Icma.az
close
up
RU
Qədim Naxçıvanın gənc akademiyası

Qədim Naxçıvanın gənc akademiyası

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illik yubileyi bu günlərdə ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir. Milli elmimizin məbədi sayılan bu mötəbər qurum ötən 8 onillikdə nailiyyətlərlə zəngin bir yol keçmişdir.

AMEA respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmış, Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini vermiş və respublika elmini beynəlxalq səviyyədə tanıtmışdır. Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixdə Sərəncam imzalamışdır.

Ölkə elminə dövlətin verdiyi böyük önəmi və yüksək qiyməti ifadə edən sənəddə deyilir: “Azərbaycan Milli Elmlər Akademiyası ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyənin yüksəldilməsi işinə töhfələr verir”.

Azərbaycan Milli Elmlər Akademiyası ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük qayğıları sayəsində inkişaf etmiş, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi, elmi və mədəni inkişafına, elmi elitanın formalaşmasında mühüm xidmətlər göstərmişdir. Prezident İlham Əliyevin “Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsinin bəzi məsələləri haqqında”kı 28 iyul 2022-ci il tarixli Sərəncamı əsasında ölkəmizdə elm sahəsində yeni tarixi mərhələyə start verilmişdir.

Bu tarixi mərhələ Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən humanitar və ictimai elmləri əhatə edən elmi–tədqiqat institutlarında elmi-tədqiqat fəaliyyətinin azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsinə doğru inkişaf etdirilməsi diqqət mərkəzinə çəkilmişdir. Hazırkı mərhələdə Azərbaycan Milli Elmlər Akademiyasında dövlətimizin elm siyasətinin uğurla həyata keçirilməsi üçün yeniləşdirmə və islahatlar dönmədən həyata keçirilir. Milli Elmlər Akademiyasında inkişaf dövründə yeni elmi-tədqiqat müəssisələri, elmi mərkəzlər, elmi bölmələr yaradılmış, yüksək elmi dərəcəli kadrlar hazırlamış və əhəmiyyətli tədqiqat işləri aparılmışdır.

Azərbaycan Respublikasında elmin inkişafını daim diqqət mərkəzində saxlayan, qayğısını heç vaxt əsirgəməyən ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi Sərəncam imzaladı.

Sərəncama müvafiq olaraq, Naxçıvanda fəaliyyət göstərən müxtəlif elmi qurumlar əsasında bölmədə 6 elmi-tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar, Bioresurslar institutları, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradıldı.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təşkili və formalaşdırılması ilə əlaqədar Prezident Heydər Əliyevin sədrliyi ilə 2002-ci il 12 avqust tarixində muxtar respublikada keçirilən müşavirədə bölmənin yaradılması zəruriliyindən bəhs edən Ümummilli lider demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, tarixi abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də, düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.

AMEA Naxçıvan Bölməsinin fəaliyyəti üçün, ilk növbədə, bölmənin rəhbərliyi, elmi-tədqiqat müəssisələrinin direktorları müəyyənləşdirildi, aparılacaq elmi-tədqiqat işlərinin istiqamətləri və mövzuları dəqiqləşdirildi. Bölmənin Əsasnaməsi hazırlandı və təsdiq olundu. Naxçıvan Bölməsi üçün inzibati binalar ayrıldı, onlarda yenidənqurma və təmir işləri aparıldı. 2003-cü il avqustun 23-də əsas bina Rəyasət Heyətinin və elmi işçilərin ixtiyarına verildi.

Sonrakı illərdə bu proses davam etdirildi. 2004 və 2005-ci illərdə Təbii Ehtiyatlar, Bioresurslar institutları, Əlyazmalar Fondu, Batabat Astrofizika Rəsədxanası, Elmi Kitabxana, Elmi Arxiv, Nəşriyyat üçün yeni binalar istifadəyə verildi. Təbii Ehtiyatlar İnstitutu üçün inzibati binanın açılışında Prezident İlham Əliyev proqram xarakterli çıxış etdi, bölmənin fəaliyyət istiqamətlərini göstərdi. Dövlət başçısının diqqət və qayğısı nəticəsində bölmənin Nəbatat bağının sahəsi genişləndirildi, yenidən quruldu və abadlaşdırıldı, ikimərtəbəli inzibati bina tikildi, su problemini birdəfəlik həll etmək üçün subartezian quyusu istifadəyə verildi, yeni texnika alındı.

Batabat Astrofizika Rəsədxanası üçün ikimərtəbəli müasir layihə əsasında inzibati bina istifadəyə verildi. Rəsədxananın teleskop sistemi yenidən qurularaq tam avtomatlaşdırıldı, sürətli internet sisteminə qoşuldu, müasir avadanlıqlarla təchiz edildi, elmi işçilərin tədqiqat aparmaları üçün normal şərait yaradıldı. “Tusi” nəşriyyatı üçün avadanlıqlar alındı.

Yeni yaradılan elmi-tədqiqat müəssisələrinin struktur bölmələri – şöbə və laboratoriyalar təşkil edildi, onların maddi-texniki bazası möhkəmləndirildi. Qısa müddətdə 10-dan çox laboratoriya quruldu, yeni cihaz və avadanlıqlar alındı. Biokimyəvi tədqiqatlar laboratoriyası üçün Ordubad rayonunun Aşağı Əylis kəndində üçmərtəbəli inzibati bina tikildi, ən müasir cihaz və avadanlıqlarla təchiz edildi. Muxtar respublikanın 4 rayonunda Seysmoloji stansiyalar və Təbii Ehtiyatlar İnstitutunda Seysmoloji mərkəz quruldu. “Arxeologiya və etnoqrafiya” və “Təbii ehtiyatlar” muzeyləri təşkil edildi. Elektron Kitabxana yaradıldı. Bölmə beynəlxalq İnternet şəbəkəsinə qoşuldu, 5 elektron portal yaradıldı. “Elmi əsərlər” və “Axtarışlar” jurnalları nəşr olundu.

Kadr hazırlığı. AMEA Naxçıvan Bölməsi fəaliyyətə başlayarkən ən vacib və həlli tələb olunan məsələlərdən biri kadr potensialının yaradılması idi. 2003-cü ilin yanvarında 139 əməkdaşla, o cümlədən 51 elmi işçi ilə fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsinin kadr potensialının artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirildi. Ulu öndər Heydər Əliyevin qayğısı sayəsində AMEA Naxçıvan Bölməsi üzrə seçkilər keçirildi, 2 nəfər AMEA-nın həqiqi üzvü, 3 nəfər isə müxbir üzvü seçildi. AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarına, təhsil müəssisələrinin doktoranturalarına gənc elmi kadrlar göndərildi, magistr təhsilli gənclər işə dəvət edildi.

Bu diqqət və qayğı sonrakı illərdə də davam etdirildi. Təqribən 10 ildən sonra Bölmədə işçilərin sayı artaraq 259 nəfərə, elmi işçilərin sayı isə 102 nəfərə çatdırıldı. Bölmə əməkdaşlarının 2 nəfəri AMEA-nın həqiqi üzvü, 4 nəfəri AMEA-nın müxbir üzvü, 4 nəfəri elmlər doktoru, 56 nəfəri isə fəlsəfə doktoru olaraq fəaliyyət göstərirdi ki, bu da elmi işçilərin 66 faizini təşkil edirdi. Elmi əməkdaşların 6 nəfəri professor, 40 nəfəri isə dosent idi.

2006-cı ildən AMEA Naxçıvan Bölməsində “Vətən tarixi”, “Arxeologiya”, “Müəssisələrin təşkili və idarə olunması” ixtisasları üzrə Dissertasiya Şurası fəaliyyət göstərməyə başladı, 2013-cü ildə bu Şuraya doktorluq dissertasiyaları müdafiə etmək səlahiyyəti verildi. Bu Dissertasiya Şurasında indiyə qədər 17 nəfər elmlər doktoru, 95 nəfər isə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. 2015-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Bölmənin nəzdində “Botanika” və “Fiziki kimya” ixtisasları üzrə fəlsəfə doktoru Dissertasiya Şurası təsdiq edildi.

AMEA Naxçıvan Bölməsinin fəaliyyətə başladığı ilk illərdə başqa elm və təhsil müəssisələri bölmə üçün kadr hazırlayırdısa, artıq son illərdə Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası ilə yanaşı, həm də Azərbaycanın müxtəlif elm və təhsil müəssisələri, eləcə də qonşu xarici ölkələr üçün də kadr hazırlığında iştirak edir. Ümumiyyətlə, hər il bu məqsədlə 8-10 nəfərin doktorant və dissertant mövzularının təsdiqinə və sonrakı illərdə onların müdafiəsinə nail olunur.

Elmi nəşrlər, patentlər və layihələr. Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikasının tarixinin, arxeologiyasının, etnoqrafiyasının, mədəni mühitinin, folklorunun, ədəbi mühitinin, dialekt və şivələrinin, flora və faunasının, təbii ehtiyatlarının araşdırılmasından əldə olunan mühüm nəticələr nəşr edilmişdir.

Bölmənin 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 4 cilddə “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırkı vəziyyəti və perspektivləri”, 2 cilddə “Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, 2 cilddə “Naxçıvan coğrafiyası”, 2 cilddə “Naxçıvan etnoqrafiyası” və başqa bu kimi fundamental nəşrləri işıq üzü görmüşdür.

Əməkdaşlarımız muxtar respublikanın rayonlarının tarixi yazılmış, “Şərur rayonunun tarixi”, “Culfa rayonunun tarixi”, “Ordubad rayonunun tarixi”, “Kəngərli rayonunun tarixi”, “Sədərək rayonunun tarixi” monoqrafiyalarının hazırlayıb nəşr etdiriblər. Qalan iki rayonun tarixi də bu il nəşr edilmişdir.

Ümumiyyətlə, Naxçıvan Bölməsi fəaliyyəti dövründə əməkdaşların 11 min 764 əsəri, o cümlədən 286 monoqrafiyası, 266 kitabı, 6 dərs vəsaiti, 34 metodik vəsaiti 10.919 elmi məqaləsi və konfrans materialı, 245 tezisi, 26 xəritəsi çap olunmuşdur. Əsərlərdən 33 monoqrafiya, 20 kitab, 2 min 308 elmi məqalə və konfrans materialı, 89 tezis xarici ölkələrdə çapdan çıxmışdır. Elmi məqalələrdən 391-i “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilmişdir.

Son 5 ildə əməkdaşların 7 min 437 əsərinə istinadlar qeydə alınmışdır. Bölmə əməkdaşları açıq dünya ensiklopediyası - Vikipediyanın ingilis və rusdilli səhifələrində Naxçıvan tarixi ilə bağlı erməni iddialarını əks etdirən məqalələrin redaktəsini həyata keçirmiş, Azərbaycandilli Vikipediya ensiklopediyasında redaktələrlə yanaşı, Naxçıvan tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, təbii sərvətləri ilə bağlı 330 yeni məqalə yerləşdirmişlər. Əməkdaşların 5305 qəzet məqaləsi müxtəlif mətbu orqanlarda çap olunmuşdur.

Bölmə əməkdaşları 5 tövsiyə, 55 buklet hazırlamış, 38 patent almışlar. Onların “İxtiraçılıq sahəsində nailiyyətlərinə görə III, IV və V Respublika Müsabiqə”lərinə təqdim etdikləri ixtira patentləri qalib olmuş, diploma layiq görülmüşdür. Bölmənin elmi əməkdaşları fəaliyyət dövründə “Azərbaycan ensiklopediyası”nın, “Cümhuriyyət ensiklopediyası”nın və “Türk dünyası ədəbiyyatçılar ensiklopediyası”nın, “Naxçıvan Muxtar Respublikası fövqəladə hallar atlası”nın hazırlanmasında fəal iştirak etmişlər.

Ötən dövrdə 2 seriyada nəşr olunan Bölmənin “Elmi əsərlər” jurnalının 76 nömrəsi, “Axtarışlar” jurnalının isə 50 nömrəsi işıq üzü görmüşdür. Naxçıvan Bölməsinin əməkdaşlarının məqalələri əsasında “İrs”, “Naxçıvan”, “Yol”, “Folklor (Ədəbiyyat)”, “Qafqaz”, “Elm və həyat” jurnallarının xüsusi nömrələri Naxçıvana həsr edilmişdir. Fəaliyyəti dövründə Bölmə əməkdaşları 4-ü beynəlxalq olmaqla 23 qrant layihəsinin qalibi olmuşlar. AMEA Naxçıvan Bölməsi fəaliyyəti dövründə icra edilən elmi-tədqiqat işlərinin 209 mühüm nəticəsi AMEA-nın illik hesabatlarına daxil edilmişdir.

Bölmənin əməkdaşları “Şorsu” palçığının tərkibini öyrənmiş, iki növdə müalicəvi əhəmiyyətə malik olduğunu müəyyənləşdirmiş və istehsal edilmişdir. Darıdağ termal suyunun quru qalığı alınmış, müalicəvi əhəmiyyəti nəzərə alınaraq istehsal edilmişdir. 132 rəsmi dərman bitkisinin olduğu müəyyən edilmiş, qarışıqlar hazırlanmış, muxtar respublikanın apteklərində satışı təşkil olunmuşdur. Arpanın Qılçıqlı-85 və noxudun Qaraca-85 sortları yaradılmışdır. Bitkilərdən müxtəlif efir yağları, gülab, boya və doşab alınmasına başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamına əsasən, bölmədə 1200-dən çox tarix və mədəniyyət abidəsi aşkar olunmuş və pasportlaşdırılmışdır. Bu abidələrin 57-si dünya, 485-i isə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsidir. Bunlar əsasında Abidələr ensiklopediyası hazırlanmışdır.

Bölmənin elmi fəaliyyətində təşkil edilmiş beynəlxalq və respublika səviyyəli arxeoloji ekspedisiyaların və onların apardıqları arxeoloji tədqiqatların mühüm əhəmiyyəti olmuşdur. İki beynəlxalq (ABŞ və Fransa arxeoloji ekspedisiyası) və iki respublika səviyyəli (AMEA Naxçıvan Bölməsi) arxeoloji ekspedisiya Oğlanqala, Ovçular təpəsi, I Kültəpə, Duzdağı, Naxçıvan təpə, Qızqala, Uçan ağıl, Bülövqaya, Sədərək şəhər yeri, Xələc yaşayış yeri kimi arxeoloji abidələrdə tədqiqatlar aparılmış və əhəmiyyətli nəticələr əldə edilmişdir. Arxeoloji tədqiqatlar Naxçıvanın Eneolit və Tunc dövrü mədəniyyətinin ardıcıl mərhələlərini izləməyə imkan vermiş, Naxçıvan şəhərində məskunlaşmanın 8 min il bundan əvvəl başladığını təsdiq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 fevral 2004-cü il tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 7 oktyabr 2015-ci il tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” və 4 iyul 2016-cı il tarixli “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq edilməsi haqqında” sərəncamlarını rəhbər tutaraq yaradılmış tədqiqat qrupları hər üç tarixi abidə üzrə bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasına və tədqiq edilməsinə çalışmış, materiallar hazırlamış, ingilis və rus dillərinə tərcümə etmişlər.

Hər 3 tarixi abidə haqqında hazırlanmış kitablar nəşr olunmuşdur. Bölmə əməkdaşlarının Əshabi-Kəhf, Gəmiqaya, türbələr, imamzadələr, buzxanalar, körpülər, hamamlar haqqında, Naxçıvanın görkəmli və tarixi şəxsiyyətləri ilə bağlı, onların taleyi və sənəti seriyasından 19 kitab hazırlanıb çap edilmişdir.

AMEA Naxçıvan Bölməsi, Geologiya və Geofizika İnstitutu və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə UNESCO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınması ilə əlaqədar lazımi işlər görülmüş, 1700 kvadratkilometr sahəni əhatə edəcək “İlandağ” geoparkının xəritəsi və geoparkın ərazisində yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı və kompüter məlumat bazası yaradılmışdır.

Beynəlxalq əlaqələr və tədbirlər. AMEA Naxçıvan Bölməsi fəaliyyət dövründə 20-dən çox elm və təhsil mərkəzləri, o cümlədən ABŞ, Fransa, Polşa, Şimali Makedoniya, Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və b. ölkələrin elm və təhsil müəssisələri ilə sıx elmi əlaqələr qurmuş və bu gün uğurla davam etdirilir.

AMEA Naxçıvan Bölməsi tədqiqatçıları elmi ezamiyyələrə göndərilir. Hər il bölmədə müxtəlif elm və tədris müəssisələrinin iştirakı ilə beynəlxalq səviyyəli simpozium və konfranslar keçirilir.

Bölmə əməkdaşları dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan elmini layiqincə təmsil etmişlər.

Elm və təhsil əlaqələri. Ölkə təhsilində ilk dəfə olaraq “İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında müxtəlif mövzularda interaktiv açıq dərslər təşkil olunmuşdur. Naxçıvan Bölməsindən deyilən interaktiv açıq dərslər muxtar respublikanın 200-dən artıq məktəblərində dinlənilir.

Naxçıvan Dövlət Universitetinin 5 ixtisas üzrə təhsil alan tələbələri AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş və həmin tələbələrin iştirakı ilə Bölmənin elmi-tədqiqat müəssisələrində müvafiq layihələr çərçivəsində birgə tədqiqatlar, seminarlar, dəyirmi masalar, açıq dərslər, laboratoriya məşğələləri və s. keçirilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərindən 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilmiş və uğurlu nəticələr əldə olunmuşdur.

Naxçıvan Bölməsinin 20-yə qədər əməkdaşı Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda yarımştat, yaxud saathesabı yolu ilə il ərzində müəllim kimi çalışırlar.

Mükafatlar və təltiflər. Naxçıvan Bölməsinin əməkdaşlarının səmərəli elmi fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Bölmə əməkdaşlarından 3 nəfər “Əməkdar elm xadimi”, 2 nəfər “Əməkdar müəllim”, 1 nəfər “Əməkdar jurnalist” fəxri adına, 1 nəfər “Şöhrət” ordeninə, 7 nəfər “Tərəqqi” medalına, 3 nəfər Prezident mükafatına, 1 nəfər isə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən “Naxçıvan tarixi” çoxcildliyi, akademik İ.Hacıyevin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyası elm sahəsi üzrə Naxçıvan Muxtar Respublikası mükafatına, AMEA-nın müxbir üzvləri H.Qədirzadə və H.Səfərli “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” və “Tarixi mənbələrdə Nuh peyğəmbər” əsərlərinə görə Ali Məclisi Sədrinin mükafatına layiq görülmüşdür.

Bölmənin 1 əməkdaşı Azərbaycan Milli Məclisinə, 6 əməkdaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisinə üzv seçilmiş, 4 elmi əməkdaş Naxçıvan şəhərində mənzillə təmin edilmişdir.

Beləliklə, AMEA Naxçıvan Bölməsi muxtar respublikada elmi mühitin inkişaf etdirilməsində bir sıra uğurlara nail olmuşdur. Bölmə əməkdaşları qarşıya qoyulan vəzifələrin bundan sonra da yüksək səviyyədə yerinə yetirilməsinə, mövcud elmi potensialdan səmərəli istifadə etməklə elmi-tədqiqat işlərinin müasir tələblərə cavab verə biləcək səviyyədə aparılmasına çalışacaqlar.

İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see229

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see168

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see159

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see146

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see137

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see136

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see133

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see133

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see130

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see129

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see129

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see127

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

30 Oktyabr 2025 20:07see126

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see124

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see124

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see124

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see124

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see123

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see122

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri