“Özümdən daha güclü futbolçu görməmişəm”
Footbal-plus-dan alınan məlumata görə, Icma.az xəbər verir “Özümdən daha güclü futbolçu görməmişəm”.
Fevralın 5-də Kriştiano Ronaldonun 40 yaşı tamam oldu. Qocalmaq bilməyən “Qızıl top”un beşqat qalibi hələ də Səudiyyə Ərəbistanında qolları sıralamaqdadı.
Portuqaliyalı superulduzun hesabında hazırda 923 qol var və belə görünür, o 1000-ə çatana qədər sakitləşməyəcək. Ronaldo yubileyi ərəfəsində ispaniyalı jurnalist Edu Agirreyə müsahibə verib. Təxminən 50 dəqiqəlik müsahibədə o, 1000 qola çatmaq hədəfi, tarixin ən yaxşı futbolçusu, Kilian Mbappenin “Real”dakı durumu, öz gələcəyi və bir sıra başqa mövzular ətrafında danışıb. Onun müsahibəsinin ən maraqlı hissələri ilə sizi tanış edirik.
* Səudiyyə Ərəbistanında gündəlik həyatım necə keçir? Həyat yoldaşımla nahar etməyi, yaxşı məşq etməyi, yaxşı qidalanmağı, uşaqları məktəbdən götürməyi, onlarla birlikdə idmana getməyi sevirəm. Eyni zamanda dincəlməyi və gücümü bərpa etməyi də xoşlayıram. Çox nadir hallarda şam yenəyi üçün harasa çıxıram.
* Mbappenin yerində olsam, özüm hücumçu ikən necə oynayırdımsa, elə də oynayardım. İndi “Real”da olsaydım, ona mərkəz hücumçusu kimi necə oynamaq lazım gəldiyini öyrədərdim. Düzdü, mən təmiz “9 nömrə” deyildim. Amma uzun müddət mərkəz hücumçusu kimi də oynadım. İnsanlar bəzən unudur ki, əsl mövqeyim vinger idi. Hücumçu kimi oynamaq Mbappenin “Real”da işini bir qədər çətinləşdirir. Fikrimcə, o hələ də bu mövqedə necə oynamalı və nə etməli olduğunu anlamır. Çünki bu, onun doğma mövqeyi deyil. Amma üzümü “Real” azarkeşlərinə tutaraq demək istəyirəm ki, onu hər vəchlə qorusunlar. Mbappe çox yaxşı futbolçudu. “Real” onu həm qorumalı, həm də yardım etməlidi. Onun fanatlara hələ çox xoşbəxt anlar yaşadacağına şübhə etmirəm. Mbappeni çox sevirəm. Təkcə ona görə yox ki, uşaq vaxtı məni çox sevirdi və onun kumiri idim. Mən həqiqətən də onun dahi futbolçuya çevriləcəyini düşünürəm.
* Bellingemə gəlincə, onun yolu hələ uzundu. Bellingem mənə Zidanı xatırladır. Çünki Zidan möhtəşəm idi və çox gözəl oynayırdı. Unutumayaq ki, Bellingemin cəmi 21 yaşı var. Gələcəkdə onu böyük fürsətlər gözləyir. Bu cavan oğlan əsl ulduz olacaq.
* Mən həm tarixin ən məhsuldar, həm də ən hərtərəfli futbolçusuyam. Çünki hər şeyi ən yüksək səviyyədə etməyi bacarıram. Həm başla yaxşı oynayıram, həm cərimə zərbələrini yaxşı vururam, həm sol ayağımla qüvvətli zərbələrim var, həm də cəldəm, fiziki cəhətdən güclüyəm və hündürə tullanıram. Təbii ki, bu, daha çox zövq məsələsidi. Kimsə Messini, kimsə Maradonanı, kimsə də Peleni daha çox bəyənir. Belə düşünənləri anlayıram və hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma dediyim kimi ən hərtərəfli və universal futbolçu mənəm. Özümü tarixin ən yaxşı oyunçusu hesab edirəmmi? Bəli. Bunu tam səmimi şəkildə deyirəm. Çünki özümdən daha güclü futbolçu görməmişəm.
* Səudiyyə Ərəbistanına gəlməyə qərar verdikdə buranın çempionatının bu dərəcədə sürətlə inkişaf edəcəyini gözləmirdim. Ancaq bilirdim ki, çempionat yaxın gələcəkdə indi olduğu səviyyəyə çataraq top-turnirlərdən birinə çevriləcək. Tənqid edənlərin böyük əksəriyyətinin çox şeydən xəbərləri yoxdu. Məsələn, MLS ilə müqayisədə hələ də buranın zəif olduğunu iddia edənlər var. Amma bu iki turnir tam fərqli dünyadı. Əlbəttə, MLS daha zəifdi. Sadəcə, söhbət Səudiyyə Ərəbistanından gedir deyə, adamlar bura layiqincə dəyər vermir. İşin içində olmadıqları üçün nə danışdıqlarını bilmirlər. Amma burda olanlar yerli liqanın necə mükəmməl olduğunu bilirlər.
* Sağlam rəqabət həmişə faydalıdı. Madrid Barselonaya, Ronaldo Messiyə, Ramos Pikeyə qarşı... İnsanlar bu gərgin rəqabəti böyük maraqla izləyirdilər. Fikrimcə, onlar üçün bu rəqabətlə bağlı xatirələr dəyərlidi. Messi ilə 15 il müddətində futbol səhnəsini bölüşdük. Münasibətlərimiz həmişə qaydasında olub. Yadımdadı ki, hətta bir dəfə mərasimlərdən birində səhnədə deyilən sözləri onun üçün ingilis dilinə tərcümə edirdim. Məzəli anlar idi. Messi də həmişə mənə münasibətdə yaxşı davranıb. Hərəmizin öz maraqları var idi. O öz klubunu və ölkəsini, mən də öz klubumu və ölkəmi qoruyurdum. Həmişə bir-birimizi motivasiyalandırırdıq. Elə illər var idi ki, aramızdakı rəqabət Senna ilə Prostun (sabiq “Formula-1” pilotları) rəqabətini xatırladırdı.
* “Kamp Nou” stadionunda oynamaq, orda qollar vurmaq xoşuma gəlirdi. O stadionda insanlar hər zaman məni fitə basmağa, mənə psixoloji təzyiq göstərməyə çalışırdı. Oranın tam fərqli aurası var idi. Amma mənim vecimə də deyildi. Onların sözlərinə, təhqirlərinə fikir vermirdim. Məni yalnız qol vurmaq və bu insanları susdurmaq maraqlandırırdı. Düzünü desəm, mənə “Kamp Nou”da qol vurmaq “Santyaqo Bernabeu”da qol vurmaqdan daha çox zövq verirdi.
* İnsanları mənim 1000 qola çatıb-çatmayacağım maraqlandırır. Çox qol vururam. Amma görürəm ki, insanlar buna lazımi dəyəri vermir. Onlar bu haqda danışanda, sadəcə, “1000 qol üçün 85 qola ehtiyacı var” deyirlər. Bu isə xoşuma gəlmir. Hər şey təbii baş verəndə daha gözəl olur. İndi 920 və ya 930 qolumun olmasının nə önəmi var... Mən onsuz da futbol tarixinin ən yaxşı bombardiriyəm. 1000 qola çatmaq, təbii ki, əla olardı. Amma bunu bacarıb-bacarmayacağımı bilmirəm. İndiki anla yaşamaq gələcəyi düşünməkdən daha yaxşıdı. Mən şəxsəm buna çatmaq istərdim. Amma bu haqda düşünməməyə çalışıram. Açığı, bu mövzu və bu haqda deyilənlər artıq yavaş-yavaş qıcıq doğurmağa başlayır.
* Düşünürəm ki, baş məşqçi mütləq sabiq futbolçu olmalıdı. O, futbolçu kimi paltardəyişmə otağında olmayıbsa və oranın atmosferini bilmirsə, məşqçi kimi uğur qazanması çox çətin olacaq. Futbol tarixinin ən yaxşı məşqçilərinə baxsaq, görərik ki, məsələn, 50-dən 48-i sabiq futbolçudu. Amma mənim sevimli məşqçim olmayıb. Hər birindən müəyyən şeylər mənimsəməyə çalışmışam. Hərçənd karyeramda çox pis məşqçilər də olub. Görürdüm ki, onların futboldan heç bir anlayışı yoxdu!
* Fikrimcə, futbol tarixinin ən yaxşı klubu “Real”dı. Madridə qayıtmaq ehtimalım varmı? Bəlkə də karyeramı bitirəndən sonra bu mövzuda hansısa yenilik yaşana bilər. “Real”da keçirdiyim dönəm futbol baxımından karyeramın ən xoşbəxt vaxtıdı. Madriddən ayrılmaq üzrə olduğum dönəmdə bir olay yaşandı. “Yuventus”la danışıqların son mərhələsinə qədəm qoymuşdum. Florentino Peres isə mənimlə özünü çox da yaxşı aparmırdı. Bunu anlayıram. O həmişə belə davranır. Amma son anda məni fikrimdən daşındırmağa çalışdı. Artıq geriyə yol yox idi. Çünki “Yuventus”a söz vermişdim. Hər şeyə rəğmən, Peresə çox dəyər verirəm. Ciddi insandı və ümumi götürdükdə mənimlə yaxşı davranırdı. Onunla birlikdə çox şeylər qazandıq.
* Vinisius, sözsüz, ötən il “Qızıl top”a layiq idi. Bu mükafatın artıq heç bir dəyəri və nüfuzu qalmayıb. Onun qalib gələ bilməməsinə həm təəccübləndim, həm də üzüldüm. Hansı hisslər keçirdiyini bilirəm. Çünki mən özüm də iki dəfə onun yerində olmuşam. Vinisiusa layiq olduğu “Qızıl top” verilmədi. Ona görə də bu mərasimə artıq heç bir güvən qalmayıb.
* “Barselona”ya transfer olunmaq ehtimalım var idimi? Bəli. “Sportinq”də oynadığım vaxt həqiqətən də “Barselona” məni transfer etmək istəyirdi. Amma bu, baş vermədi. Çünki “Barsa” mənim əvvəlcə bir mövsüm başqa klubda oynamağımı və yalnız sonradan onların sıralarına qoşulmağımı istəyirdi. “Mançester Yunayted” isə məni dərhal heyətinə qataraq şans verməyə başladı.
* Dünyanın ən məşhur simasıyam. Dünyada ən çox təqibçi sayı məndədi. Bu, mənim günahım deyil. İnsanlar onsuz da Kriştiano Ronaldonu sevir. Məsələn, bara gedib orda lovğalanmağıma nə ehtiyac var? Mən başqa cür insanam. Həm futbolda, həm də ondan kənarda olan rəqəmlər heç vaxt yalan danışmır. Ona görə də lovğalanmağıma hetiyac yoxdu. Ya da mən hansısa mövzuda lovğalanıramsa, bunu real şeylərə əsaslanaraq edirəm.
* Məni sevməyənlər haqda nə düşünürəm? Yaşa dolduqca xarakter dəyişir. Bəzi şeyləri daha soyuq və sakit qarşılamağa başlayırsan. Sənin haqda pis fikirdə olanlara fikir verməməyə alışırsan. Çünki bu insanlar onlar haqda düşünməyə layiq deyillər. Mənim statusum elədi ki, istər-istəməz bəzilərində paxıllıq hissi yaranmağa başlayır. Və bu, həmişə də belə davam edəcək. Ona görə də yalnız məni sevən insanlara dəyər və önəm verməyə çalışıram. Tənqid futbolun ayrılmaz parçasıdı. Onun sayəsində inkişaf etmək mümkündü. Tarixdə elə bir dahi yoxdu ki, tənqid olunmasın.
* Hələ də səhərlər məşq etmək və futbol oynamaq arzusu ilə oyanıram. Düzdü, ola bilər ki, bu arzu əvvəlki illərlə müqayisədə bir qədər azalıb. Amma bu, mənim ən böyük ehtirasımdı. Bu işdən zövq alıram. Düşünürsüz ki, hər gün trenajor zalına böyük həvəslə gedirəm? Xeyr. Sadəcə, belə bir öhdəliyim var və ona görə də ora gedirəm.
* Mən peşəkar idmandan lap bu gün də ayrıla bilərəm. Onsuz da heç bir təəssüf hissim olmayacaq. Sadəcə, bir qədər üzüntü yaşayacam. Çünki hələ də bu işin öhdəsindən gələ və futbolda iz buraxa bilirəm. Ona görə də indiki dönəmlə yaşamağa və uzaq gələcək barədə düşünməməyə çalışıram.
* Futboldan sonrakı həyatım şirkətlərlə, məni motivasiya edəcək şeylərlə bağlı olacaq. İctimaiyyətə, insanlara yardım edə biləcək sahələrə yönələcəm. Məsələn, otellər, xəstəxanalar, reabilitasiya mərkəzlərinin tikilməsi. Məni əyləndirəcək işlərə yönələcəm. Amma bu dönəmin baş verməsinə az bir vaxt qaldığını düşünmürəm.
* Oğlumla birlikdə oynamaq istərdimmi? Niyə də olmasın?! İmtina etməzdim. Amma bu, gecələr məni yatmağa qoymayan problemlərdən deyil. Bu haqda heç düşünmürəm. Yaşayaq görək, necə olacaq. Bu, məndən yox, daha çox ondan asılıdı. İllər ötür. Düzdü, karyeramın müddətini bir qədər də artırmaq istərdim. Amma axır-əvvəl futboldan gedəcəyim bir vaxt gələcək. Oğlumun öz yolu olacaq. Seçəcəyi peşədən asılı olmayaraq, onunla qürur duyan bir ata olacam. Futbolu seçsə, lap əla. Seçməsə, problem olmayacaq. Ən azı bilirəm ki, onun futbolu seçməsi üçün əlimdən gələni etmişəm. İstənilən halda bu məsələ ciddi problem yaratmayacaq.
ƏLİ RAUFOĞLU hazırladı
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)