Paşinyan Makrondan iğtişaş yatırmağı öyrənir
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanda kütləvi etirazlara sipər çəkmək hazırlığı gedir
Fransada baş verən kütləvi etirazlar və iğtişaşlar Ermənistanda da diqqətlə izlənilən hadisələr sırasındadır. Bu maraq təsadüfi deyil. Paris İrəvanın ən yaxın siyasi tərəfdaşı, erməni hakimiyyətinin Avropa İttifaqındakı əsas dəstəkçisidir. “Beşinci respublika”da ictimai narazılığın artması, küçə etirazlarının tez-tez zorakı toqquşmalarla müşayiət olunması, polisin nümayişçilərə qarşı aşırı zor tətbiq etməsi Ermənistanın özündə də mümkün siyasi ssenarilər barədə müzakirələrə yol açır.
Doğrudur, Ermənistanın rəsmi şəxslərinin başları hazırda BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasına – COP17-nin İrəvanda keçirilməsinə qarışıb. Görünür, bunu bəhanə edən rəsmi şəxslər Fransadakı hadisələrə münasibətdə hələlik “müdrikcəsinə susqunluq” nümayiş etdirirlər. Lakin ictimai fəallar, siyasi partiyaların rəhbərləri və deputatlar məsələ ilə bağlı fikirlərini açıqlayır, Fransadakı etirazların Ermənistanda təkrarlanması ehtimalını müzakirə edirlər.
Baş verənlər yerli mediada da müxtəlif rakurslardan təhlil olunur. Belə yazılardan biri analitik məqalələri ilə tanınan “ArmenianReport” saytında dərc edilib. “Fransızsayağı döy məni” sərlövhəli məqalədə Fransa Milli Polisinin Ermənistan Daxili İşlər Nazirliyinin Polis qvardiyasının əməkdaşlarına kütləvi iğtişaşların qarşısının alınması və etiraz aksiyalarının dağıdılması üzrə təlim keçməsi diqqət mərkəzinə gətirilir. Müəllif bu əməkdaşlığın nə üçün məhz indi gündəmə gəldiyini sorğulayır və qeyd edir ki, hakimiyyətin etiraz aksiyalarının dağıdılması sahəsində Fransa təcrübəsinə marağı gələcəkdə yarana biləcək ictimai narazılıqlara hazırlığı ilə bağlı ola bilər.
Təlimin pərdəarxası
“Sputnik Ermənistan” agentliyinin yaydığı xəbərə görə, Fransa Milli Polisinin mütəxəssisləri sentyabrın 22-dən oktyabrın 19-dək Ermənistan Daxili İşlər Nazirliyi Polis Qvardiyasının əməkdaşları üçün genişmiqyaslı yenidənhazırlıq kursları keçiriblər. Ermənistan DİN-in mətbuat xidmətinin məlumatında bildirilib ki, təlimlər ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi sahəsində taktiki bacarıqların inkişafına yönəlib.
Kurslar çərçivəsində fransalı mütəxəssislər erməni həmkarlarına kütləvi tədbirlər zamanı Fransada tətbiq edilən taktiki üsulları və əməliyyatların təşkili xüsusiyyətlərini öyrədiblər. İştirakçılar izdihamın üçmərhələli idarə olunması mexanizmi, kütləvi iğtişaşların qarşısının alınması və dayandırılması, hüquqpozmalarda iştirak edən şəxslərin saxlanılması və təcrid olunması üsulları ilə ətraflı tanış olublar.
Təlimlər nəzəri biliklərlə məhdudlaşmayıb. Polis Qvardiyasının əməkdaşları 3 fərqli ssenari üzrə praktiki tapşırıqları yerinə yetiriblər. Nümayişlər zamanı xüsusi vasitələrin və su şırnağı maşınının tətbiqi nümayiş etdirilib. Ssenarilərdən birində iğtişaşların ən fəal təşkilatçılarının müəyyənləşdirilməsi, saxlanılması və təcrid olunması üzrə əməliyyat keçirilib. Beləliklə, söhbət sadəcə ümumi polis hazırlığından deyil, kütləvi qarşıdurmaların idarə edilməsi və etiraz aksiyalarına müdaxilə imkanlarının təkmilləşdirilməsindən gedir. Rəsmi açıqlamada təlimin ictimai asayişin qorunması məqsədi daşıdığı vurğulansa da, onun məhz hansı ehtiyacdan irəli gəldiyi və gələcəkdə hansı şəraitdə tətbiq ediləcəyi barədə əlavə izahat verilməyib.
Niyə məhz Fransa?
Saytın diqqət yetirdiyi əsas sual da budur: Ermənistan polisi niyə məhz Fransanın təcrübəsinə müraciət edib və bu əməkdaşlıq nə üçün indi həyata keçirilir? Məqalə müəllifi Samvel Ohanesyan Fransa polisinin kütləvi etirazların idarə olunması sahəsində böyük təcrübəyə malik olmasını əsas səbəblərdən biri kimi göstərir. Fransada nümayişlər, polislə etirazçılar arasında toqquşmalar, küçələrdə baş verən qarşıdurmalar uzun müddətdir ölkənin ictimai-siyasi həyatının diqqətçəkən mövzularındandır. Son illərdə “sarı jiletlilər” hərəkatı da bu baxımdan geniş müzakirələrə səbəb olub. Müəllifin yanaşmasına görə, Fransa hakimiyyətinin küçə etirazları ilə mübarizədə topladığı təcrübə İrəvan üçün cəlbedici görünə bilər.
Bununla belə, məqalədə Fransa polisinin imkanlarına münasibət birmənalı deyil. Müəllif hesab edir ki, polis nümayişçilərlə tez-tez qarşıdurmaya girsə də, bu, etirazların qarşısını həmişə ala bildiyi anlamına gəlmir. Yəni güc tətbiq etmək təcrübəsi ilə narazılığın səbəblərini aradan qaldırmaq eyni deyil. Məqalədə bu fikri əsaslandırmaq üçün Fransada baş verən son hadisələrə də istinad olunur.
Müəllifin yazdığına görə, Limoj şəhərində həftəsonu bələdiyyə binasının yandırılması, gənclərin polis avtomobillərinə hücum etməsi və mağazalara daxil olaraq dağıntılar törətməsi Fransada ictimai asayişin qorunmasının nə qədər mürəkkəb məsələ olduğunu göstərir. Onun fikrincə, Fransa polisi etiraz aksiyalarının dağıdılması sahəsində təcrübəli olsa da, bu təcrübə küçələrdəki qarşıdurmaların tamamilə aradan qalxmasına gətirib çıxarmır.
Burada mühüm məqam ondan ibarətdir ki, Ermənistanın fransız mütəxəssisləri dəvət etməsi özlüyündə hakimiyyətin yaxın gələcəkdə genişmiqyaslı etirazlar gözlədiyini sübut etmir. Belə əməkdaşlıq polis hazırlığının artırılması və beynəlxalq təcrübənin mənimsənilməsi ilə də izah oluna bilər. Ancaq təlimin konkret məzmunu və keçirildiyi vaxt müəllifin suallarını da anlaşılan edir.
İrəvanın qərarlarına etiraz ehtimalı
Ermənistanın daxili siyasi gündəliyi fonunda bu sual daha çox diqqət çəkir. Ölkədə ərazi anklavlarının Azərbaycana qaytarılması məsələsi, sərhədlərin delimitasiyası və hakimiyyətin bu istiqamətdə səsləndirdiyi fikirlər ətrafında müzakirələr davam edir. Müxtəlif siyasi qüvvələr hökumətin mövqeyini tənqid edir, təkliflərin mümkün nəticələri ilə bağlı narahatlıqlarını ifadə edirlər. Yazıda müəllif bu informasiya axınının arasında Fransa polisinin Ermənistanda keçirdiyi təlimlərin diqqətdən kənarda qaldığını vurğulayır. Onun fikrincə, hakimiyyətin gələcəkdə cəmiyyətdə narazılıq doğura biləcək qərarlar qəbul etmək ehtimalı ilə polisin kütləvi iğtişaşlara qarşı hazırlığının artırılması arasında mümkün əlaqə barədə düşünməyə əsas var.
Məqalədə Ermənistan Baş naziri Nikol Paşinyanın polis islahatları ilə bağlı əvvəlki çıxışları da xatırladılır. Müəllif 2025-ci ilin aprelində polisin yaradılmasının 107-ci ildönümünə həsr olunmuş kollegiya iclasında Paşinyanın islahatların fasiləsiz proses olduğunu və onların gedişində aralıq nəticələrin əldə edilməli olduğunu söylədiyini qeyd edir. Həmçinin 2025-ci il noyabrın 1-də Polis Qvardiyasının yaradılması münasibətilə keçirilən rəsmi mərasimdə baş nazirin islahatların konkret bitmə tarixinin olmamalı olduğunu, əks halda, geriləmənin başlayacağını vurğuladığı bildirilir.
Yazıda bu açıqlamalar xatırladılaraq, fransız mütəxəssislərin dəvəti həmin islahatların davamı kimi təqdim edilir. Lakin şərhdə əsas məsələ polis hazırlığının artırılmasından daha çox bu hazırlığın hansı məqsədə xidmət edə biləcəyidir.
İslahatlar haradan başlamalıdır?
Məqalənin diqqətçəkən tərəflərindən biri də müəllifin Ermənistan polisinin gündəlik fəaliyyətinə dair tənqididir. O, fransız mütəxəssislərin təcrübəsindən yararlanmağın özlüyündə yanlış olmadığını bildirir. Əksinə, beynəlxalq təcrübənin öyrənilməsini mümkün və zəruri sayır. Ancaq müəllifin fikrincə, polis islahatlarını yalnız nümayişlərin dağıdılması üsullarının mənimsənilməsi ilə əlaqələndirmək düzgün yanaşma deyil.
Məqalədə Ermənistan cəmiyyətində tez-tez baş verən məişət münaqişələri, kütləvi davalar, bıçaqlanma və hətta atışma hadisələri xatırladılır. Müəllif hesab edir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları, ilk növbədə, belə insidentlərin qarşısının alınması, münaqişələrin vaxtında müəyyənləşdirilməsi və onların ağır nəticələrə gətirib çıxarmasının önlənməsi sahəsində daha fəal işləməlidirlər.
Güc, yoxsa etimad?
Fransanın Milli Polisinin Ermənistan Polis Qvardiyası üçün keçirdiyi təlimlər 2 istiqamətdə qiymətləndirilə bilər. Bir tərəfdən, kütləvi aksiyalar zamanı asayişin qorunması, təhlükəli vəziyyətlərin idarə olunması və hüquqpozmalara müdaxilə üzrə peşəkar hazırlığın artırılması hüquq-mühafizə orqanlarının qanuni vəzifələrinə daxildir. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi qeyri-adi hal deyil.
Digər tərəfdən, təlim proqramında izdihamın idarə olunması, iğtişaşların qarşısının alınması, fəal iştirakçıların saxlanılması və su şırnağı maşınından istifadə kimi məsələlərin xüsusi yer tutması onun ictimai-siyasi mənafelər baxımından müzakirəsini qaçılmaz edir. Xüsusilə də Ermənistanın daxili siyasi gündəmində həssas məsələlərin olduğu bir vaxtda belə hazırlığın səbəbləri barədə sualların yaranması təbiidir. “ArmenianReport”un qaldırdığı sualların cavabı isə yalnız təlim proqramının məzmununda deyil, Ermənistan hakimiyyətinin gələcək addımlarında və polisin gündəlik fəaliyyətində üzə çıxa bilər. Əgər islahatların nəticəsi vətəndaşların təhlükəsizliyinin artması, məişət zorakılığının və cinayətlərin qarşısının alınması, cəmiyyətin hüquq-mühafizə orqanlarına etimadının güclənməsi ilə ölçüləcəksə, bu, daha geniş nəticə verə bilər. Əks halda, etirazları dağıtmaq bacarığının artırılması polis islahatlarının əsas göstəricisinə çevrilərsə, müəllifin qaldırdığı suallar gündəmdə qalacaq.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 21 Oktyabr 2026 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















