Putin Paşinyanın zəif nöqtəsini tapdı: Kremlin Qafqazda son həmləsi bu olacaq
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər görüş zamanı regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bu görüş, Ermənistanın 2026-cı ildə baş tutacaq seçkilərə Rusiyanın müdaxiləsi ehtimalına görə Avropa İttifaqına müraciəti, o cümlədən yardım alması fonunda diqqət çəkir.
Paşinyanla Putin hansı mövzuları müzakirə edib? Erməni baş nazir Kreml rəhbəri ilə seçkilərdə neytrallığın qorunması üçün sövdələşmə əldə edə bilərmi?
Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, Paşinyanla Putinin görüşündə Zəngəzur dəhlizi, ikitərəfli münasibətlərdə bir sıra həssas və vacib məqamlar, Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın aktiv mərhələyə keçməsi, iqtisadi münasibətlər və digər məsələlərin müzakirə edildiyi ehtimal olunur:
“Seçkiyə altı ay qalmasına rəğmən, Paşinyan hesab edir ki, mövcud şəraitdə bu məsələləri ətraflı şəkildə müzakirə etmək üçün münasib fürsət yaranıb. Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı ABŞ-la aparılan danışıqlar fonunda məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyə hazır olduğunu bildirməsi də maraqlı məqamlardandır. Baş nazir bildirib ki, proses region üçün real və məzmunlu dəyişikliklər vəd edir. O, Zəngəzur mövzusunun Moskva ilə ikitərəfli münasibətlərdə bir sıra həssas və vacib məqamlarla bağlı olduğunu söyləyib.
Ermənistan, Rusiyanın Cənubi Qafqazda qalmasını təmin edə biləcək yeganə “qala”dır. Putin Moskvanın bu qalanı tərk edəcəyi təqdirdə, bölgəyə təkrar qayıdışının mümkün olmadığını anlayır. Həmçinin Ermənistan Qərbin və Aİ-nin tətbiq etdiyi sanksiya paketindən yayınmaq baxımından Rusiya üçün əhəmiyyətli rol oynayır. Görüş zamanı Putinin iki dövlət arasında 2024-cü ilin ticarət dövriyyəsi ilə 2025-ci ili müqayisə etməsi təsadüfi deyildi. Əslində, Kreml rəhbəri ötən ilki 12 milyard dollarlıq dövriyyənin cari ildə 5 milyard dollara düşməsinin səbəbinin Rusiyanın qiymətli daşlarının və metallarının satışının dayandırılması ilə bağlı olduğunu anlayır. Çünki bunun üçün Aİ Paşinyana xəbərdarlıq etmişdi”.
Bakir Həsənbəyli
Politoloq bildirib ki, müzakirələr qeyd edilən məsələlərlə yekunlaşmayıb:
“Son dövrlər Aİ ilə paralel NATO-Ermənistan yaxınlaşması da diqqət çəkən məsələlər arasında olub. Ermənistan mərhələlərlə öz suverenliyini bərpa etməyə cəhd edir. Lakin Rusiya orbitindən çıxmadan bu cəhdin nə qədər uğurlu olacağı şübhə doğurur. Yəqin ki, Putin erməni baş nazirə əlində olan hərbi, iqtisadi və enerji resursları ilə bağlı təsir rıçaqlarının hələ də qaldığını xatırladıb. Paşinyanın bir müddət öncə İrana səfəri zamanı qaz idxalının 1,8 milyard kubmetrə qaldırılması ilə bağlı təklifi hələ də aktual olaraq qalır. Bu isə o deməkdir ki, Ermənistan liderinin Rusiya orbitindən çıxmaq cəhdləri hələ ki, nəticə vermir.
Ermənistan dəmir yollarının Rusiyaya məxsus olması iddiası da Zəngəzur dəhlizi fonunda yaranmış Vaşinqton-İrəvan münasibətlərinə təzyiq xarakteri daşıyır. Bir müddət əvvəl, 2026-cı ilin iyununda Ermənistanda keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə kənar müdaxilənin qarşısının alınması ilə bağlı Aİ-yə edilən müraciət və İttifaqın İrəvana müvafiq vəsaitin ayrılması qərarı da liderlərin görüşündə müzakirə edilə biləcək mövzular sırasındadır.
Putinin istər daxili, istərsə də xarici siyasətində rəqiblərin zəif tərəflərini müəyyən etməsi yeni hal deyil. Bu vəziyyət Rusiya-Ukrayna müharibəsində də zaman-zaman özünü göstərib. Paşinyanın Aİ-yə müraciəti əslində onun zəif tərəfinin göstəricisidir. Düşünmürəm ki, Putin bu zəif bənddən çıxmaq üçün Paşinyana hər hansı şans tanısın. Çünki bu, onun və ölkəsinin Cənubi Qafqazda mövcudluğu üçün son şansı ola bilər”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 23 Dekabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















