Icma.az
close
up
RU
Qəsdən adam öldürmə cinayətlərinə necə baxılmalıdır? Ali Məhkəmədən qərar

Qəsdən adam öldürmə cinayətlərinə necə baxılmalıdır? Ali Məhkəmədən qərar

Ali Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenum Qərarına mühüm dəyişikliklər edib.

Teleqraf.com xəbər verir ki, bu məsələ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli 3 nömrəli Qərarında edilən dəyişiklikdə öz əksini tapıb.

Qəsdən adam öldürmə cinayəti CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-in 34-cü maddəsində şərh edilib. Qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun.

Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur.
Cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti ilə törədilməsi məsələsi həll edilərkən CM-in 34.2-ci maddəsi ilə yanaşı, bu əlamətin təfsirini nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalı və “qabaqcadan əlbir olan bir qrup şəxs” dedikdə, “bir qrup şəxs” tərəfindən törədilən cinayətlərdə olduğu kimi şəxsin həyatdan məhrum edilməsinə bilavasitə yönələn hərəkətlərin yerinə yetirilməsində ən azı iki nəfər şəxsin (icraçının) iştirak etməsi, lakin cinayətin obyektiv cəhətini təşkil edən həmin hərəkətlərin icrasına başlanılanadək onlar arasında zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə dair razılaşmanın əldə olunması başa düşülməlidir.

Cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməyən iştirakçıların – təşkilatçının, köməkçinin, təhrikçinin əməlləri iştirakçının rolundan asılı olaraq CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla icraçının (icraçıların) əməllərinə şamil edilən CM-in müvafiq maddəsi ilə, o cümlədən cinayət bir neçə icraçı tərəfindən yerinə yetirildikdə və bu hal digər iştirakçı tərəfindən dərk olunduqda CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla CM-in 120.2.1-ci maddəsi ilə tövsif olunmalıdır.

Şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan və yaxud anlaqlılığı istisna edən psixi xəstəliyi səbəbindən cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsdən istifadə etməklə (onlar vasitəsilə) qəsdən adam öldürmə cinayətini törətdikdə, o, CM-in 32.2-ci maddəsinə əsasən, cinayətin icraçısı hesab edilir və bu halda, eləcə də qeyd edilən məsuliyyətə cəlb edilə bilməyən şəxslərin köməyindən hər hansı başqa şəkildə istifadə olunmaqla qəsdən adam öldürmə cinayəti törədildikdə, hətta cinayətin icraçısı yanlışlıqla bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilə bilən şəxs olduqlarını zənn etdiyi hallarda belə, əməl bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə, cinayətkar birlik (təşkilat) tərəfindən törədilmiş cinayət kimi CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilə bilməz. Çünki iştirakçılıqla törədilən cinayətlər üçün zəruri şərt olaraq yalnız zahiri cəhətdən deyil, həm də psixi aspektdə birgəlik, yəni cinayətin törədilməsi üçün səylərin birləşdirilməsinin (bunun ictimai təhlükəli xarakterinin) cinayətin törədilməsinə cəlb olunan bütün şəxslər tərəfindən (yalnız icraçı tərəfindən deyil) dərk edilməsi tələb olunur. Lakin qəsdən adam öldürmə cinayətinə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinin 14 yaş olaraq müəyyən edilməsi və anlaqsız şəxslərin cinayət məsuliyyətinin istisna edilməsi məhz ondan irəli gəlir ki, bu yaşa çatmayan, eləcə də anlaqsız hesab edilmiş şəxslər öz əməllərinin ictimai təhlükəli xarakterini, o cümlədən hərəkətlərinin (hərəkətsizliyin) ictimai təhlükəli əmələ töhfə verən xarakterdə olmasını (cinayətin törədilməsi üçün səylərin birləşdirilməsini) dərk etmirlər. Qeyd olunan hal isə birgəliyin mövcud olmadığını göstərir və təqsirkarın cinayət məsuliyyətinə cəlb edilə bilməyən başqa şəxsləri cəlb etməklə törətdiyi cinayətin CM-in 120.2.1-ci maddəsi ilə tövsif olunmasını istisna edir.

Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Belə qruplar bir qayda olaraq cinayəti diqqətlə planlaşdırdıqlarına, əvvəlcədən cinayətin alətlərini hazırladıqlarına, qrup iştirakçıları arasında rol bölgüsü apardıqlarına görə iştirakçıların hamısı cinayət hadisəsindəki rollarından asılı olmayaraq cinayətin icraçıları hesab olunurlar və onların əməlləri tövsif edilərkən CM-in 32-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.

Cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qəsdən adam öldürmə cinayəti törədildikdə bu cinayətin iştirakçılarının əməlləri CM-in 120.2.1-ci maddəsi ilə yanaşı, 218-ci maddəsi ilə də tövsif edilməlidir.

Dəyişikliklərlə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

seeBaxış sayı:55
embedMənbə:https://teleqraf.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri