Oxunmaq üçün deyil, doğru olmaq üçün: medianın məsuliyyət sınağı
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müasir informasiya mühitində xəbər istehsal etmək təkcə peşəkarlıq məsələsi deyil, həm də ciddi məsuliyyət yüküdür. Bir manşet, tək bir cümlə və ya şişirdilmiş xəbər cəmiyyətin düşüncəsinə, insanların psixologiyasına, hətta sosial sabitliyə birbaşa təsir göstərə bilər. Bu səbəbdən medianın əsas missiyası oxunmaq naminə həqiqəti qurban vermək yox, cəmiyyəti doğru, dəqiq və məsuliyyətli şəkildə məlumatlandırmaqdır.
Xüsusilə rəqəmsal mediada sürət və reytinq amili bəzən peşəkar məsuliyyəti kölgədə qoya bilir.
Məsuliyyətsiz media yanaşması artıq təkcə etik yox, sosial təhlükə kimi də qiymətləndirilir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən sosioloq Mail Yaqub bildirib ki, gördüyü işdən asılı olmayaraq bütün insanlar, xüsusilə də media sahəsində çalışanlar peşələrinə qarşı məsuliyyətli olmalıdırlar:
"Bu məsələ həm mənəvi, həm psixoloji, həm də hüquqi baxımdan son dərəcə vacibdir. Media işçisi məsuliyyətsiz davranaraq yalan xəbərlər tirajlayırsa və ya sırf reytinq qazanmaq, daha çox oxunmaq məqsədilə manşetlərdə şişirdilmiş məlumatlara yer verirsə, bu artıq peşəkarlıq yox, açıq-aşkar məsuliyyətsizlikdir. Bəzi hallarda bu cür davranışlar cinayət məsuliyyətinə də çevrilə bilər.
Bu problemlərin qarşısını almaq üçün ilk növbədə media sahəsində çalışan jurnalistlərə məsuliyyət mövzusunda xüsusi təlimlər keçirilməlidir. Jurnalistlərə izah olunmalıdır ki, hər bir xəbər hüquqi baxımdan cinayət tərkibi daşımaya bilər, lakin burada mənəvi məsuliyyət və ictimai məsələ mövcuddur. Media işçisi yaydığı informasiyanın cəmiyyətə təsirini dərk etməlidir".
Mail Yaqub açıqlamasında psixologiyada mövcud olan “Bumeranq effekti” anlayışına da toxunub:
"Bu termin qədim Avstraliya aborigenlərinin istifadə etdiyi və atıldıqdan sonra geri qayıdan silahla bağlıdır. Mediada da eyni effekt müşahidə olunur.
Media işçisi yalan xəbəri tirajlayır, bunu dəfələrlə təkrarlayır və nəticədə həmin yalan xəbər obrazı formalaşaraq yenidən özünə qayıdır. Bu prosesin sonunda yalan xəbərləri tirajlayan media qurumu zamanla öz etibarını itirir və artıq oxucuların gözündə yalançı obrazında görünür. Məhz buna görə də xəbərləri hazırlayan şəxslərin mütləq şəkildə peşəkar təlimlərə cəlb olunması vacibdir. Bu, problemin birinci və əsas həll yoludur".
Sosioloq ikinci mühüm məqam kimi cinayət məsuliyyətini qeyd edib:
"Media işçisi qanunun mövcudluğunu və hüquqi nəticələri nəzərə almalıdır.
Dezinformasiyanın və yalan məlumatın sistemli şəkildə yayılması artıq təkcə etik problem deyil, birbaşa hüquqi məsuliyyət yaradan təhlükəli tendensiyaya çevrilib. Belə xəbərləri hazırlayan şəxslər qanunun tələblərini nəzərə almalı, fəaliyyətlərində məsuliyyət və peşəkarlıq prinsiplərinə sadiq qalmalıdırlar".
Pərvin Şakirqızı
Baxış sayı:92
Bu xəbər 10 Yanvar 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















