Onun təhlükə olaraq gördüyü iki ölkə var: Biri Türkiyə, digəri...
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrailin baş naziri Binyamin Netanyahu parlamentin açılış iclasında çıxış edərək Yaxın Şərqdə yeni təhlükələrin yaranmaqda olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Netanyahu çıxışında bölgədə təhlükəsizlik təhdidlərinin dəyişən xarakterindən danışaraq qeyd edib:
“Yaxın Şərqdə köhnə təhdidlər yeni formalar alır, eyni zamanda yeni təhlükələr meydana gəlir. Biz onların qarşısını almağa hazırıq. Hələ hər şey məlum deyil, lakin bilinəcək.”
İsrail mediasında dərc olunan təhlillərə əsasən, Netanyahunun “yeni təhlükə” dedikdə, xüsusilə Türkiyə və Qətəri nəzərdə tutduğu bildirilir. İsrailin siyasi dairələri bu iki ölkənin son dövrlərdə bölgədəki təsirini artırmaq üçün aktiv şəkildə çalışdığını, xüsusilə Qəzza və Suriyadakı proseslərdə önəmli rol oynadıqlarını vurğulayıb. Həmçinin Türkiyə və Qətərin "Müsəlman Qardaşları" və HƏMAS-ı dəstəklədikləri iddia olunub.
Bu durumun Təl-Əviv hökuməti daxilində narahatlıq doğurduğu və İsrailin bölgəyə dair strateji yanaşmasını yenidən gözdən keçirməyə sövq etdiyi bildirilir.
Bundan əlavə, ABŞ prezidenti Donald Tramp ilə Netanyahu arasında Türkiyə və Qətər mövzusunda fikir ayrılıqlarının mövcud olduğu və bunun münasibətlərdə müəyyən gərginlik yaratdığı irəli sürülüb.
İsrail mediasının məlumatına görə, Trampın kürəkəni Jared Kushner və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun da iştirak etdiyi görüşlərdə, Qəzzada atəşkəs və məhbus mübadiləsi prosesində Ankaranın və Dohanın rolu geniş şəkildə müzakirə olunub.
Netanyahunun son açıqlamalarının Təl-Əviv və Ankara arasında gərginliyi yenidən artıra biləcəyi ehtimal edilir.
Aytən Yaşar/ Turkustan.az


