Qazaxıstanda tələbələrə işçi vizası verilməsi təklif olunur
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Astana, 9 sentyabr, AZƏRTAC
Xarici tələbələrə, alim və müəllimlərə vizaların verilməsi proseduruna yenidən baxmaq lazımdır.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek deyib.
Onun sözlərinə görə, xüsusilə, əcnəbi tələbələrin vizasının 5 gün müddətində rəsmiləşdirilməsi, həmçinin təhsil müddətinə C9 kateqoriyalı çoxdəfəlik elektron vizanın alınması imkanının yaradılması təklif edilir.
“Bundan başqa, işləmək hüququ verən vizanın tətbiqi təklif edilir. Bu viza beynəlxalq akkreditasiyadan keçmiş xarici universitetlərin məzunları üçün nəzərdə tutulub. Əgər onlara iş təklif olunarsa, Qazaxıstanda üç ilədək qala və işləyə biləcəklər”, -deyə nazir qeyd edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana


