“Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” qüvvəyə minib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” 2025-ci il avqustun 20-dən qüvvəyə minib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin qaydalar qida məhsulları ilə təmas edən, qida məhsulları ilə təmas etməsi nəzərdə tutulan və ehtimal olunan material və məmulatlara dair tələbləri müəyyən edir.
Həmin qaydaların əhatə dairəsinə aid edilən material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli və qida məhsulunun orqanoleptik xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır.
Bununla yanaşı, qaydalarda aktiv və ağıllı, kağız, metal və şüşə əsaslı materiallara dair xüsusi tələblər, eyni zamanda, plastik material və məmulatlardakı müəyyən maddələr üçün məhdudiyyətlər göstərilib. Əlavə olaraq, sənəd qida məhsulları ilə təmasda olan material və məmulatların etiketlənməsi ilə bağlı tələbləri əhatə edir.
Qaydalarla daha ətraflı linkdən tanış olmaq mümkündür.


