“Qatarlararası interval 1 dəqiqə 52 saniyəyə endirilib” “Metropoliten”ə inanaq?
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yay gələndən Bakı metropolitenində qatarların gecikməsi, pik saatlarda yaranan sıxlıq və intervalların böyüklüyü ictimai müzakirələrə səbəb olub. Sərnişin axınının çoxluğu, xüsusilə səhər və axşam saatlarında metro istifadəçilərinin narahatlığını artırıb.
"Hazırda vaqon parkının yenilənməsi davamlı proses kimi həyata keçirilir. 2025-2026-cı illərdə 30 vaqonun (6 qatar tərkibi) alınması planlaşdırılır. Bundan əlavə, istehsalçı müəssisə ilə razılaşmaya əsasən, 2025-ci il ərzində 30 yeni nəsil vaqon Bakı metropoliteninə gətiriləcək və tam komplektləşdirilərək xətlərə buraxılacaq".
Bu, "Yeni Sabah"a iradlarla bağlı Bakı Metropoliteninin Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qurum problemin həlli istiqamətində görülən tədbirlərlə bağlı qeyd edib:
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 2030-cu ilə qədər 300-ə qədər yeni vaqon alınması nəzərdə tutulur.
"Bakı Metropoliteni" cari ilin may ayında mühüm yeniliyə imza ataraq, son 16 ildə ilk dəfə qatar intervallarını azaldıb. Qatar cütlərinin sayı 30-dan 32-yə çatdırılaraq pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə endirilib və bu, 19 200 əlavə sərnişinin daşınmasına şərait yaradıb".
Şöbə rəsmiləri sərnişinlərə çağırış edərək, qarşılaşdıqları konkret sıxlıq və gecikmə hallarını bildirmələrini və bunun araşdırılacağını da qeyd ediblər.
Rəvan Rzazadə


