Ortaq türk dili necə yaradılacaq? Millət vəkilindən AÇIQLAMA
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türk dövlətləri arasında əməkdaşlıq son illərdə həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə nəzərəçarpacaq dərəcədə güclənib. Xüsusilə ortaq tarix, dil, din və mədəni köklərə əsaslanan bu əməkdaşlıq, indi daha dərin inteqrasiya mərhələsinə qədəm qoyur. Ortaq əlifbanın yaradılması istiqamətində addımlar atılıb. Lakin bu sual aktuallığını qoruyur: Türk dövlətləri ortaq əlifbadan sonra ortaq bir türk dilini nə zaman formalaşdıra biləcəklər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva bildirdi ki, dilin formalaşma mexanizmi kifayət qədər mürəkkəb prosessdir.
"Hər bir dil öz tarixi köklərinə əsaslanaraq inkişaf edir və formalaşır. Türkdilli ölkələrin xalqlarının danışdığı dillərin əsasında ortaq bir dilin yaradılması isə xüsusi yanaşma və elmi tədqiqat tələb edən bir sahədir. Bu, sıradan bir proses deyil; dilin mahiyyəti etibarilə süni təsirləri və kənar ünsürləri qəbul etmədiyi məlumdur. Bu proses üzərində çalışan mütəxəssislər illərin təcrübəsinə malik, dilçilik sahəsində sözünü demiş alimlərdən ibarətdir. Onların verəcəyi qərarlar, atacaqları addımlar həm hər bir ölkənin ana dilinin qorunması, həm də paralel şəkildə ortaq dilin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə işlərin davam etdiyini düşünürük və əminik ki, bütün iştirakçı dövlətlər və xalqlar üçün optimal, qəbulolunan qərarlar veriləcək. Ortaq türk dili formalaşdırılarkən, bu dil ailəsinə daxil olan hər bir xalqın indiyədək istifadə etdiyi dil qorunacaq və eyni zamanda ortaq dil rəsmi yazışmalarda, tədbirlərdə və kommunikasiya platformalarında istifadə olunacaq", - deyə deputat yekunlaşdırdı.
Xədicə BAXIŞLI


