Qəzza zolağından təxliyə edilən 15 uşaq müalicə üçün İtaliyaya gətirilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Roma, 30 sentyabr, AZƏRTAC
Qəzza zolağından təxliyə olunan 15 fələstinli uşaq İtaliyada müalicə ediləcək.
AZƏRTAC xəbər verir ki, onların arasında anadangəlmə qüsuru olan yeni doğulmuş körpə də var. O, Florensiya Xəstəxanasına yerləşdiriləcək.
Azyaşlıları daşıyan İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr paytaxt Roma, Leççe, Pisa və Verona hava limanlarına enib. Ümumilikdə (valideynləri və yaxınları ilə birlikdə) 81 fələstinli İtaliyaya gətirilib. Azyaşlılara İtaliyanın 7 regionundakı 12 xəstəxanada lazımi tibbi yardım göstəriləcək.
Bu, İtaliyanın keçirdiyi 15-ci humanitar təxliyə əməliyyatıdır. İndiyədək İtaliyada müalicə olunan fələstinli uşaqların sayı 196-ya (ailələri ilə birlikdə ümumilikdə 650-dən çox) çatıb. İtaliya ciddi anadangəlmə xəstəlikləri olan və ya əhəmiyyətli yaralardan və amputasiyalardan əziyyət çəkən xəstə fələstinli uşaqların qəbuluna üstünlük verib. İndiyədək ölkə üzrə 20-dən çox səhiyyə müəssisəsi tibbi əməliyyatlara cəlb olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma


