Qanunun keşiyində keçən ömür Flora Əhmədovanın işıqlı xatirəsinə
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
3 avqust Azərbaycan ədliyyəsinin görkəmli nümayəndəsi, ədliyyə generalı, uzun illər Arbitraj (İqtisad) Məhkəməsinin sədri olmuş, Əməkdar hüquqşünas Flora Əhmədovanın vəfatından 14 il ötür. Aradan illər keçsə də, onun adı bu gün də peşəkarlığın, prinsipiallığın və insanlıq keyfiyyətlərinin rəmzi kimi ehtiramla xatırlanır.
1934-cü ildə qədim Azərbaycan şəhəri İrəvanda dünyaya göz açan Flora Əhmədovanın ömür yolu həm Vətən nisgili, həm də dövlətə sədaqətli xidmət nümunəsi ilə yadda qalmışdır. Orta təhsilini əvvəl İrəvanda, daha sonra Bakıda davam etdirən Flora xanım məktəbi qızıl medalla bitirmişdi.
İlk baxışdan onun taleyi incəsənətə bağlı görünürdü. Gözəl səsi, musiqi duyumu və teatra olan sonsuz sevgisi onu Azərbaycan Dövlət Konservatoriyasına gətirmişdi. Lakin tale onun üçün başqa bir missiya hazırlamışdı.
Sonralar bu qərarını belə izah edirdi:
"Hələ uşaqlıqdan duyduğum ədalətsizliklər ürəyimdə ağır daşa dönmüşdü. Duydum ki, mən mütləq hüquqşünas olmalıyam."
Bu sözlər onun bütün həyat yolunun əsas məramını ifadə edirdi.
1959-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə ekspert-kriminalist kimi başlayan Flora Əhmədova qısa müddətdə peşəkarlığı ilə seçildi. Daha sonra Ədliyyə Nazirliyində idarə rəisi, respublikanın baş arbitri və digər mühüm vəzifələrdə çalışdı. Azərbaycan müstəqillik qazandıqdan sonra hüquq sistemində həyata keçirilən islahatlarda yaxından iştirak etdi və 2000-ci ilə qədər Azərbaycan İqtisad Məhkəməsinin Rəyasət Heyətinin sədri kimi fəaliyyət göstərdi.
Flora Əhmədovanın fəaliyyətini səciyyələndirən əsas xüsusiyyət onun prinsipiallığı idi. O, heç vaxt vəzifə sahibinin kimliyinə deyil, qanunun aliliyinə üstünlük verirdi.
"Qanun pozulan yerdə hakim xahişləri rədd edə bilməsə, onun hakim işləməyə mənəvi haqqı yoxdur. Bu mənim həyat devizimdir."
Bu prinsip onun bütün peşə fəaliyyətinin dəyişməz meyarına çevrilmişdi.
Arbitraj məhkəməsinə rəhbərlik edən şəxs üçün vacib keyfiyyətlərdən danışarkən isə o bildirirdi ki, hakim yalnız hüququ bilməklə kifayətlənməməli, iqtisadiyyat, maliyyə və bank işi sahələrində də geniş biliyə malik olmalıdır. Onun fikrincə, peşəkarlıq, prinsipiallıq, təşkilatçılıq bacarığı və zəruri hallarda düzgün kompromis tapa bilmək uğurlu rəhbərin əsas xüsusiyyətləridir.
Flora Əhmədova Ümummilli Lider Heydər Əliyevin hüquq siyasətinin həyata keçirilməsində mühüm rol oynamış peşəkar hüquqşünaslardan biri idi. Heydər Əliyevlə görüşləri onun dövlətçilik düşüncəsinin formalaşmasında xüsusi yer tuturdu. Bu görüşlər onun üçün qanuna sədaqət, dövlətə xidmət və yüksək məsuliyyət məktəbi idi.
Cəmiyyətdə ona münasibət birmənalı deyildi. Çünki qanunun aliliyini hər şeydən üstün tutan insanlar həmişə həm böyük hörmət, həm də narazılıqla qarşılaşırlar. Lakin Flora Əhmədova nə təriflərin cazibəsinə qapılır, nə də tənqidlərin təsiri altına düşürdü. O, ömrünün sonunadək seçdiyi yoldan dönmədi.
Bu prinsipiallığına görə ona "Dəmir Ledi" deyirdilər. Lakin Flora xanım özü bu barədə belə söyləyirdi:
"Mənim sərt olmağım adamlarla ünsiyyətimdə deyil, xidməti vəzifəmin icrası zamanı özünü göstərir."
Həqiqətən də, onu yaxından tanıyanların xatirələri tamam başqa bir Flora Əhmədovanı təsvir edir. Professor Zəhra Quliyevanın sözləri ilə desək, o, "mehriban, qayğıkeş, yüksək intellektli və ideal ola biləcək bir xanım" idi. Əməkdar jurnalist Flora Xəlilzadə isə onun sadəliyini, səmimiyyətini və insanlara olan diqqətini xüsusi vurğulayırdı.
Flora Əhmədova yalnız hüquqşünas deyildi. Musiqi onun ömrü boyu ayrılmaz yol yoldaşı olmuşdu. Gözəl səsi ilə məclislərə xüsusi rəng qatır, "Ayrılıq" və "İrəvanda xalq qalmadı" mahnılarını böyük kövrəkliklə ifa edirdi. İrəvan həsrəti onun qəlbində heç vaxt səngiməmişdi.
Əməkdar jurnalist Flora Xəlilzadəyə verdiyi müsahibədə söylədiyi bu sözlər həmin nisgilin ən təsirli ifadələrindəndir:
"Beşik mənim üçün qoca anamın hər səhər dediyi üç kəlmə nisgildir: "Evimizi yuxuda gördüm".
Bu cümlələr yalnız bir ailənin deyil, bütöv bir nəslin doğma yurda həsrətinin ifadəsidir.
Flora Əhmədova beynəlxalq aləmdə də Azərbaycanı layiqincə təmsil etmişdir. Türkiyə və Çinə etdiyi rəsmi səfərlər zamanı ölkəmizi yüksək səviyyədə təmsil etmiş, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişdir. 2009-cu ildə Türkiyədə keçirilən "Tanınmış Vətəndaşların Konqresi"ndə ona "Dünyanın Vətəndaşı" diplomunun təqdim olunması da onun beynəlxalq nüfuzunun göstəricilərindən biri idi.
Peşəkar hüquqşünas olmaqla yanaşı, Flora xanım nümunəvi ailə başçısı idi. Həyat yoldaşı, tanınmış vokalist Nadir Kərimovla birlikdə zəngin mədəni mühit yaratmış, övladlarının musiqi sevgisi ilə böyüməsinə xüsusi diqqət göstərmişdi. Bu gün qızları Dilarə Kərimova və Azərbaycanın Xalq artisti Elnarə Kərimova musiqi sahəsində uğurla fəaliyyət göstərərək ailə ənənələrini davam etdirirlər.
Flora Əhmədovanın həyat yolu bir daha göstərir ki, yüksək vəzifə sahibi olmaqla böyük insan olmaq eyni məfhum deyil. Böyük insan olmaq üçün vicdan, prinsipiallıq, sadəlik və insan sevgisi lazımdır. O, məhz bu keyfiyyətləri ilə yadda qalan şəxsiyyətlərdəndir.
Bu gün – vəfatının 14-cü ildönümündə Flora Əhmədovanı dərin ehtiramla yad edir, Azərbaycan hüquq sisteminin inkişafına verdiyi əvəzsiz töhfələri minnətdarlıqla xatırlayırıq.
Onun ömür yolu bir daha sübut edir ki, insanın əsl böyüklüyü tutduğu vəzifədə deyil, qoruduğu prinsiplərdə yaşayır.
Ruhu şad olsun! Əziz xatirəsi daim ehtiramla anılsın!
Fəridə Səfiyeva
Professor
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 31 İyul 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















