Paşinyandan Ermənistanın qondarma dövlətçilik tarixi ilə bağlı dəqiq təsbit
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin dövlətçilik tarixi və bu tarixin miskinliklə dolu səhifələri haqqında maraqlı fikirlər səsləndirib. Baş nazir “Facebook” səhifəsində yazıb:
“Keçmişdə Ermənistan Respublikası digər dövlətlərin hesabına və onlar üçün mövcud olub. Bu gün isə Ermənistan Respublikası öz hesabına, öz vətəndaşlarının hesabına və onlar üçün mövcuddur”.
Paşinyanın məlum açıqlaması bir çox baxımdan ciddi maraq doğurur. Hər şeydən öncə qeyd edək ki, Ermənistanın baş nazirinin təsbiti tamamilə doğrudur və reallıqdan xəbər verir.
Həqiqətən də Ermənistan süni şəkildə yaradılan bir dövlət kimi yalnız başqa dövlətlərin marağına xidmət edib və yalnız onlar üçün mövcud olub. Hansı ki, məhz həmin dövlətlər Ermənistanı zaman-zaman Türkiyə və Azərbaycana qarşı qarşıdurmalara, terror və təxribatlara təhrik edib, regiondakı maraqlarını məhz onun vasitəsilə təmin etməyə çalışıb.
İkincisi, Ermənistan bu günə qədər həqiqətən də məhz himayədar dövləltərin hesabına mövcud olub. Onun bir dövlət kimi bütün ehtiyacları məhz həmin qüvvələr tərəfindən qarşılanıb. Buna görə də Ermənistan hər zaman həqiqi müstəqillikdən məhrum olub.
Üçüncüsü, Ermənistan tarixdə ilk dəfə olaraq sözün həqiqi mənasında müstəqil dövlət olmağa yaxındır. Paşinyan hakimiyyətinin gec də olsa Azərbaycanın sülh səylərini dəstəkləməsi, 8 avqust tarixində Vaşinqtonda sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizinin açılmasının razılaşdırılması Ermənistanın müstəqil dövlət olmaq səylərindən xəbər verir. Əgər Paşinyan rejimi sona qədər bu prosesə dəstək verər və sülh müqaviləsinin imzalanması üçün üzərinə götürdüyü bütün öhdəliklərə əməl edərsə, o zaman Ermənistan gerçəkdən də müstəqillik yolunda həlledici addım atmış olacaq. Və bu, erməni toplumunun dövlətçilik tarixlərində əldə edəcəkləri ilk ciddi uğur kimi tarixdə qalacaq.
Seymur ƏLİYEV


