Payız fəslində baş ağrıları artır Nevroloqdan vacib tövsiyələr
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Payız fəsli hava şəraitinin sürətlə dəyişdiyi dövrdür. Temperaturun kəskin enib-qalxması, küləkli və yağışlı hava, eləcə də atmosfer təzyiqinin dəyişməsi insanın damar sisteminə ciddi təsir göstərir. Bu səbəbdən bir çox insanlarda payız aylarında baş ağrıları və miqren tutmaları artır.
News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə nevroloq Qalina Çudinskaya məlumat verib.
Onun sözlərinə görə, miqren sinir sisteminin ən çox yayılmış xəstəliklərindən biridir:
"Xəstəlik başın müəyyən hissəsində pulsasiyaedici ağrılar, işığa, səsə qarşı həssaslıq, ürəkbulanma və əsəbiliklə özünü büruzə verir. Bəzən miqren görmə pozuntuları, əllərdə, ayaqlarda keyimə və ya sancı hissi olur".
Qalina Çudinskaya bildirib ki, payızda miqrenin artması havanın soyuması, Günəş şüasının azalması ilə əlaqədardır:
"Payızda damarların həssaslığı artdığı üçün temperatur dəyişkənliyi periferik damar spazmlarına, qan dövranının pozulmasına və tromb yaranması riskinə səbəb olur. Xroniki damar xəstəlikləri, hipertoniya, şəkərli diabet və artıq çəkisi olan insanlar xüsusilə risk altındadırlar".
Nevroloqun sözlərinə görə, insult miqrendən fərqli olaraq, dərhal tibbi müdaxilə tələb edir:
"Onun əsas əlamətləri qəfil başlayan güclü baş ağrısı, ətraflarda keyimə, zəiflik, nitq və görmə pozğunluğu, hərəkət koordinasiyasının və huşun itməsidir. Miqrenin simptomları adətən tədricən inkişaf edir və təkrarlanan xarakter daşıyır.
Q.Çudinskaya payızda sağlam qalmaq üçün bir sıra tövsiyələr də verib:
"Otaqda temperatur sabit saxlanmalı, qan təzyiqi, qanda şəkərin miqdarı mütəmadi olaraq yoxlanmalı, qan dövranını yaxşılaşdırmaq üçün yüngül fiziki aktivlik – gəzinti, üzgüçülük, gimnastika ilə məşğul olunmalı, yuxu keyfiyyətinə, düzgün qidalanmaya, stressin azaldılmasına və kifayət qədər su qəbuluna diqqət yetirilməlidir".(Teleqraf )


