Icma.az
close
up
RU
Prezident Azərbaycan milli komandasının üzvlərini qəbul edib

Prezident Azərbaycan milli komandasının üzvlərini qəbul edib

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. SİA xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi:

Prezident İlham Əliyevin çıxışı

- Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatı dünən başa çatdı. Azərbaycan milli komandası bütün oyunlarda peşəkarlıq, qələbə əzmi göstərərək dünya çempionu titulunu qazanmışdır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. İlk növbədə, komandanın oyunçularını, məşqçilərini, mütəxəssislərini, Minifutbol Federasiyasını və bu qələbədə iştirak etmiş bütün insanları təbrik edirəm. Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var.Çempionatı izləyənlər öz gözləri ilə bizim oyunçularımızın tam üstünlüyünü görə biliblər. Mən oyunlarınızın son dördünü izləmişəm və tam əminliklə deyə bilərəm ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər. Oyunu həm gimnastika arenasında izləyənlər, həm də televiziya vasitəsilə izləyənlər sizin qələbənizə ürəkdən sevinmişlər. Yenə də deyirəm, siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər. Mən sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bu qələbələrin davamı olsun. Əlbəttə ki, bu titulu qorumaq o qədər də asan olmayacaq. Mübarizə çox gərgin gedirdi və təbii ki, dünya çempionatında təmsil olunan komandalar ən güclü komandalardır. Ancaq hesab edirəm ki, gələcəkdə xalqımızı sevindirmək və Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün sizin böyük imkanlarınız var. Bir daha sizi təbrik edirəm və bu qələbə sevincini xalqımıza bəxş etdiyiniz üçün Azərbaycan xalqı adından Sizə təşəkkürümü bildirirəm. Sağ olun.
x x x
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dedi:
-Möhtərəm cənab Prezident, mən şəxsən bütün federasiya adından, futbolçular adından, məşqçi heyəti adından Sizə öz dərin təşəkkürümü bildirirəm ki, bu gün bizi qəbul edirsiniz. Doğrudan da bu gün bizim üçün həm şərəfli, həm də uğurlu bir gündür. Biz doğma divarlar arasında dünya çempionu olmuşuq. Bu, hər bir futbolçu üçün çox önəmli bir haldır. Sizə deyə bilərəm ki, bütün oyunlar zamanı bütün azarkeşlər bizi dəstəkləyirdi. Xalqımız televizorun önündə bizi dəstəkləyirdi. Əlbəttə ki, futbolçular da çox böyük zəhmət çəkdilər və hər bir oyunda bir ailə kimi ruhlarını, canlarını qoydular. Doğrudan da azarkeşlər onları irəli səsləyirdi.Möhtərəm cənab Prezident, əlbəttə ki, Sizin idmana, gəncliyə, ümumiyyətlə bütün futbolsevərlərə, minifutbolsevərlərə verdiyiniz dəstək bizim uğurumuzun əsas sütunu idi. Bunu hər bir futbolçu bilir və Sizə dərin təşəkkürümüzü bildiririk.Həmçinin Sizin sahibkarlara göstərdiyiniz dəstək göz önündədir. Onlar futbolun bu növünə yatırımlar edirlər. Bizim çox güclü çempionatımız var. Sponsorlar oraya dəstək göstərir. Əlbəttə ki, biz bu çempionatdan ən güclüləri yığaraq bu gün milli komanda yaratmışıq. Onlar həm Avropa çempionu, həm də dünya çempionu oldular. Son dəfə Siz bizi qəbul edərkən Sizə söz verdik ki, çalışacağıq yeni titullar, yeni uğurlar qazanaq. Bizim üçün çox şərəflidir ki, bu dünya kubokunu Sizin önünüzə gətiririk.Sizə çox dərin təşəkkürümü bildirirəm, bu qələbəni biz xalqımıza, Vətənimizə, Sizə və hörmətli Mehriban xanıma həsr edirik. Çox sağ olun, Sizə çox təşəkkür edirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Milli komandanın baş məşqçisi Elşad Quliyev: Hörmətli Prezidentimiz, öz adımdan, komandanın adından təşəkkür edirəm ki, bizi dəvət etmisiniz. Biz 2022-ci ildə də Avropa çempionu olanda Siz bizimlə səmimi söhbət etdiniz və tapşırıqlarınızı verdiniz. O gündən sonra da biz çalışırdıq ki, yeni nailiyyətlər əldə edək. İnşallah, qismət oldu, dünən dünya çempionu olduq. Bunun üçün Sizə çoxlu təşəkkür edirik və xalqımıza, federasiyamıza, “Çox sağ ol!” deyirik. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda dedi:

-Möhtərəm cənab Prezident, Azərbaycanı belə möhtəşəm təmsil edən bütün bu şəxslərlə birlikdə burada olmaq mənim üçün həqiqətən də şərəfdir. Sizin qarşınızda onları bu böyük uğur münasibətilə bir daha təbrik etmək və bu turniri Azərbaycana gətirdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim.Bu, zənnimcə, mənim Bakıya 8-ci səfərimdir. İlk dəfə 2017-ci ildə burada olmuşam, Azərbaycan Minifutbol Federasiyasından olan bu insanlarla görüşmüşəm. Deməliyəm ki, onlar həqiqətən də böyük iş gördülər. Onlar Avropa çempionluğunu, dünya çempionluğunu qazandılar. Mən Sizə növbəti çempionatlarda uğurlar arzulayıram. Bilirəm ki, Sizin qrafikiniz çox məşğuldur. Sizi bu gün başlayan “Bakı Enerji Həftəsi”ndə gördüm. Bizimlə və bütün bu şəxslərlə görüşmək imkanına görə təşəkkür edirəm. Ümidvaram ki, bu uğur sayəsində Azərbaycanda yeni nəsil minifutbolçular meydana çıxacaq. Çünki şübhəsiz ki, bu nailiyyətiniz Azərbaycanda minifutbolun inkişafına, xalqa və bütün cəmiyyətə müsbət töhfə verir.Bildiyimə görə, Azərbaycan Minifutbol Federasiyası ölkədə minifutbol arenasına sahib olmaq üçün böyük səylər göstərir. Ümidvaram ki, Dünya Minifutbol Federasiyası və yerli hökumətlə birlikdə bu, uğurlu bir layihə olacaq. Çünki, şübhəsiz ki, bu insanlar 2022-ci ildə Avropa çempionluğu, 2025-ci ildə dünya çempionluğunu qazanmaqla buna həqiqətən də layiqdirlər. Onların burada cənab Prezidentin qarşısında olmaqları ilə fəxr edirəm.
Dəvətə görə təşəkkür edirəm, sizin hamınıza uğurlar arzulayıram.Prezident İlham Əliyev: Təşəkkür edirəm. Xoş sözlərə görə minnətdaram. Federasiya adından Azərbaycanda minifutbolun inkişafına verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Bu dəstək bizim üçün həqiqətən də qiymətlidir və biz Azərbaycanın beynəlxalq idman institutları ilə əməkdaşlığını yüksək qiymətləndiririk.Əminəm ki, bu qələbə minifutbolun inkişafına növbəti təkan verəcək. Artıq Azərbaycan milli komandası bütün mümkün olan titulları qazanıb - Avropa çempionu, dünya çempionu. Əlbəttə ki, uşaqlar, yeniyetmələr, bax, bu qələbəyə sevinənlər - bizim gənc nəslimiz hesab edirəm ki, minifutbola daha böyük maraq göstərəcək və bu idman növünün inkişafı Azərbaycanda sürətlə gedəcək.Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük. Təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Amma bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır. Mən əminəm ki, bundan sonra da siz bizi sevindirəcəksiniz. Gələcəkdə çoxlu yarışlar var. Bildiyiniz kimi, indi Azərbaycanın bölgələrində idman qurğuları inşa edilir, inşaat geniş vüsət alıb və minifutbol meydançalarının da yaradılmasında böyük fayda olacaq, həm Bakıda, həm də bölgələrdə. Əminəm ki, federasiya dövlət qurumları ilə, sponsorlarla birlikdə bu sahədə növbəti uğurlu addımlar atacaqdır.
Bir daha sizi təbrik edirəm.
X X X
Sonda Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri