“Qalatasaray” darmadağın etdi, İkardi Haciyə çatdı
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tur ötən həftənin cümə günü start götürdü.
Qış fasiləsində reallaşdırdığı önəmli transferlərə baxmayaraq, “Kasımpaşa” Əmrə Belözoğlunun başçılığı altında hələ də sürünür. İstanbul təmsilçisi bu dəfə son anda buraxdığı qolla evdə “Samsunspor”a uduzdu. “Kasımpaşa” bu məşqçi ilə 6-cı superliqa matçında da qalib gələ bilmədi və 5-ci dəfə meydanı qolsuz tərk etdi. 3-cü pillədə qərarlaşan “Trabzonspor”un 2 oyunluq qələbə seriyası Antalyada qırıldı. Ümumiyyətlə, Antalya nədənsə qaradənizlilər üçün ən çətin səfərlərdən biridi. 2010-cu ildən bəri “bordo-mavililər” bu rəqibə qarşı səfərdə 16 superliqa matçının yalnız 5-də qalib gəlib (6 heç-heçə, 5 məğlubiyyət). Ədalət naminə Onuaçunun 81-ci dəqiqədə penaltini boşa verdiyini bildirək. Nigeriyalı forvard “Trabzonspor”un heyətində yerinə yetirdiyi 6-cı penaltidə ilk dəfə qol vura bilmədi.
Şənbə gününün ilk oyunlarında sürpriz nəticələr qeydə alındı. Ötən tur “Beşiktaş”dan xal qoparan “Eyüpspor” bu dəfə “Alanyaspor” səfərindən əzmkar qələbə ilə döndü. “İstanbul BŞ”nin 4 oyunluq qələbə seriyası isə “Çaykur Rizəspor”a qarşı ev matçında qırıldı. Özü də Nuri Şahinin komandası 1 xala sevinməli oldu. “Göztəpə” autsayder “Fatih Karagümrük”ü evə əliboş yola saldı. Yaxşı formada olan İzmir təmsilçisi son 5 turda 15 mümkün xaldan 13-nü toplayıb.
“Beşiktaş” 2015-dən bəri evdə uduzmadığı “Konyaspor”u qəbul etdi. Abrahamı “Aston Villa”ya satan İstanbul nəhəngində bu matçda hücumun mərkəzində gənc Mustafa Həkimoğlu yer aldı. “Qartal” ilk yarının ortalarında hesabda geri düşdü. Təcrübəli Dəniz Türüc yeni klubunda ilk qolunu vurdu. Amma Çağdaş Atanın başçılğı altında sanki lənətlənən “Konyaspor” sonda heç 1 xal da qazana bilmədi. Çernı hələ fasiləyə qədər hesabı bərabərləşdirdisə, 77-ci dəqiqədə səhnəyə kapitan Orkun Kökçü çıxdı. Yeni transfer Asllaninin qırmızı vərəqə alması ilə “Beşiktaş” matçı azlıqda tamamlasa da, qələbəni əldən vermədi. Komandanın rəsmi matçlarda məğlubiyyətsiz seriyası 11 oyuna yüksəldi (6 qələbə, 5 heç-heçə). Digər tərəfdə isə “Konyaspor” Çağdaş Atanla 9-cu superliqa matçında da 3 xala həsrət qaldı.
Bazar günü iki oyun keçirildi. “Gənclərbirliyi”nə uduzan “Qaziantep”in superliqada qələbəsiz seriyası 7 oyuna çatdı. Hərçənd Burak Yılmazın komandası bu müddətdə “Beşiktaş” (2:2) və “Qalatasaray” (1:1) kimi nəhənglərdən xal almağı bacarıb.
“Qalatasaray” üçün “Kayserispor”la ev oyunu asan keçdi. Noyabrdan bəri qələbəsi olmayan və son 4 turda cəmi 1 qol vuran Kayseri təmsilçisi “Rams Park”da artıq ilk yarının ortalarına qədər iki qol buraxaraq “ağ bayraq qaldırdı”. Cəzalı Barış Alpər Yılmazla zədəli Sanenin yoxluğu hiss olunmadı. Yeni transfer Noa Lanq fəallığı ilə seçilsə də, hesabına məhsuldar hərəkət yaza bilmədi. Penaltidən fərqlənməklə yekun nəticəni müəyyənləşdirən İkardi üçün bu qol xüsusi alındı. 117-ci oyunda 72-ci qolunu vuran argentinalı forvard “Qalatasaray” tarixinin ən məhsuldar əcnəbi oyunçusu olan George Hacini yaxaladı! İkardi bundan sonra hər növbəti qolu vurduqda klub tarixində yeni cığır açacaq. Xalını 49-a, superliqada evdəki məğlubiyyətsiz seriyanı isə 29 oyuna yüksəldən “Cim-Bom” inamla liderliyi davam etdirir.
20-ci tur
Qalatasaray – Kayserispor 4:0
A.Opoku, 7-öz qapısına. Osimhen, 26-p. Sara, 60. İkardi, 90+4-p.
Qalatasaray: Uğurcan Çakır, Şallai (Kazımcan Karataş, 65), Sançes, Əbdülkərim Bardakcı (Kaan Ayhan, 65), Ərən Elmalı, Torreyra, Lemina (İkardi, 65), Yunus Akgün, Sara, Lanq (Asprilya, 73), Osimhen (Ahmed Kutucu, 82).
Kocaelispor - Fənərbaxça 0:2
Asensio, 45+1. Nene, 75.
Beşiktaş – Konyaspor 2:1
Çernı, 34. Orkun Kökçü, 77 – Dəniz Türüc, 23.
Beşiktaş: Ərsin Destanoğlu, Gökhan Sazdağı, Calo, Əmrihan Topçu, Rıdvan Yılmaz, Salih Uçan (Ndidi, 68), Orkun Kökçü (Kartal Yılmaz, 90+1), Çernı (Jota Silva, 76), Cengiz Ündər (Asllani, 76), Ture, Mustafa Həkimoğlu (Raşitsa, 68).
Antalyaspor – Trabzonspor 1:1
Van De Streek, 43 – Onuaçu, 53-p.
Trabzonspor: Onana, Pina, Nvaivu, Bataqov, Lövik (Mustafa Eskihellaç, 46), Ulai, Jabol-Folkarelli, Zubkov (Umut Nayır, 69), Muçi (Okay Yokuşlu, 89), Auqusto (Nvakaeme, 82), Onuaçu.
Kasımpaşa – Samsunspor 0:1
Assumu, 90+2.
Samsunspor: Okan Kocuk, Zəki Yavru, Şatka, Van Drongelen, Tomasson, Makumbu, Nçam (Cəlil Yüksəl, 74), Elayis Tavşan (Mendes, 74), Holse (Borevkoviç, 90+6), Assumu (Yunus Əmrə Çift, 90+4), Ndiaye (Muandilmaci, 74).
İstanbul BŞ – Çaykur Rizəspor 2:2
Şomurodov, 19. Bertuğ Yıldırım, 74 – Taha Şahin, 45+1. Mihayla, 68.
İstanbul BŞ: Muhammed Şengezər, Ömər Əli Şahinər (Onur Bulut, 79), J.Opoku, Duarte, Operi, Kemen, Umut Günəş (Kaluşinski, 73), Fayzullayev (Da Kosta, 63), Şomurodov, Arit (Brniç, 72), Zelke (Bertuğ Yıldırım, 63),
Göztəpə - Fatih Karagümrük 2:1
Olaitan, 20. Janderson, 45+1 – Serjinyo, 13.
Alanyaspor – Eyüpspor 1:3
Güvən Yalçın, 3 – Talha Ülvan, 49. Ro Yao, 86. Ampem, 90+4.
Gənclərbirliyi – Qaziantep 2:1
Talisson, 10. Metehan Mimaroğlu, 77 – Bayo, 73.
1. Qalatasaray 20 15 4 1 47-14 49
2. Fənərbaxça 20 13 7 0 45-17 46
3. Trabzonspor 20 12 6 2 38-23 42
4. Göztəpə 20 11 6 3 27-12 39
5. Beşiktaş 20 10 6 4 35-25 36
6. İstanbul BŞ 20 8 6 6 34-21 30
7. Samsunspor 20 7 9 4 24-21 30
8. Qaziantep 20 6 7 7 27-34 25
9. Kocaelispor 20 6 6 8 16-21 24
10. Alanyaspor 20 4 10 6 20-22 22
11. Gənclərbirliyi 20 6 4 10 25-28 22
12. Çaykur Rizəspor 20 4 8 8 24-30 20
13. Antalyaspor 20 5 5 10 19-33 20
14. Konyaspor 20 4 7 9 24-33 19
15. Eyüpspor 20 4 6 10 16-28 18
16. Kasımpaşa 20 3 7 10 15-27 16
17. Kayserispor 20 2 9 9 16-41 15
18. Fatih Karagümrük 20 2 3 15 17-39 9
Bombardirlər: Şomurodov (İstanbul BŞ) – 14, Onuaçu (Trabzonspor) – 13, Talişka (Fənərbaxça) – 11, İkardi (Qalatasaray) – 10.
Növbəti turun oyunları fevralın 7-9-u aralığında keçiriləcək: Eyüpspor – İstanbul BŞ, Beşiktaş – Alanyaspor, Fatih Karagümrük – Antalyaspor, Qaziantep – Kasımpaşa, Samsunspor – Trabzonspor, Çaykur Rizəspor – Qalatasaray, Fənərbaxça - Gənclərbirliyi, Konyaspor - Göztəpə, Kayserispor – Kocaelispor.
Turun rəqəmi
6 – “Beşiktaş”ın yeni transferi Kristyan Asllani debüt matçındaca diqqəti çəkməyi bacardı. Amma heç də yaxşı mənada yox. 76-cı dəqiqədə meydana çıxan albaniyalı futbolçu cəmi 6 dəqiqə sonra birbaşa qırmızı vərəqə aldı! Ən heyrət doğuran məqam odu ki, 23 yaşlı yarımmüdafiəçi buna qədər peşəkar karyerasında qırmızı vərəqə almamışdı. Asllani son 8,5 ildə sonradan meydana çıxdığı matçda ən erkən qırmızı vərəqə alan “Beşiktaş”lı futbolçu oldu. 2017-nin oktyabrında “Gənclərbirliyi” ilə görüşdə Rayan Babel meydana çıxandan cəmi 3 dəqiqə sonra “ağ-qaralar”ı azlıqda qoymuşdu.
Turun ulduzu
Viktor Osimhen (Qalatasaray) – ünlü nigeriyalı “Kayserispor”a qarşı da çox istəkli və faydalı futbol sərgilədi. Türkiyə karyerasında bu rəqiblə 4-cü matçda da meydanı qolsuz tərk etməyən Osimhen görüşü 1 qol, 1 məhsuldar ötürmə ilə tamamladı.
Yeri gəlmikən, Osimhen superliqada penaltidən 7-ci qolunu vurdu. O, son 10 ildə Radamel Falkao ilə birlikdə “Qalatasaray”ın heyətində Türkiyə çempionatında ilk 7 penaltinin hamısını qola çevirən iki futbolçudan biridi.
Turun sitatı
Orkun Kökçü, “Beşiktaş”ın kapitanı:
“İlk aylarda qol vura bilməmişdim. Amma həmişə deyirdim ki, bir qol vuran kimi davamı gələcək. Belə də oldu. Ötən həftə Türkiyədə ilk qolumu vurdum. Və dərhal da ardınca ikinci qolumu vurdum. Budəfəki qələbə qolu olduğu üçün ikqat dəyərlidi. Uşaq yaşlarımdan qələbə qollarını vurmaq xəyalları ilə böyümüşəm. Amma əsas odu ki, komanda qələbə qazansın. Kimin qol vurması önəmli deyil”.
Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Həm nəticə, həm də oyun baxımından bizim üçün gözəl gecə oldu. Bəlkə də son ayların ən inamlı performansını sərgilədik. Mövsümün bu dönəmi üçün heç də pis durumda deyilik. Camiə daha pozitiv olmalıdı. Superliqada liderik və ÇL-də də yolumuza davam edirik. Kubokda hər iki oyunda qalib gəlmişik. Yəni pozitiv olmağımıza səbəb ola biləcək çox şey var. Elə bugünkü oyun da bura daxildi. Futbolçularımın bu dərəcədə istəkli olması məni sevindirdi. Barış və Sane kimi iki önəmli futbolçumuz yox idi. Yeni transferlər özlərini yaxşı tərəfdən göstərdilər. Bildiyimə görə, İkardi üçün bizə heç bir təklif gəlməyib. Həmişə onun bizim üçün dəyərli və önəmli futbolçu olduğunu demişəm. Meydana hər daxil olanda bunu göstərir. Bu gün də önəmli bir rekordu təkrarladı. Son çempionluqlarımızda, bu səviyyəyə çatmağımızda böyük rolu var. Bizimlə davam edəcəyini düşünürəm. Sinqo kimi oyunçunu iki aydı oynada bilmirəm. Onun qayıtmasını gözləyirik. Sane qarşıdakı kubok matçında iştirak etməyəcək. Növbəti turda oynayıb-oynamayacağını bilmirəm. İnanıram ki, “Yuventus”la oyuna qədər sağalacaq”.
Sərgən Yalçın, “Beşiktaş”ın baş məşqçisi:
“Daha bir çətin oyunu geridə qoyduq. Pis başladığımızı deməzdim. İstəkli görünürdük. Rəqib bizi, demək olar, narahat etmirdi. Belə bir məqamda qol buraxdıq. Buna baxmayaraq, xarakter göstərdik və həvəsdən düşmədik. Tribunada sanki bir xaos hökm sürürdü. Bu məqam da oyunumza təsir göstərdi. Hər şeyə rəğmən, qalib gəlmək gözəl bir hissdi. Qalib gələndə hər kəsin üzü gülür. Cengiz və Mustafa Həkimoğlu kimi zədədən yeni qayıtmış, yalnız 60-70 dəqiqə oynamaq iqtidarında olan oyunçularımız var idi. Sonradan meydana buraxdığımız önəmli isimlərlə matçın axarını öz xeyrimizə çevirdik. Qırmızı vərəqəlik epizoda gəlincə, bizim oyunçu belə edəndə dərhal qovulur. Rəqiblər edəndə isə yalnız sarı vərəqə göstərilir. Rəqibin mərkəz müdafiəçilərindən ən azı biri qovulmalıydı. 10 dəfə qaydanı pozsa da, oyunu yalnız 1 sarı vərəqə ilə tamamladı. Hakimlər diqqətli və ədalətli olmalıdı. Klubun maddi durumunu və mənafeyini qoruyaraq transferlər həyata keçiririk. Bu dönəmdə heç kim əsas forvardını satmır. Amma biz mənfəətimizi düşünərək satdıq. Transfer dönəminin sonuna qədər daha 2-3 yeni futbolçu ala bilərik. Planlarımızda yer alan futbolçuları almağa çalışacağıq. Əks halda heç kimi almayacağıq. Mən “Beşiktaş”da ilk dəfə əsas komandaya yüksələndə start heytində 8 yerli futbolçu ilə oynayırdıq. Çünki o vaxtlar yalnız 3 əcnəbinin oynamasına icazə verilirdi. Aradan 30 il ötüb və biz bu gün yenə 8 yerli futbolçu ilə meydana çıxdıq. Çox güman, bu mövsüm superliqada 8 yerli futbolçu ilə oynayan ilk klubuq”.
Fatih Təkkə, “Trabzonspor”un baş məşqçisi:
“İlk yarı o qədər də maraqlı alınmadı. Öz səhvimizdən qol buraxdıq. Amma 2-ci hissəni əvvəldən sona qədər üstün keçirdik. Bir penaltidən qol vursaq da, digərindən yararlana bilmədik. Təəssüf ki, layiq olduğumuz 3 xalı qazana bilmədik. “Gənclərbirliyi”nin ardından bu mövsüm ikinci dəfə qələbəyə layiq olduğumuz oyunda xal itirdik. Zədəlilərimiz az deyil. Bu gün də Zubkovun ağrıları olduğu üçün əvəzləməli oldum. Potensialımızdan daha yaxşı faydalanmalıyıq. Oyunda çox fasilə yaranırdı. Autlarda və cərimə zərbələrində rəqib oyunu mümkün qədər uzadırdı. Hakim əli ilə saatını işarə etsə də, bu, bir işə yaramır. Digər bir çox matçlarda da belə problemlə üzləşmişik. Oyundan öncə avtobusumuza atılan daş? Onu bir uşaq atdı. Önəmli şey deyil. Belə şeylərlə insanları qarşı-qarşıya gətirməyin”.
Baxış sayı:197
Bu xəbər 07 Fevral 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















