Icma.az
close
up
RU
Paris “jandarm diplomatiya”sından əl çəkməlidir

Paris “jandarm diplomatiya”sından əl çəkməlidir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Keçmişinə xəstəcəsinə yapışanların siyasi gələcəyi sual altındadır

Fransanın özünün zəngin müstəmləkə “ənənələrindən” qürur duyduğu əyyamlar arxada qalıb. Nə yazıqlar ki, Yelisey sarayının indiki sahibləri XXI əsrdə müstəmləkə təfəkküründən qurtula bilmir, bu azmış kimi, riyakar və çirkin siyasətlərinə qarşı çıxanları hədəfə alır, onlara çeşidli təzyiqlər göstərirlər. Emmanuel Makron iqtidarının gözündə Azərbaycanın günahı ondan ibarətdir ki, Bakı müstəmləkə istibdadı altında inləyən, müstəqillik uğrunda mübarizəyə qalxan kiçik ada-dövlətlərin ədalətli mücadiləsinə dəstəyini nümayiş etdirir.

Keçən əsrin doxasınıncı illərinin əvvəllərində “qırmızı imperiyanın” müstəmləkə zəncirindən qurtulmuş Azərbaycanın bu gün eyni aqibəti yaşayan xalqlarla həmrəy olması nədən kimlərinsə yuxusunu ərşə çəkdirib? Niyə dünyaya azadlıq, demokratiya, insan hüquqları kimi bəşəri dəyərlərdən dərs keçməyə çalışan həmin Avropa gözünün qabağında baş verənlərə göz yumur, qulağını tıxayır? Bu ikili standartın, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına mane olan səbəblər hansılardır? Özünü “Qoca qitə”nin “beyin mərkəzi” adlandıran Fransanın başbilənləri jandarm diplomatiyasından əl çəkməli, Azərbaycana qərəzli ultimatumlar verməkdənsə, bu sualların cavabını axtarıb tapmalıdırlar.

Azərbaycan azadlıq eşqi ilə yaşayan xalqlara dəstəyini beynəlxalq hüquq çərçivəsində və ədalət prinsipini rəhbər tutaraq göstərir. Bu gün Bakı Qoşulmama Hərəkatına üzv dövlətlərin problemlərini bütün dünyanın diqqətinə çatdıran beynəlmiləl tribunaya çevrilib. Neokolonializmlə mübarizə isə gündəmin ən önəmli mövzusu olaraq qalmaqdadır. Bu xüsusda Korsika və Yeni Kaledoniyanın fəallıq göstərməsi tamamilə başadüşüləndir. Son bir həftə ərzində ikinci dəfə Azərbaycandan şikayətçi olan Fransanın xarici işlər naziri Jan Noel Baronun narahatlığını isə başa düşmək çətindir. Əslində, ermənipərəst Parisin bu qədər əndişələnməsinin motivi məlumdur. Müsyö Baro “X”-də paylaşdığı açıqlamasında yazır: “Bakı Təşəbbüs Qrupu növbəti dəfə Yeni Kaledoniyada milli siyasi həyatımızı pozmağa cəhd etdi. Azərbaycanın xaricdəki ərazilərimizdə bu nəticəsiz cəhdləri qəbuledilməzdir və dərhal dayandırılmalıdır”. Bu barədə artıq çox yazılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə fransalı nazirin Azərbaycanın, guya, Fransanın dənizaşırı ərazilərində müdaxilə ilə bağlı Senatda səsləndirdiyi iddialarını yetərincə məntiqli və arqumentli şərh edib. A.Hacızadə şərhində bildirib ki, Senatda müzakirələr növbəti dəfə Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə qondarma müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd edilib: “Fransanın xarici işlər naziri Jan Noel Baronun Azərbaycanı dənizaşırı ərazilərə müdaxilədə ittiham edən bəyanatı Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdi olduğunu bir daha diqqətə çatdırırıq. Məhz Fransa hər zaman regional məsələlərə qarışaraq, Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb”.

XİN rəsmisi Parisin nəzərinə çatdırıb ki, Bakı Təşəbbüs Qrupu bir QHT kimi Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir: “Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini sarsıdır. Ona görə də indi diqqətimizi Fransa diplomatiyasının rəhbərinin son çıxışına yönəldəcəyik”.

***

Bəli, Cənubi Qafqaza ən təxribatçı, separatçı və ədalətsiz müdaxilələri ilə ad çıxarmış Fransanın Azərbaycanı uzaq okeaniyadakı xalqlara haqq işlərində dəstək verməkdə ittiham etməsi gülüncdür. Baronun Fransa Senatının tribunasından etdiyi vodevil üslubunda çıxışları hazırlıqlı oxucuda məhz bu cür assiosiasiya doğurur. Onun Bakı Təşəbbüs Qrupunun ünvanına dediyi şikayətnaməyə diqqət yetirin: “Bu qrup bizim ictimai müzakirəmizə müdaxilə etmək və millətin əsas maraqlarına, yəni ərazi bütövlüyümüzə və ictimai təhlükəsizliyimizə zərər vermək niyyətini açıq şəkildə nümayiş etdirir”.

Yəni Fransa hakimiyyəti siyasi cəhətdən o qədərmi səbatsızlığa uğrayıb ki, Azərbaycanın sıradan bir QHT-sinin şəffaf fəaliyyətini özünün “ərazi bütövlüyünə və ictimai təhlükəsizliyinə” təhdid hesab edir? Bu qorxunun dərəcəsi Jan Noel Baronun çıxışının davamında açıq-aydın hiss olunur: “Ona görə də biz buna imkan verməyəcəyik. 2024-cü il noyabrın 19-da mən Azərbaycanın Parisdəki səfirini bu hərəkətləri qəti şəkildə pislədiyimizi bildirmək və onun hökumətindən bu hərəkətləri dayandırmağı tələb etmək üçün çağırdım”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Fransa və Ermənistan–Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında bu mövzuya toxunaraq bildirib ki, hazırda Fransa ilə Azərbaycan arasında münasibətlər gərginlik dövrünü yaşamaqdadır. Onun sözlərinə görə, hansı tərəfdən yanaşılmasından asılı olmayaraq, bu böhrana səbəb Fransanın özüdür: “Azərbaycanın bir sıra Avropa ölkələri ilə çox konstruktiv əlaqələri var. Amma hazırda Fransa ilə münasibətlərdə böhran yaşanır. Buna baxmayaraq, iki ölkə arasında iqtisadi və enerji sahələrində əməkdaşlıq davam edir. Azərbaycan daim BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa ilə əlaqələr qurmağa çalışır. Ölkəmiz bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır”. BMTM sədri münasibətlərin gərginləşməsində Fransadakı erməni amilinin böyük rol oynadığını vurğulayıb və bunun təşəbbüskarının Azərbaycan olmadığını diqqətə çatdırıb. Bununla yanaşı, F.Şəfiyev qeyd edib ki, Azərbaycanda Fransanın mədəniyyəti və dilinə qarşı normal münasibət mövcuddur: “Son vaxtlar Fransa səfirliyi Azərbaycandan viza müraciətlərinin artdığını açıqlayıb. Bu da normal haldır. Çünki Azərbaycan Fransa mədəniyyətinə qarşı mübarizə aparmır və vətəndaşlarımızın bu ölkəni ziyarət etmək, onun zəngin mədəniyyət nümunələrini görmək istəyi düzgün qarşılanmalıdır”.

***

QHT-ni hökumətlə səhv salan Fransa xarici işlər nazirinin məntiqindən bu nəticə hasil olur ki, dünyanın qınaq dolu nəzərləri Fransaya yönəlməmişdən əvvəl Azərbaycanda təcəssüm edib. Baro bunu belə təsvir edir: “Məhz buna görə də dekabr ayında xarici rəqəmsal müdaxiləni aşkar edən Viginum xidməti bu manevrlərin miqyasını, onların həqiqi olmadığını və məqsədlərinə çata bilmədiyini nümayiş etdirən ətraflı hesabat dərc etdi”. Beləliklə, Fransanın tanınmış rəqəmsal elm adamları Yelisey sarayına “düşmən” üzərində qələbə haqqında məruzə ediblər. Bundan sonra vedovil məzhəkə xarakteri alır: “Əgər sizin dediyiniz müdaxilə videokonfrans formatında baş veribsə, bu ona görədir ki, biz bu qrupun təşkil etdiyi forumda Azərbaycan hakimiyyətinin iştirakına sanksiyalar vasitəsilə mane olmuşuq”. Bunları oxuyanda məşhur fransız aktyoru Lui de Funesin baş rolda çəkildiyi jandarmlar haqqında komediyanı xatırladıq. Həmin filmdə səhlənkar və yöndəmsiz jandarmlar özlərindən heç də geri qalmayan komissara hesabat verirlər. Amma hər dəfə yanlış hərəkət edən bütün komanda başqa bir xəcalətlə üzləşməli olur. Bu dəfə oxşar biabırçılığı jandarm rəisi deyil, Fransanın baş diplomatı nümayiş etdirib: “Xarici ərazilər üzrə nazirlə birlikdə biz sizi – Yeni Kaledoniya xalqını dəstəkləyirik. Onları qurulmuş tələyə düşməməyə çağırırıq. Özünü biabır edən, gözdən salan, sanksiyalara məruz qalacaq Azərbaycana səslənirik...”.

Bu məqamda müsyö Baronun açıqlamasına müdaxiləyə ehtiyac yaranır. Əgər Paris sanksiyaların köməyi ilə istədiyi nəticəni əldə edəcəyinə əmindirsə, onda niyə Azərbaycandan heç nə etməməyi tələb edir? Məsələnin maraqlı tərəflərindən biri də odur ki, Azərbaycan özünü necə, hansı formada biabır edir? Məgər xalqların müstəmləkəçiliyə qarşı mübarizəsini dəstəkləmək rüsvayçılıq sayılır? Doğrudur, bu fəaliyyət günahkarda səbəbkar ölkəyə qarşı qıcıq, hətta nifrət yarada bilər. Amma ədalətli ölkə bundan heç vaxt utanmaz və xəcalət hissi keçirməz.

***

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, əgər Fransa Azərbaycanın onun daxili işlərinə qarışmasından bu qədər narahatlıq keçirirsə, onda düşünsün ki, bəs niyə onlar vaxtilə Qarabağ separatçılarına o dəstəyi verirdilər: “Biz Fransa prezidentliyinə namizədlərin Qarabağa səfərlərini, qeyri-qanuni “dqr” rejiminin nümayəndələri ilə görüşlərini unutmamışıq. Onda rəsmi Paris dolayısı ilə deyil, birbaşa Azərbaycanın daxili işlərinə qarışır, ölkəmizin ərazi bütövlüyünü pozurdu. Azərbaycanın heç bir rəsmisi Yeni Kaledoniyaya səfərə getməyib, orada müstəqillik uğrunda mitinq keçirənlərə dəstəyini ifadə etməyib. Onlar öz problemlərini Bakıda keçirilən beynəlxalq konfranslarda qaldırırlar. Amma yenə deyirəm, hansı dövlət məmurumuz Numeaya gedib, aranı qarışdırıb? Ortada belə bir fakt yoxdur. İntəhası, torpaqlarımız işğal altında olanda Fransa rəsmiləri, diplomatları qanunsuz olaraq dəfələrlə Qarabağa gəlirdilər, Xankəndidə separatçıların liderləri ilə görüşürdülər. Bunlar danılmaz faktlardır. Təəssüflər olsun ki, Fransada Azərbaycan barədə danışanda heç bir məmur, qanunverici orqanın təmsilçisi çıxıb demir ki, biz Cənubi Qafqazda yanlış xarici siyasətimiz ucbatından indiki vəziyyətlə üzləşmişik. Gəlin, bu bölgə ilə, Azərbaycana yönəlik siyasətimizə korrektələr edək. Doğrudan da Azərbaycanın Yeni Kaledoniya məsələsində tutduğu mövqeyindən narahatsınızsa, bunu edin. Bu istiqamətdə Yelisey sarayından heç bir açıqlama eşitməmişik. Bakı Parislə münasibətləri gərginləşdirməkdə maraqlı deyil. Fəqət, Fransa davamlı olaraq anti–Azərbaycan bəyanatları ilə çıxış etdiyinə görə ikitərəfli münasibətlərin yaxın gələcəkdə normallaşmasından danışmağa dəyməz”.

Ümumiyyətlə, Fransa xarici işlər nazirinin məlum çıxışlarında ümidsizlik notlarını sezməmək mümkün deyil. Bu amilin özü Parisi Bakı ilə fikir ayrılıqlarını danışıqlar masası arxasında müzakirə etməyə çağırmalıdır. Amma əvvəlcə çirkin anti-Azərbaycan isterikasından əl çəkməli, ölkəmiz adına diplomatik etiketdən kənar ritorikaya son qoymalıdır. Ən azı, ona görə ki, özünün tarixi torpaqları üzərində suverenliyini bərpa etmiş Azərbaycandan fərqli olaraq Fransa XIX və XX əsrlərdə vəhşicəsinə zəbt və istismar etdiyi, hələ də neokolonialist siyasətini davam etdirdiyi dənizaşırı ərazilərə münasibətini dəyişməyə məhkumdur.

Sözün qısası, Paris müstəmləkəçilik siyasətini dayandırmalı, Cənubi Qafqazda sabitliyi pozmağa yönəlik hərəkətlərdən əl çəkməli, Bakıya doğru saf niyyətli addım atmalıdır. Bu halda qarşılığını artıqlaması ilə görəcəyinə əmin olsun.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 02:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see188

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see170

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see150

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see140

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see132

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see131

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see128

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see126

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see124

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see123

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see123

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see122

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri