Qadınları təqib edən süd vəzi kabusu
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son illər dünyada süd vəzi xərçənginə tutulanların sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının göstəricisinə görə, hər il 2,3 milyondan çox qadının üzləşdiyi bu xəstəlik onlarda ən çox rast gəlinən bədxassəli şiş hesab olunur.
Ölkəmizdə də bənzər durum müşahidə edilir. Statistika göstərir ki, 2025-ci ildə Azərbaycanda 15 min 144 nəfərə xərçəng diaqnozu qoyulub ki, bunun 8 min 357-si qadınların payına düşür. Həm də qadınlarda xərçəngə yoluxma halı kişilərdən 23 faiz çoxdur. Ötən illə müqayisədə onlarda bu diaqnoz 3,8 faiz artıb.
Süd vəzi xərçəngindən əziyyət çəkənlərin sayı 2022-ci ildə 2 min 565 nəfər olduğu halda, 2024-cü ildə 2 min 876, 2025-ci ildə isə 2 min 933 nəfərə çatıb. Rəqəmlərdən də göründüyü kimi, əvvəlki illərlə müqayisədə ardıcıl artım qeydə alınıb. Tibbi hesabatların müqayisəli təhlili göstərir ki, bu artım təkcə ümumi rəqəmlərdə deyil, həm də yaş qruplarında özünü göstərir. Son illərdə gənc yaşlarda da yoluxma halları artıb.
Rəqəmlərin artımına baxmayaraq, müasir tibbi texnologiyaların tətbiqi nəticəsində sağalma göstəricilərində müsbət dinamika izlənilir. 2025-ci ildə qeydə alınan 2 min 933 yeni haldan 1573-nün məhz I və II mərhələlərdə (erkən dövrdə) aşkarlanması sevindiricidir. Bunun nəticəsidir ki, ölkəmizdə xəstəliyə qalib gələrək 5 il və daha artıq yaşayan pasiyentlərin sayı 2022-ci ildəki 7 min 64 nəfərdən 8 min 82 nəfərə yüksəlib. Bu göstərici erkən müdaxilənin həyat xilas etdiyinin sübutudur.
Məhz bu səbəbdən xəstəliyə qarşı maarifləndirmənin vacibliyini xatırlatmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1992-ci ildən etibarən hər il oktyabr ayı dünyada Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı kimi qeyd olunur. "Çəhrayı lent" simvolu altında keçirilən bu ayın əsas məqsədi cəmiyyətin diqqətini erkən diaqnostikaya yönəltmək və müntəzəm müayinələrin (mammoqrafiya və USM) həyati əhəmiyyətini diqqətə çatdırmaqdır.
Xəstəliyin yaranma səbəbləri, narahatlıq yaradan amillər və bu bəladan qorunma yolları ilə bağlı suallarımızı Amerika və Avropa Onkoloqlar Cəmiyyətinin üzvü Pərvanə Rüstəmova cavablandırdı. O, xəstəliyin artmasına qeyri-sağlam qidalanma, artıq çəki və piylənmə, fiziki aktivliyin azlığı, eləcə də alkoqol qəbulu kimi amillərin təsir göstərdiyini söylədi:
– Bu dinamikaya həm demoqrafik amillər (əhalinin artımı, yaşlanması və reproduktiv dəyişikliklər), həm də modern diaqnostika sayəsində xəstəliyin daha erkən və tez-tez aşkarlanması təsir edir. Məhz bu səbəbdən aşkarlanan halların sayca çoxluğunu xəstəliyin yaşa görə standartlaşdırılmış real göstəricisinin yüksəlməsindən fərqləndirmək lazımdır.
Müxtəlif amillərin xəstəlik riskinə təsirinə gəlincə, onların elmi təsdiqi eyni səviyyədə deyil. Məsələn, artıq çəki və piylənmə (xüsusilə menopauzadan sonra), alkoqol qəbulu və fiziki aktivliyin azlığı süd vəzi xərçəngi riskini birbaşa artıran, elmi şəkildə sübut olunmuş amillərdir. Balanslaşdırılmış qidalanma, normal bədən çəkisinin qorunması və müntəzəm fiziki aktivlik ümumi sağlamlıq üçün çox faydalıdır. Lakin unutmaq olmaz ki, heç bir qida məhsulu xərçəngə təkbaşına səbəb olmadığı kimi, onun qarşısını almaq iqtidarında da deyil.
Digər tərəfdən, ionlaşdırıcı şüalanma, xüsusilə gənc yaşda döş qəfəsi nahiyəsinə olunan yüksək dozalı radioterapiya xəstəlik riski ilə birbaşa əlaqəlidir. Ətraf mühit çirkləndiricilərinin rolu hazırda araşdırılsa da, ümumi ekoloji vəziyyəti xəstəliyin yeganə və ya əsas səbəbi kimi göstərmək doğru deyil.
Uzunmüddətli stres də yuxu rejimini, qidalanmanı və fiziki aktivliyi pozaraq orqanizmə mənfi təsir edir. Lakin stresin süd vəzi xərçənginə birbaşa səbəb olduğunu təsdiqləyən kifayət qədər elmi sübut yoxdur. Bir sözlə, risk barədə danışarkən sübut olunmuş amillərlə hələ araşdırılmaqda olan ehtimalları bir-birindən ayırmaq vacibdir.
Müsahibimiz qeyd etdi ki, gənc qadınlarda süd vəzi xərçənginin yaranmasında irsi amillər və həyat tərzi müəyyən rol oynasa da, bu yanaşmanı bütün hallara şamil etmək doğru deyil:
– Xəstəlik daha çox yaşlılarda müşahidə edilsə də, gənc qadınlar da risk qrupundan kənarda qalmır. Gənc yaşda aşkarlanma göstəricilərinin dəyişməsinə həyat tərzi və reproduktiv amillərlə yanaşı, diaqnostik imkanların genişlənməsi və müayinələrə müraciətlərin artması da təsir edir. Bu tendensiyanı tam və dəqiq qiymətləndirmək üçün isə yaş qrupları üzrə uzunmüddətli statistik məlumatlara əsaslanmaq lazımdır.
BRCA1 və BRCA2 genlərindəki irsi mutasiyalar, ailədə süd vəzi və ya yumurtalıq xərçəngi tarixçəsinin olması, eləcə də gənc yaşda döş qəfəsinə şüa terapiyası (radioterapiya) riski artıran əsas amillərdəndir. Bununla belə, gənc yaşda diaqnoz qoyulan hər bir qadında irsi mutasiyanın olması mütləq deyil. İstənilən yaşda süd vəzisində yeni törəmə və ya şübhəli dəyişiklik hiss olunduqda gecikmədən həkimə müraciət edilməlidir.
Xəstəlik erkən mərhələdə tamamilə əlamətsiz keçə bilər. Diqqət yetirilməli əsas simptomlara süd vəzisində və ya qoltuqaltı nahiyədə yeni kütlə, sərtlik, ölçü və forma dəyişikliyi, dəridə çökəklik yaxud qalınlaşma, gilənin içəri batması, oradan öz-özünə gələn (xüsusilə qanlı) ifrazat və davamlı qızartı daxildir. Əlbəttə, bu əlamətlər mütləq xərçəng demək deyil, xoşxassəli səbəblərdən də qaynaqlana bilər. Lakin yeni yaranmış və ya səngiməyən hər bir dəyişiklik mütləq mütəxəssis tərəfindən qiymətləndirilməlidir. Qadının öz bədənini tanıması vacib şərt olsa da, fərdi müşahidə profilaktik “skrininq” müayinələrini əvəz etmir. Şübhəli əlamət olduğu halda isə növbəti müayinə vaxtını gözləmək olmaz.
Onkoloq bildirdi ki, sağlam və heç bir şikayəti olmayan qadınların qabaqlayıcı müayinələrdən keçməsi xəstəliyin əlamətsiz dövrdə aşkarlanması baxımından həyati önəm daşıyır:
– “Skrininq”in əsas məqsədi xəstəliyi hələ heç bir əlamət büruzə vermədən, erkən mərhələdə aşkar etməkdir. Orta risk qrupuna daxil olan və heç bir simptomu olmayan qadınlar üçün ABŞ Preventiv Xidmətlər İşçi Qrupunun tövsiyəsinə əsasən, 40–74 yaş aralığında hər iki ildən bir “skrininq” mammoqrafiyası olunmaq məqsədəuyğundur. Əlbəttə, müxtəlif peşəkar təşkilatların tövsiyələri fərqlənə bilər, yekun qərar yerli protokollara və qadının fərdi risk göstəricilərinə uyğunlaşdırılmalıdır.
Mammoqrafiya süd vəzi xərçənginin “skrininq”ində əsas görüntüləmə üsuludur. Ultrasəs müayinəsi (USM) xüsusilə gənc qadınlarda, sıx toxumalı süd vəzilərində və müəyyən klinik vəziyyətlərdə əlavə diaqnostik imkan yaratsa da, orta riskli, yaxud heç bir şikayəti olmayan qadınlarda mammoqrafiyanı tam əvəzləyə bilmir.
Ailəsində süd vəzi və ya yumurtalıq xərçəngi olan, BRCA1/BRCA2 kimi irsi genetik risk daşıyan və ya gənc yaşda döş qəfəsi nahiyəsinə radioterapiya almış qadınlarda isə müayinələr daha erkən yaşda başlaya bilər və bura MRT müayinəsi də daxil edilir. Onu da vurğulamaq lazımdır ki, süd vəzisində artıq kütlə və ya başqa şübhəli əlamət varsa, bu profilaktik “skrininq” deyil, təcili diaqnostik qiymətləndirmə tələb edir.
Süd vəzi xərçənginin qarşısını bütün hallarda almaq mümkün deyil, çünki yaş və irsi xüsusiyyətlər kimi dəyişdirilməsi imkansız olan amillər var. Bununla belə, gündəlik həyatda müəyyən vərdişləri dəyişməklə xəstəliyə tutulma riskini ciddi şəkildə azaltmaq mümkündür.
İlk növbədə, xüsusilə menopauzadan sonra artıq çəki almaqdan çəkinmək və sağlam bədən çəkisini qorumaq vacibdir. Gəzinti, üzgüçülük və digər hərəkətli fəaliyyətləri gündəlik həyata daxil edərək fiziki aktivliyi artırmaq faydalıdır. Alkoqol qəbulu sübut olunmuş əsas risk amillərindən biri olduğu üçün ondan imtina edilməlidir. Qidalanmada isə tərəvəz, meyvə, paxlalılar və tam taxıllarla zəngin rasiona üstünlük verilməlidır.
Bununla yanaşı, menopauza dövründə hormonal müalicə qərarlarını yalnız həkimlə fərdi fayda və riskləri müzakirə edərək vermək, müalicəni özbaşına başlamamaq və ya dayandırmamaq lazımdır. Ən əsası isə, yaşa və fərdi riskə uyğun “skrininq” müayinələrindən vaxtında keçmək şərtdir.
Sonda müsahibimiz qeyd etdi ki, sağlam həyat tərzi riski azaltsa da, xərçəngdən tam qorunmağa zəmanət vermir və “skrininq” müayinələri mütləqdir. Şübhəli əlamətləri vaxtında qiymətləndirmək, təhlükə qrupunda olan qadınları müəyyənləşdirmək və düzgün müayinələrdən keçirmək xəstəliyin erkən aşkarlanması baxımından zəruridir.
Elenora HƏSƏNOVA
XQ
Baxış sayı:80
Bu xəbər 24 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















