Icma.az
close
up
RU
Özbəkistan: müstəqillikdən əbədi dostluğa uzanan yol

Özbəkistan: müstəqillikdən əbədi dostluğa uzanan yol

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

1 sentyabr – Özbəkistan Respublikasının Müstəqillik Günüdür

Sentyabrın 1-i qardaş Özbəkistan xalqının tarixində ən əlamətdar günlərdən biridir. Bu il Özbəkistan Respublikası dövlət müstəqilliyinin 35-ci ildönümünü qeyd edir. 1991-ci il avqustun 31-də Özbəkistanın dövlət müstəqilliyi elan edilib, sentyabrın 1-i isə Müstəqillik Günü  ölkənin əsas milli bayramı kimi müəyyənləşdirilib. 

Otuz beş il müstəqil dövlətçilik baxımından həm mühüm tarixi mərhələ, həm də böyük inkişaf yoludur. Bu müddət ərzində Özbəkistan öz dövlətçilik institutlarını möhkəmləndirib, iqtisadi potensialını artırıb, sənaye və kənd təsərrüfatını inkişaf etdirib, nəqliyyat və şəhər infrastrukturunu yeniləyib, beynəlxalq münasibətlər sistemində mövqelərini gücləndirib. Bu gün Özbəkistan Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri kimi regionun siyasi, iqtisadi, nəqliyyat və humanitar proseslərində mühüm rol oynayır.

Özbəkistanın müstəqillik tarixi Azərbaycan üçün də xüsusi məna daşıyır. Azərbaycan və Özbəkistan xalqlarını əsrlər boyu formalaşmış tarixi və mənəvi bağlar, ortaq türk kökləri, mədəniyyət, ədəbiyyat, dil və adət-ənənələr birləşdirir. Müasir dövlətlərarası münasibətlər də məhz bu möhkəm mənəvi təməl üzərində inkişaf edir.

Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildə qurulub. Ötən 31 il ərzində əlaqələr siyasi, iqtisadi, investisiya, nəqliyyat, enerji, təhsil, mədəniyyət və digər istiqamətlərdə davamlı inkişaf edib. 

Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə xüsusilə sürətli inkişafı dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və siyasi dialoqla sıx bağlıdır. Bu münasibətlər artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, Türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

2024-cü il avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması əlaqələrin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirdi. Həmin səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın ilk iclası keçirildi. Sonrakı dövrdə isə yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirdi.

2026-cı il bu baxımdan Azərbaycan–Özbəkistan əlaqələrinin tarixində xüsusi yer tutur. Prezident İlham Əliyevin avqustun 23–24-də Özbəkistana dövlət səfəri münasibətlərin yeni mərhələyə keçidini nümayiş etdirən mühüm siyasi hadisə oldu. Dövlət səfəri çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirildi. Dövlət başçıları siyasi dialoqun, iqtisadi və investisiya əməkdaşlığının, sənaye kooperasiyasının, energetika, nəqliyyat, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdilər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ali Dövlətlərarası Şuranın fəaliyyətini iki ölkə arasında formalaşmış müttəfiqlik münasibətlərinin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirdi.

Səfərin ən mühüm siyasi nəticəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu. Həmin mərasimdə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının Qərarı da imzalandı. Bununla yanaşı, turizm, mədəniyyət, gömrük və digər sahələri əhatə edən sənədlər, həmçinin 2027–2028-ci illər üçün bir sıra əməkdaşlıq proqramları imzalanaraq mübadilə edildi.

Səfər zamanı Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərinin inkişafı üçün də mühüm hədəflər müəyyənləşdirildi. Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqramı və investisiyalar və ticarət sahələrində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planını – Yol Xəritəsini qəbul etdilər. Energetika, kənd təsərrüfatı və turizm sahələrində də əməkdaşlığın genişləndirilməsi istiqamətində razılaşmalar əldə olundu.

Bu hədəfin mühüm cəhəti ondan ibarətdir ki, söhbət yalnız siyasi niyyətdən deyil, konkret layihələr və mexanizmlərlə müşayiət olunan iqtisadi proqramdan gedir. Prezident İlham Əliyev də Daşkənddəki çıxışında iki ölkənin iqtisadiyyatlarının yaratdığı imkanların qarşılıqlı investisiyaların genişləndirilməsinə şərait yaratdığını vurğulayıb. Dövlət başçısının sözlərinə görə, birgə investisiyalar artıq yalnız plan deyil, konkret layihələr, müqavilələr və investisiya təşəbbüsləri səviyyəsinə yüksəlib.

Azərbaycan–Özbəkistan münasibətlərinin iqtisadi məzmununun genişləndiyini göstərən mühüm faktlardan biri də səfər çərçivəsində Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi oldu. “Davr Bank”, gips zavodu və “Landau” adına iki STEAM məktəbinin layihələrinin açılışı keçirildi. Eyni zamanda SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksinin, “Baku City” yaşayış kompleksinin, gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin və meyvə bağlarının layihələrinin təməli qoyuldu.

Bu layihələr Azərbaycan biznesinin Özbəkistan iqtisadiyyatına artan marağının və iki ölkə arasında investisiya əməkdaşlığının konkret nəticələrinin göstəricisidir. Digər tərəfdən, Özbəkistanın iqtisadi inkişaf imkanları da Azərbaycan sərmayələri üçün yeni perspektivlər açır. Beləliklə, siyasi müttəfiqlik iqtisadi tərəfdaşlığın genişlənməsi üçün möhkəm baza yaradır.

2026-cı il dövlət səfərinin mühüm hadisələrindən biri də Prezident İlham Əliyevin Özbəkistanın ən böyük şəhərsalma layihəsi olan “Yeni Daşkənd”lə tanışlığı oldu. Layihə iqtisadiyyat, investisiya siyasəti, nəqliyyat, təhsil, ekologiya və rəqəmsal texnologiyaları vahid şəhərsalma modelində birləşdirir. 

Səfərin humanitar və təhsil gündəliyi də olduqca zəngin idi. Avqustun 23-də Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak etdilər. Universitetin Azərbaycanla əlaqələri də konkret məzmun daşıyır. Təhsil ocağı Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə anlaşma memorandumları imzalayıb. Yeni kampusun ərazisində Nizami Gəncəvi Muzeyinin yaradılması da nəzərdə tutulur. Bu faktlar Azərbaycan ədəbiyyatının dahi nümayəndəsinin adını daşıyan ali təhsil ocağının iki ölkənin humanitar əlaqələrində mühüm yer tutduğunu göstərir.

Azərbaycan–Özbəkistan dostluğunun daha bir mühüm rəmzi Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəbin yaradılmasıdır. Özbəkistanın təşəbbüsü və dəstəyi ilə inşa olunan bu təhsil ocağı iki ölkənin Qarabağın bərpası prosesində əməkdaşlığının yaddaqalan nümunəsidir. Nizami Gəncəvi adına universitetin Azərbaycanla əlaqələri çərçivəsində həmin məktəbin ilk beş məzununun qrant əsasında bu universitetdə təhsil almaq hüququ qazanması isə təhsil sahəsində əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir.

Dövlət səfəri çərçivəsində Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyuldu. Parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və milli ənənələrini əks etdirən ictimai məkanın yaradılması nəzərdə tutulur. Bakıda “Özbəkistan” parkının, Yeni Daşkənddə isə “Azərbaycan” parkının salınması iki xalq arasında çoxəsrlik dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın şəhər məkanında ifadəsinə çevrilir.

Səfərin siyasi əhəmiyyətini artıran mühüm hadisələrdən biri də iki dövlət başçısının qarşılıqlı ali dövlət təltiflərinə layiq görülməsi oldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi ölkəsinin ali dərəcəli “Dostluq” ordeni ilə təltif etdi. Azərbaycan Prezidenti isə Şavkat Mirziyoyevi Azərbaycan Respublikasının ən ali dövlət təltiflərindən biri olan “Heydər Əliyev” ordeni ilə təltif etdi. Azərbaycan Prezidentinin sərəncamında bu təltif Şavkat Mirziyoyevin Azərbaycan–Özbəkistan dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətləri ilə əlaqələndirilir.

Bu qarşılıqlı təltiflər iki ölkə rəhbərlərinin şəxsi münasibətlərindən daha geniş siyasi məna daşıyır. Onlar Azərbaycan və Özbəkistan arasında strateji etimadın, dostluğun və müttəfiqliyin dövlət səviyyəsində verilmiş yüksək qiymətinin ifadəsidir. Prezident İlham Əliyev təltif mərasimində qeyd edib ki, son dörd-beş ildə Özbəkistana səfərlərinin sayı artıq yeddiyə çatıb. Bu fakt da iki ölkə arasında siyasi təmasların intensivliyini göstərən mühüm göstəricidir.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri yalnız Daşkəndlə məhdudlaşmadı. Səfərin ikinci günündə Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyeva Buxaraya gəldilər. Azərbaycan və Özbəkistan prezidentləri və birinci xanımlar Buxarada İsmayıl Samani türbəsi, “Ark” qalası və “Poyi-Kalon” kompleksi ilə tanış oldular. Beləliklə, səfərin siyasi və iqtisadi gündəliyi ilə yanaşı, iki ölkənin ortaq tarixi-mədəni irsini əks etdirən məqamlar da xüsusi yer tutdu.

Azərbaycan və Özbəkistanı birləşdirən bu mənəvi yaxınlığın kökləri çox dərindir. Nizami Gəncəvi və Əlişir Nəvai kimi böyük söz ustadlarının yaradıcılığı Azərbaycan və özbək xalqlarının ortaq Şərq və türk ədəbi-mədəni məkanında formalaşmış zəngin irsin parlaq nümunələridir. Bu gün həmin irs müasir təhsil, mədəniyyət və humanitar əməkdaşlıq layihələri vasitəsilə yeni nəsillərə çatdırılır.

İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat əlaqələridir. Azərbaycanın Xəzər hövzəsində, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi onları Şərq-Qərb və Mərkəzi Asiya–Cənubi Qafqaz marşrutlarında təbii tərəfdaşlara çevirir. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən daşımaların genişləndirilməsi və nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi iki ölkənin iqtisadi maraqlarının mühüm istiqamətlərindəndir.

Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm platformalarından biri də Türk Dövlətləri Təşkilatıdır. İki ölkənin siyasi və iqtisadi əlaqələrinin inkişafı türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradır. Bakı ilə Daşkəndin müxtəlif beynəlxalq və regional məsələlər üzrə qarşılıqlı dəstəyi və yaxın mövqeləri bu əməkdaşlığın siyasi əhəmiyyətini artırır.

Bu gün Azərbaycan–Özbəkistan münasibətləri dostluq və qardaşlıq ifadələrinin hüdudlarını aşaraq konkret sənədlər, investisiya layihələri, təhsil proqramları, mədəni təşəbbüslər və qarşılıqlı siyasi dəstək sistemi ilə xarakterizə olunur. 2024-cü ildə müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması ilə başlayan yeni mərhələ 2026-cı ilin avqustunda Əbədi Dostluq haqqında Müqavilənin imzalanması ilə daha da möhkəmlənib.

Özbəkistanın 35 illik müstəqillik yubileyi belə bir tarixi mərhələyə təsadüf edir. Müstəqilliyin ilk illərindən bu günə qədər keçilən yol, ölkənin iqtisadi və sosial inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi və yeni şəhərsalma layihələri Özbəkistanın müasir inkişaf dinamikasını nümayiş etdirir. Azərbaycan üçün isə qardaş Özbəkistanın uğurları həm də ortaq türk dünyasının inkişafı baxımından əhəmiyyətlidir.

Bu gün Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız iki dövlətin ikitərəfli əlaqələri kimi deyil, daha geniş coğrafiyada sülhə, sabitliyə, iqtisadi tərəqqiyə və türk dünyasının həmrəyliyinə xidmət edən mühüm əməkdaşlıq modeli kimi diqqəti cəlb edir. Bakı ilə Daşkənd arasında qarşılıqlı etimadın möhkəmlənməsi, iqtisadi əlaqələrin genişlənməsi, humanitar layihələrin artması və siyasi dialoqun yüksək səviyyəsi gələcək üçün nikbin əsaslar yaradır.

Özbəkistanın 35 illik müstəqillik yolu ilə Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi arasında mühüm bir məntiqi bağlılıq var: müstəqil və güclü dövlətlər bir-birinin inkişafını dəstəklədikcə, xalqlar arasında tarixi qardaşlıq münasibətləri də daha möhkəm siyasi və iqtisadi dayaqlar qazanır.

Özbəkistanın müstəqilliyi əbədi, Azərbaycan–Özbəkistan dostluğu sarsılmaz, qardaşlığı və müttəfiqliyi daim möhkəm olsun!

Nurəngiz Adilqızı
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see280

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see270

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see263

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see257

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see251

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see251

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see248

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see243

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see243

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see236

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see224

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see223

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see223

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see218

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see216

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see215

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see212

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see211

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see198

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri