Icma.az
close
up
RU
Oruc tutan xəyalında yemək düşünsə nə baş verər? KONKRET

Oruc tutan xəyalında yemək düşünsə nə baş verər? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Ramazan ayında oruc tutanların ən çox düşündüyü suallardan biri də niyyət və düşüncə ilə bağlıdır. Bəzən insan gün ərzində ac və susuz qalarkən xəyalında yemək təsəvvür edə, hətta süfrə barədə düşünə bilər. Bu kimi hallar orucun mənəvi mahiyyətinə təsir edirmi? Təkcə fiziki çəkinmək kifayətdirmi, yoxsa düşüncə və niyyət də orucun bütövlüyündə rol oynayır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov suallarımızı cavablayıb.

“Ramazan ayı yaxınlaşanda və ya artıq oruc halında olarkən insanlarda belə bir sual yaranır. “Mən ac və susuzam, amma beynimdə yemək canlandırıram, süfrə təsəvvür edirəm, su içdiyimi xəyal edirəm. Bu hal orucuma xələl gətirirmi?” Hətta bəzi insanlar oruclu zamanı mürgüləyəndə qarşılarına böyük süfrələr açılır və onlar mürgülü vaxtı xəyalən növbənöv dadlı yeməklər yeyirlər. Bütün bunlar oruclu halda baş verir. Özünə gələndə isə insanda bəzən bir rahatlıq və ya bəzilərində narahatlıq və sual yaranır ki, görəsən yuxuda yediyim üçün orucun pozuldu? Bu sual səmimidir və çox təbiidir. Çünki oruc yalnız bədən işi deyil, eyni zamanda ruh halıdır”, deyə ilahiyyatçı bildirib.

Əkrəm Həsənovun sözlərinə görə, Qurani Kərimdə buyurulur ki, “Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc vacib edildi ki, təqvalı olasınız” (Bəqərə surəsi 183.) Ayədə məqsəd açıq göstərilir. Oruc aclıq proqramı deyil. Oruc təqva məktəbidir. Təqva isə insanın daxilində formalaşır. Yəni məsələ təkcə yeməkdən uzaq qalmaq deyil, nəfsi idarə etməkdir.

Eyni surədə Allah buyurur ki, “Allah sizi andlarınızdakı boş sözlərə görə sorğuya çəkməz, lakin qəlblərinizin qazandığına görə sorğuya çəkər. (Bəqərə surəsi 225.) Bu ayə niyyətin əhəmiyyətini göstərir. Amma burada bir incəlik var. İslam alimləri qəlbdən keçən, istəmədən yaranan düşüncə ilə şüurlu niyyət arasında fərq qoymuşlar.

“Böyük alim İmam Nəvəvi qeyd edirdi ki, insanın ixtiyarsız olaraq zehnindən keçən fikir məsuliyyət doğurmur, məsuliyyət o zaman yaranır ki, insan o fikri qəbul edib ona yönəlsin.
Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və səlləm buyurur ki, Allah mənim ümmətimdən qəlblərindən keçən şeyləri, onu danışmadıqca və ya əməl etmədikcə bağışlamışdır. Bu hədis Buxari və Müslimdə rəvayət olunur. Bu çox böyük təsəllidir. İnsan ac olanda yeməyi düşünməsi günah deyil. Bu, fizioloji bir reaksiya ola bilər, – deyə Ə. Həsənov əlavə edib.

İlahiyyatçı məsələyə elmi cəhətdən toxunaraq qeyd edib:

“Beyin enerji çatışmazlığında qida siqnalları yaradır. Müasir neyrobiologiya göstərir ki, aclıq zamanı beyində hipotalamus aktivləşir və qida ilə bağlı təsəvvürlər güclənir. Bu mexanizm insanın sağ qalma sistemidir. Bu, iman zəifliyi deyil”.

“Amma burada başqa bir qat var. Oruc təkcə mədənin deyil, gözün, dilin, zehnin də orucudur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim yalan danışmağı və pis əməli tərk etməzsə, Allahın onun yemək və içməyi tərk etməsinə ehtiyacı yoxdur. Bu hədis orucun mənəvi ölçüsünü göstərir. Deməli, əsas məsələ daxili istiqamətdir.
İmam Qəzzali İhya əsərində orucun üç mərhələsindən danışır. Birinci mərhələ adi insanların orucudur, yəni yemək və içməkdən çəkinmək. İkinci mərhələ seçilmişlərin orucudur, yəni günahlardan çəkinmək. Üçüncü mərhələ isə ariflərin orucudur, qəlbi Allahdan qeyrisindən qorumaq. Bu təsnifat göstərir ki, düşüncə səviyyəsi orucun kamilliyində rol oynayır, lakin bu, ixtiyarsız xəyallara görə orucun pozulması demək deyil.
Fəqihlərin ittifaqına görə yeməyi təsəvvür etmək, hətta yemək haqqında danışmaq orucu pozmur. Çünki orucu pozan şey maddi olaraq bədənə daxil olan qidadır və ya şəriətdə açıq göstərilən hallar. Düşüncə maddi əməl deyil. Burada niyyət məsələsi daha çox ibadətin dəyərinə təsir edir, hüquqi keçərliliyinə yox”.

Məsələyə həm də psixoloji tərəfdən yanaşan ilahiyyatçı vurğulayıb:

“Müasir psixologiyada da maraqlı bir fakt var. İnsan bir şeyi qadağan etdikcə, beyin onu daha çox xatırladır. Buna rebound effekti deyirlər. Oruc halında yeməyi düşünmək əslində nəfsin sınağıdır. Bu düşüncə ilə mübarizə etmək, onu idarə etmək təqvanın praktik məşqidir”.

“Ona görə də təkcə fiziki çəkinmək kifayət deyil, amma fiziki çəkinmək də əsas şərtdir. Düşüncə və niyyət orucun ruhunu formalaşdırır. İxtiyarsız xəyal orucu pozmur. Şüurlu şəkildə harama yönəlmək isə orucun mənəvi savabını azalda bilər. Əsas olan insanın daxilindəki istiqamətdir.
Ramazan insanı qorxu ilə deyil, şüurla dəyişdirməlidir. Əgər insan ac qalarkən beynində süfrə canlanırsa, bu, onun zəifliyi deyil, insan olmasıdır. Əgər o, bu aclıq içində səbr edirsə, niyyətini qoruyursa, dili ilə pis söz danışmırsa, baxışını haramdan çəkirsə, o zaman oruc artıq bədən məşqi deyil, ruh tərbiyəsidir.
Allah orucu bizə əzab üçün deyil, daxili azadlıq üçün vacib edib. Təqva qorxu deyil, şüurlu nəzarətdir. Oruc insanı məcburiyyətlə deyil, anlayışla dəyişəndə həqiqi mənasını tapır”, deyə Əkrəm Həsənov sonda deyib.

Dəniz Pənahova
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Mart 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri