Icma.az
close
up
RU
Onun üçün ədəbiyyat əvvəlindən sonunacan yuxudu... Nəriman Əbdülrəhmanlı

Onun üçün ədəbiyyat əvvəlindən sonunacan yuxudu... Nəriman Əbdülrəhmanlı

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Nəriman Əbdülrəhmanlı Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubilyeyi münasibəti ilə "Kamal Abdulla: Yarımçıq portret" yazısnı təqdim edir.

Ömrün sonsuz miqyası

Niyə yarımçıq?

Çünki bir yazıda ustad Kamal Abdullanın ədəbi-bədii, elmi-publisistik yaradıcılığını, mədəni-ictimai fəaliyyətini tam miqyasıyla əhatə etmək mümkün deyil...

Çünki onun bitkin portretini yaratmaq üçün ömür və yaradıcılıq yolunun dönüm-döngələrinə, dünyaduyumuna bələd olmaq, əsərlərinə dönə-dönə qayıtmaq, çoxsaylı elmi titullarını, təltiflərini, mükafatlarını, Yaponiyadan Amerikayadək onlarla ölkədə nəşr olunan əsərlərini və o əsərlər barədə qələmə alınmış onlarla sanballı məqaləni xatırlatmaq lazımdır...

Çünki belə bir iddiada olmaq üçün dilin gizlinlərinə varmaq, mifləri və dastanları ələk-vələk etmək, onun SÖZÜnün havasına girmək, söylədiklərinin altındakı MƏNAnı anlamaq gərəkdir...

Çünki son 30–35 ilin Azərbaycan elmi mühitini, ədəbiyyatını, mədəniyyətini, ictimai fikrini Kamal Abdullasız təsəvvür etməyə çalışdım – hər sahədə nəzərə çarpan, açıq-aşkar boşluqlar gördüm...

Ən azı, ötən əsrin 80-ci illərinin ikinci yarısını və müstəqillik dövrümüzü onun dilçilik və qorqudşünaslıq sahəsindəki araşdırmaları, poetik eksperimentləri, tərcümələri, esseləri, publisistik yazıları, hekayələri, romanları, yaratdığı mədəniyyət, bilik və yaradıcılıq fondları, eləcə də ədəbiyyatımızın hüdudlarını genişləndirmək yönümündəki fəaliyyəti olmadan ağla gətirmək mümkün deyil...

İllah da, öz ətrafında bənzərsiz ədəbi mühit yaratmağı bacarması, istedadlı qələm sahiblərinə əlindən gələn yardımı göstərməsi, yaranan sanballı əsərlərə ürəkgenişliyilə münasibət bildirməsi, ölkəmizdən kənarda belə ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın təəssübünü çəkməsi ilə müstəqillik dövrü ictimai-mədəni tariximizə öz möhürünü vurub...
Ustad saydığım yazıçı
Ədəbi himayə sarıdan özümü bəxtli saya bilmərəm. Hətta şəxsi münasibətimiz olan qələm adamlarından bir çoxu hələ də məni şair hesab eləyir, ya da kitablarımın adını söyləməkdə çətinlik çəkir. Amma Xalq yazıçısı Kamal Abdullanın, görkəmli türkoloq, professor Əsgər Rəsulovun, bənzərsiz ədəbiyyatşünas, professor Bədirxan Əhmədlinin (nəsildaşlarım Sabir Bəşirov, Zakir Məmməd, Rüstəm Kamal, Mehman Qaraxanoğlu, Xanəli Kərimli, Əlabbas, Nurafiz, Aslan Quliyev, Fəxri Uğurlu, Rafiq Hümmətin də eləcə) diqqətini uzun illərdi ki, hiss eləyirəm, hər birinin yazılarım haqqında söylədiyi fikirlər mənim üçün çox dəyərlidi...
Kamal Abdulla “Yolçu” romanın haqqında yazanda bir-iki ümumi görüşdən başqa elə bir şəxsi ünsiyyətimiz olmamışdı, ədəbi mühit vasitəsilə xəbər tutub, zövqünə bələd olduğu qələm adamlarının məsləhətilə oxumağa başlamış, hətta özüylə Almaniyaya səfərə gedəndə də götürmüşdü. Elə oradan da gecənin bir məqamında zəng vurub elə ürəkgenişliyi və ürəkdolusu danışmışdı ki, həmin məqamda nəinki “Yolçu”nu qələmə almaqda, ümumiyyətlə, yazı-pozuya könül verməkdə səhv eləmədiyim mənə gün kimi aydın olmuşdu. Sonra da o səfərdən dönər-dönməz məndən ötrü çox gözlənilməz, üstəlik, dəyərli olan “Yol – xüsusi isim” adlı esse qələmə aldı...
Kamal Abdulladan ötrü ədəbiyyat təkcə iş otağına qapanıb yazmaq, ayda-ildə bir dəfə oxucularla görüşmək deyil, fasiləsiz, uğur və uğursuzluqlarla zəngin olan prosesdir. Bəlkə, elə buna görə də 2000-ci illər ədəbi nəslinə mənsub olan, ədəbi eksperimentlərində müəyyən qədər işıq sezilən gənc qələm sahiblərinin yazılarını izləməklə, bir çoxları barədə fikirlərini bölüşməklə, cürbəcür layihələr gerçəkləşdirməklə, “Yaradıcılıq fakültəsi” kimi eksperiment laboratoriyası yaratmaqla ədəbi mühitə canlanma gətirməsi təqdirəlayiq hadisələrdən idi.
Eləcə də, istedadlı cavanları yaxından-uzaqdan himayə eləmək, elmi-bədii təfəkkürüylə yaradıcılıqlarına müsbət təsir göstərmək Kamal Abdullanın qeyri-rəsmi missiyasına çevrilib. Bu missiyadan ağılla faydalananlar da, sui-istifadə eləyənlər də, görməzliyə vuranlar da oldu. Bütün hallarda, son onilliklərin ədəbi mənzərəsini onun gördüyü işlər olmadan təsəvvür eləmək çətindi...
Nəhəng yaradıcılıq diapazonu
Kamal Abdullanın bütövlükdə ədəbi və bədii yaradıcılığında heyrət doğuran kompozitiv nizam var. O, dilimizi həm araşdırıb (dilçiliklə bağlı tədqiqatları), həm də populyarlaşdırıb (“Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik”). Miflərimizi həm saf-çürük edib (“Kitabi-Dədə Qorqud”la bağlı araşdırmaları), həm də mifin yazıya çevrilməsi yolunu göstərib (“Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud”). Dildə və bədii sözdə çatdığı məqamı özünəməxsus eksperimentlərlə (şeirləri, tərcümələri, hekayələri) üzə çıxarıb, eyni zamanda ədəbiyyatın yaşam yolunun xəritəsini cızıb (“Müəllif – əsər – oxucu”). Ömründən keçən anları işıqlı kədərlə yada salıb (“Tarixsiz gündəlik”), dünyaduyumunun bəxş etdiyi məqamları isə sanki təlaş içində qoruyub saxlamağa çalışıb (esseləri). Nəhayət, bütün bu çoxcəhətli və çoxqatlı ədəbi-bədii təcrübəsinin nəticəsi kimi, sanballı pyesləri və romanlarını ərsəyə gətirib.

Onun özünəməxsus dil qatından əlavə, SİRR və YOL anlayışları (bu iki kəlməni “sirli yol”, “yolun sirri”, “sirrin yolu” kimi ifadələrdə də birləşdirmək mümkündür) bütün yaradıcılığından qırmızı xətt kimi keçir. Esselərində də, dramaturgiyasında da, hekayələrinin əksəriyyətində də, “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...”, “Sirlərin sərgüzəşti” kimi romanlarında da müəllifdən çox, sirlərin ardınca yol tutan, qarşılaşdıqlarını Sözə çevirən bir səyyahı xatırladır. Bəlkə, elə buna görə yazdıqlarını “...uzun və ağır gecələrdə narahat bir beynin – Yolun hərəkətinə inanmaq istəməyən həyat eşqinin səhərə, işığa uzanan niskili” kimi xarakterizə edir.

Məncə, onun üçün yaradıcılıq – şübhədən həqiqətə doğru uzanan sirr dolu bir yoldur. Esselərinin birində şübhəni, demək olar, yaradıcılığın başlıca prinsipi sayır: “...Şübhə edənin gərək bir prinsipi, idealı olsun... Bütün şübhələr – sonraya, torpaq üstündə möhkəm dayanmağı öyrənəndən sonraya! Şübhə eləməyə gərək haqq qazanasan. Şübhə etmək səbatlıların işidir...” Elə bu baxışdan çıxış etsək, "Kamal Abdullanın sirri" çözülür: o, əsərlərinin kökündəki mətləblərdən şübhələnməsəydi, həqiqəti hamıdan əvvəl özü üçün aşkara çıxarmağa can atmasaydı, yəqin ki, yazmaq fikrinə də düşməzdi.

Borxes kimi ədəbiyyatı yuxu sayır...
Mən bilən, müasir mövzuda “İlişin qayıtmağı”, “Adaşlar”, “Ay işığı”, “Kamera teatrı”, “Üçrəng pişik balası”, “Bir yay axşamı”, “Sirri-zəmanə”, “Labirint”, “Pəncərə”, “Bir sevgi hekayəti”, “Qədiməli kişi və onun bülbülü”, “Köhnə məhəllə”, “Tumsuz nar”, “Dünyanın ən ucaboylu karliki”, “Mənə uçmağı öyrət” kimi gözəl əsərlər qələmə almış Kamal Abdullanınn nəsrinin də, dramaturgiyasının da bir fərqli cəhəti mifologiyaya və dastan poetikasına (həm də təkcə Azərbaycan mifologiyası və dastanlarına yox, bütövlükdə dünya mifologiyasına və dastançılığına) mükəmməl bələdliyindədi.
Elə bu səbəbdəndi ki, o, zamanları və məkanları uzaq dövrlərdən ustalıqla çəkib, bizə yaxınlaşdıra (“Parisin seçimi”, “Xaron, mərhəmətli Xaron”, “Dəvə yağışı”, “Çəngəl çiçəyi”, “Gülü qah-qah xanımın nağılı”, “Qədim mayyalara cavab”, “Korneliusun ölümü”, “Platon, deyəsən, xəstələnib...” və s.) bilir.
Elə bu səbəbdəndi ki, tədqiqatçılar “Yarımçıq əlyazma” romanını Azərbaycan ədəbiyyatında mifə, eposa və tarixə intellektual-fəlsəfi bədii münasibətin ilk konseptual nümunəsi, ilk postmodernist təfsir təcrübəsi sayırlar, “Sehrbazlar dərəsi” romanı yalnız sufilərin həyatını deyil, məhz təsəvvüf qavramını və dünya modelini əks etdirən əsər kimi dəyərləndirilir, “Unutmağa kimsə yox” romanının neomifoloji, kosmoqonik əsər, personajların adlarının, davranışlarının, xronotopunun mifoloji nüvəyə malik, süjetiçi münasibətlərin mifoloji məntiqə tabe olduğu, zamanların asanlıqla yerlərini dəyişdiyi, yuxu və tarixi gerçəklik bir-birini rahatlıqla əvəz elədiyi vurğulanır, “Sirlərin sərgüzəşti” romanının müasir nəsr texnikasına xas iç-içə süjetlər və fəsillərlə assosasiya olunan hadisələrin anaxronik ardıcıllığı şəklində qurulduğu, oxucunu öz sirlərinin ağuşuna aldığı, onu sirrə vaqif elədiyi diqqətə çatdırılır.
Kamal Abdulladan ötrü ədəbiyyat əvvəlindən sonunacan yuxudu. “...Borxes deyir ki, ədəbiyyat idarə edilən yuxudur. Yuxular axı idarə olunmur. Ədəbiyyat da yuxudur. Həyatda olmayan şeyin bir nöqtədən başqa nöqtəyə aparılmasıdır, təsviridir. Onu sən, müəllif idarə edir, bu da yuxudur. Kim deyə bilər ki, kiminsə yazdığı yuxu deyil? Hamısı yuxudur, uydurmadır. Olmayandır, ya olandır, bunun dəxili yoxdur. Ola bilər, olan hadisəni realist, sərt cizgilərlə təsvir eləmisən. Yenə də yuxudur. Yenə də uydurmadır. Olan hadisəni yazanda yenə də uydurmadır. Ədəbiyyatın mahiyyəti budur, sən uydurma adlı bir qabın içinə girirsən...” Günlərin birində də həmin yuxudan oyanıb, oxuculara uydurma, amma özünün belə inandığın təsirli əhvalat təqdim eləyirsən...
Ədəbiyyat, ondan ötrü, eyni zamanda, qanla, yaddaşla, dərin genetik kodlarla nəsildən-nəslə ötürülən informasiyadır. “...Bunu özümüz də çox zaman hiss edə bilmirik. Çox ola bilər ki, XVI-XVII əsrdə yaşamış və müəyyən bir hadisənin təsviri olmuş məqamı özümdən xəbərsiz içimdə yaşadıram. Amma o informasiya içimdə qapanıb qalmamaq üçün özümlə əməlli-başlı “mübarizəyə” qalxır. Bəlkə, məni də aldadıb real həyata bədii “maska”da daxil olur. Çünki onu içimdən çölə çıxanda bədii vasitələrdən istifadə edir, ədəbiyyat dilinə çevirməyə çalışıram...” Əsərlərini oxuyanda o genetik kodları asanlıqla tutmaq olur, bəlkə də, elə buna görə müəllif də, qələmindən çıxanlar da bizim üçün doğmalaşır. Professor Asif Hacılının təbirincə desək, “Kamal Abdullanın bədii sözü, ilk növbədə, azad və öz stixiyasında olan sözdür, özündən və özünü yaradan, özünü dərk edən sözdür, buna görə də dramatizmlə yoğrulmuş, mənaca gərgin, normativ ənənənin totallığı ilə mübarizədə olan və seçim imkanını təsbitləyən sözdür...”

Əlyazmaların müqəddəs yarımçıqlığı
...1984-cü ildə “Azərbaycan” jurnalında rəhmətlik Yusif Səmədoğlunun “Qətl günü” romanını oxuyanda necə diksinmişdimsə, 2004-cü ildə Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını oxuyanda o cür diksindim...
Bu diksintinin səbəbi əsərin mövzusunun və üslubunun təzəliyilə yanaşı, yenicə bitirdiyim “Könül elçisi” romanımla bağlıydı: mən də Şah Abbas dövrünün xəyali əlyazmasını dekonstruksiya eləmişdim...
Bəlkə elə bu səbəbdən də 2005-ci ildə romanı çapa verəndə düşünüb-daşınmadan ithaf yazdım: “Deyəsən, əlyazmalar, həqiqətən, yanmır və ya yarımçıq əlyazmalardan "Yarımçıq əlyazma"nı yaradan yazıçı Kamal Abdullaya”...
Onda Kamal Abdullanı uzaqdan-uzağa, ancaq yaradıcılığına görə tanıyırdım, heç ünsiyyətimiz olmamışdı, romanın nəşrindən sonra da neçə il yolumuz kəsişmədi, yalnız 2008-ci ildə Prezidentin sərəncamıyla “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasının nəşri onun rəhbərlik elədiyi Bakı Slavyan Universitetinə tapşırılanda üz-üzə gəlmək fürsəti buldum.
“Könül elçsi” romanı İstanbulda və Ankarada nəşr olundu, araşdırmalarda “Yarımçıq əlyazma”yla paralellər aparıldı, bu da mənim üçün dəyərli ədəbi faktlardan biridi.
Sonra Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru kimi zəngin ənənələri olan “Xəzər” dünya ədəbiyyatı dərgisinə sahib çıxdı, onun rəhbərliyi altında çalışmalı olduq və Kamal Abdulla portretinin daha nadir ştrixləri ilə əyani tanış oldum...

Böyük ədəbiyyat adamı
Son onilliklərdə ədəbiyyatımızın Rusiyadan Misirə, ABŞ-dan Yaponiyayadək dörd qitə ölkələrinə ayaq açması təqdirəlayiq hadisə, ədəbiyyatımızın öz hüdudlarını genişləndirməsində Kamal Abdullanın xidmətləri isə danılmazdı...
Təsadüfi deyil ki, Almaniya onlayn platformasının hazırladığı, dünyanın bütün ölkələrindən əsərləri xarici ölkələrdə ən çox nəşr edilmiş Qabriel Qarsia Markes, Çingiz Aytmatov, Orxan Pamuk kimi qələm sahibləri arasında Azərbaycandan Kamal Abdulanın da adı var...
Dünyanın 20-dən artıq ölkəsinin oxucuları artıq Kamal Abdullanın əsərləri - “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və Unutmağa kimsə yox...” romanlarıyla tanış olublar, nüfuzlu, yazıçılar, ədəbiyyatşünaslar, tənqidçilər o əsərlər haqqında sanballı məqalələr qələmə alıblar, yaradıcılığı geniş araşdırmaların mövzusuna çevrilib, əminəm ki, “Sirlərin sərgüzəşti” və “Laokoon… Laokoon” romanları da qısa müddətdə beynəlxalq müstəviyə çıxacaq.
Kamal Abdulla elmi və fəxri adları, rütbələri, təltifləri ilə yanaşı, xalqlar, mədəniyyətlər və ədəbiyyatlar arasında körpü yaratmaq sahəsində də diqqətəlayiq işlər görüb, bir sıra ölkələrdə Azərbaycan ədəbiyyatını layiqincə təmsil eləyib, nüfuzlu ədəbi mükafatlara layiq görülüb – bu da ayrıca bir yazının mövzusudu...
Şübhəsiz, bütün bunlar böyük ədəbiyyat adamının taleyinə yazılan xoşbəxtlikdi...
2025, sentyabr

Britaniyalı rok ulduzu musiqi karyerasını bitirdi Yazıçı Vahid Məmmədlinin yeni romanı nəşr edilib Nəriman Həsənzadənin son vəziyyəti
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see334

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see298

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see251

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see238

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see208

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see175

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see126

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri