Prezidentin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi səmimi məqsədin nümayişidir ŞƏRH EDİLDİ
Icma.az, Sia Az saytına istinadən bildirir.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfəri ölkəmizin qlobal siyasətdə artan nüfuzunun və
Azərbaycanın qlobal proseslərə aktiv təsir imkanına malik və ümumbəşəri problemlərin həllində iştirak edən dövlətə çevrilməsinin göstəricisidir. Müasir dövrdə dünyada qütblərarası ziddiyyətlərin və ayırıcı xətlərin dərinləşməsi fonunda baş verən sürətli dəyişikliklər hər bir dövlətin prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsinin, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsinin zərurətə çevrilməsi şəraitində Qəzza zolağında daimi atəşkəsin əldə edilməsi, regional sülh və sabitliyin bərqərar edilməsi istiqamətində diplomatik səylərdə mühüm mərhələ olan Yaxın Şərq Sülh Sammiti, heç şübhəsiz ki, son dövrlər qlobal müstəvidə əsas siyasi səhifə sayılır". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, bu səhifənin önəmli aktorlarından biri kimi Azərbaycanın çıxış etməsi isə ölkəmizin çoxvektorlu xarici siyasətinin uğuru olmaqla yanaşı, uzun bir dövr ərzində atılan qətiyyətli addımların və həyata keçirilən düzgün və praqmatik gedişlərin göstəricisidir:
"Aydındır ki, siyasi və iqtisadi müstəqilliyi, o cümlədən milli iradə tərəfindən idarə olunması Azərbaycan Respublikasına da bu reallıqları sağlam formada dəyərləndirməyə imkan verir və ölkəmiz müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarını bütün rakurslardan müəyyənləşdirə bilib. Azərbaycan hər zaman bu strateji problemin həllini güclü olmaqda və eyni zamanda əməkdaşlıq və dialoq mühitinə inamında görüb. Təsadüfi deyil ki, dövlətimiz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi altı konstitusion niyyətindən biri kimi müəyyən edib. Eyni zamanda bizim milli maraqların Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarət olmaqla bərabər, həm də hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsipləri ehtiva etməsi, başqa dövlətlərlə münasibətlərini məhz bu prinsiplər əsasında qurması, ölkəmizin başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd etməsi, beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi kimi hədəflərimizin səmimiliyinə şübhə yaratmır.
Məlumdur ki, Yaxın Şərq Sülh Sammitinə məhdud çərçivədə, yalnız proseslərə təsir imkanına malik dövlətlər dəvət edilib. Azərbaycan Respublikası beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapmış prinsipləri rəhbər tutaraq hərbi-siyasi yolla münaqişəyə son qoyaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə özünü qlobal miqyasda təsir imkanına malik orta güc kimi təsdiq edə bilib. Eyni zamanda ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü, habelə Qoşulmama Hərəkatına sədrliyi, eləcə də COP29 kimi nüfuzlu, qlobal miqyaslı tədbirlərə ev sahibliyi dövlətimizə münasibətdə etimad mühitinin formalaşdığını göstərməkdədir. Xüsusən Azərbaycan Respublikasının Vətən müharibəsi və antiterror tədbirlərində hərbi-siyasi yolla əldə etdiyi böyük zəfərlə Cənubi Qafqazda sülh və təhlükəsizliyə nail olması beynəlxalq ictimaiyyəti Azərbaycana sülhün və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində təcrübəsinə müraciət edilə biləcək subyekt kimi yanaşmağa vadar edir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni reallıqların yaradıcısı, sülh, sabitlik və əməkdaşlıq mühitində ehtiva olunan konfiqurasiyanın memarı qismində təcrübəsinə müraciət edilməsi üçün Yaxın Şərq Sülh Sammitinə dəvət olunması gözlənilməz hesab edilə bilməz.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan Respublikası BMT çərçivəsində tərəfdaşlığı bütövlükdə Avro-Atlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Bu çərçivədə ölkəmiz, o cümlədən hər zaman ABŞ ilə tərəfdaşlığa böyük perspektivə malik istiqamət kimi baxıb və antiterror koalisiyasında, beynəlxalq terrorizm, separatçılıq, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya, qanunsuz silah və insan alveri kimi qlobal çağırış və təhdidlərə qarşı mübarizə məsələlərində, ikitərəfli münasibətlər səviyyəsində isə siyasi, hərbi, iqtisadi, enerji təhlükəsizliyi sahələrində, ölkəmizdə demokratik islahatların aparılması istiqamətində uğurla əməkdaşlıq edib:
"Ötən dövr kifayət qədər mürəkkəb tarixi inkişaf yolu keçmiş ABŞ-Azərbaycan münasibətlərini təhlil etsək, əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin 20 gün öncə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-yə işgüzar səfəri və bu səfərin özlüyündə məhz xüsusi dəvətlə reallaşması münasibətlərimizdə tam yeni bir səhifədir. Proseslərin gedişindən də göründüyü kimi, cənab İlham Əliyevin yaratdığı yeni geosiyasi reallıq şəraitində ABŞ-Azərbaycan münasibətləri özünün ən effektiv inkişaf dövrünə qədəm qoyub. Xüsusən liderlər səviyyəsində əlaqələrin intensiv xarakter daşıması və qarşılıqlı hörmət, habelə strareji səviyyəyə yüksələn münasibətlər ciddi perspektiv vəd etməkdədir. Məlumdur ki, ikinci dəfə hakimiyyətə gəldikdən sonra əsas diqqəti dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsinə yönəltmiş Prezident Donald Tramp bu prosesin nə qədər ağır və diplomatik məharət tələb edən səylər məcmusu olduğunu yaxşı başa düşür. Bu mənada cənab Tramp yaxşı başa düşür ki, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada mütləq qələbəyə əsaslanan hərbi-siyasi yolla de-fakto sülhə və dayanıqlı təhlükəsiz mühitə nail olmaq sadə məsələ deyil. Prezident İlham Əliyevin qlobal miqyasda Azərbaycanın ikili standartlara məruz qalmasına, beynəlxalq ictimaiyyətin faktiki olaraq işğala, təcavüzə və separatizmə, o cümlədən beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin köklü pozuntusuna göz yumması şəraitində arzu olunan nəticələrə nail olması eyni məqsədi özünə hədəf seçmiş ABŞ Prezidentinin diqqətindən kənarda qala bilməzdi. Bu mənada, istər özünün sosial media səhifələrində, istər beynəlxalq tədbirlərdə, o cümlədən Yaxın Şərq Sülh Sammitindəki çıxışında cənab Trampın Prezident İlham Əliyevin ünvanına xoş sözlər söyləyərək Onu böyük lider adlandırması təsadüf hesab edilə bilməz. Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinə və sərhədlərin delimitasiya və demarkasiyasına yönəli qəti addımların realizəsi şəraitində cənab İlham Əliyevin qlobal miqyaslı liderlik qabiliyyəti, təbii ki, şübhə doğurmur. Lakin ABŞ Prezidenti tərəfindən bunun bir daha dilə gətirilməsi Soros-Demokratlar iqtidarının, o cümlədən digər çoxsaylı qərəzli subyektlərin fiaskosu deməkdir. Sirr deyil ki, Azərbaycan ABŞ-nin ötən dövrkü administrasiyası tərəfindən ədalətsiz yanaşmalarla üzləşmiş, beynəlxalq arenada məqsədli formada haqsız vəziyyətlərə düşürülməyə çalışılmışıq. Amma cənab Donald Tramp indiki məqamda Azərbaycanın əhəmiyyətini, xüsusən Azərbaycanın proaktiv, balanslaşdırılmış xarici siyasət kursunun uğurlu istiqamətlərini aydın şəkildə görən kifayət qədər praqmatik siyasətçidir və qarşılıqlı bərabərhüquqlu əməkdaşlıq çərçivəsində hansı nailiyyətlər, hansı uğurların bizi gözlədiyini aydın qiymətləndirə bilir, Amerikanın maraqlarının yalnız bu şəkildə, əsaslı şəkildə təmin ediləcəyini haqlı olaraq başa düşür. Bu həm də ona görədir ki, Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də ifadə etdiyi kimi, ilk növbədə ona görə ki, “cənab Tramp Qərb liderlərinin ənənəvi imicindən tamamilə fərqli bir şəxsiyyətdir”. Yəni əgər əvvəlki dövrdə Amerika-Azərbaycan münasibətləri Azərbaycan-Ermənistan və yaxud Amerika-Ermənistan prizmasından qiymətləndirilirdisə, Donald Tramp praqmatik siyasətçi kimi bu prosesləri birbaşa, yəni real vəziyyəti qiymətləndirərək dəyərləndirə bilir.
Cənab Tramp eyni məntiqdən çıxış edərək hazırkı geosiyasi gedişatda Azərbaycanın qlobal siyasətdə güclənən mövqeyi və artan təsir imkanları fonunda ölkəmizin bəşəri miqyasda sülh və təhlükəsizliyə mümkün töhfələr perspektivlərini doğru proqnozlaşdıra bilir. Bu mənada bu gün Azərbaycanın artıq yeni reallıqlar yaratdığı bir şəraitdə ABŞ Prezidenti cənab Donald Trampın məsələyə daha praqmatik yanaşması, bu bölgədə bərabərhüquqlu tərəfdaşlıqda maraqlı olduğunu göstərməsi, o cümlədən Yaxın Şərqdə sülhün bərqərar olunmasında Azərbaycanın potensialına istinad edilməsi, yeni reallıq yaratmış çox azsaylı liderlərdən biri kimi cənab İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi yalnız Azərbaycan adına yox, qlobal sülh və sabitlik, o cümlədən bəşəri dəyərlər naminə müdrik qərar və həllyönümlü, effektiv nəticəyə aparan səmimi məqsədin nümayişidir".


