan üzrə xüsusi müxbiri ilə xeyli söhbət etdik, xalqımızı istiqlalımıza aparan şərəfli yolun nə qədər böyük ağrı-acılardan, ağlasığmaz çətinliklərdən keçdiyini, bu yolda canlarını fəda edən şəhidlərimizin hər birinin dastanlara sığmayan şücaət, fədakarlıq və qəhrəmanlığını dönə-dönə xatırladıq. Dostum və həmkarım Qulu Kəngərlinin son sözü bu oldu: 20 Yanvar faciəsinə, hələ ki, canlı şahidəm, şəhidlərlə görüşənə qədər...
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 20 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















