Icma.az
close
up
RU
Qlobal istiləşmə ərzaq qıtlığı təhlükəsini də artırır

Qlobal istiləşmə ərzaq qıtlığı təhlükəsini də artırır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarşıdakı 1 ildə aclıqdan əziyyət çəkənlərin sayı 50 milyon nəfər də arta bilər

BMT-nin Ümumdünya Ərzaq Proqramının hesabatında 2027-ci ilin sonuna qədər dünyada aclıqdan əziyyət çəkən insan sayının “El-Nino” iqlim hadisəsinin güclənməsi səbəbindən daha 49 milyon nəfər arta biləcəyi bildirilir. Qurumun məlumatında təbiət hadisəsinin ən gərgin nöqtəsinin cari ilin sentyabr-dekabr aylarına təsadüf edəcəyi, lakin əkin və məhsul yığımı dövründə nəzərə çarpan mənfi təsirlər səbəbindən fəsadların gələn ildə də kəskin hiss olunacağı vurğulanır.

Hesabatda adıçəkilən iqlim hadisəsi nəticəsində dünya əhalisinin böyük bir hissəsinin kəskin ərzaq qıtlığı ilə üzləşəcəyi də proqnozlaşdırılır. Təbii ki, belə bir şəraitin yaşanmaması üçün ərzaq təhlükəsizliyinin gücləndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulur.

Təbii fəlakətlər, anomal istilər və yağıntı rejiminin dəyişməsi nəticəsində milyonlarla insanın kəskin ərzaq qıtlığı ilə üzləşməsi təhlükəsi dünya ölkələrindən aqrar sektora milli təhlükəsizlik baxımından ciddi yanaşılma tələb edir. Qlobal bazarlardakı dəyişkənlik şəraitində Azərbaycan özünün ərzaq müstəqilliyini gerçəkləşdirmək və daxili bazarı qorumaq istiqamətində davamlı strateji addımlar atır. Ölkəmiz, eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı aqrar sektorun müasirləşdirilməsi, fermerlərə dövlət dəstəyinin göstərilməsi, rəqəmsal texnologiyaların tətbiq olunması, suvarma və meliorasiya infrastrukturunun yenilənməsi, texnika parklarının genişləndirilməsi, güzəştli kredit və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi sahəsində mühüm layihələr həyata keçirir.

Məhsuldarlıq artmasa...

Ərzaq təhlükəsizliyinin əsasını taxılçılıq təşkil edir. Azərbaycan uzun illərdir ki, bu strateji məhsula tələbatının müəyyən hissəsini idxal hesabına ödədiyindən, mövcud sahədə özünütəminat səviyyəsinin qaldırılması əsas hədəflərdən biridir. Ona görə də hər il orta hesabla 1 milyon hektardan çox sahədə payızlıq və yazlıq dənli bitkilər əkilməsi, həyata keçirilən aqrotexniki tədbirlər və modernləşmə sayəsində isə orta məhsuldarlıq göstəricilərində yüksək dinamikanın nəzərə çarpması qarşıya qoyulan vəzifənin gələcəkdə də uğurla yerinə yetirilməsinə zəmin yaradır.

Xatırladaq ki, dövlət başçısının 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda da taxılçılığın inkişafı əsas məqsəd və hədəflər sırasında önəmli yer alıb. Sənəd çərçivəsində bölgələrdə taxılçılıq ənənələrinin yenidən bərpası və sahənin inkişafı üçün bir sıra konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Proqramda taxılçılığın inkişaf etdirilməsi, regional potensialın bərpası və məhsuldarlığın artırılması ən mühüm hədəflərdən biri kimi diqqətdə saxlanılıb. Cari ilin yay mövsümünün operativ taxıl biçini nəticələri isə artıq bu sahədə dinamik artımın və potensialın real göstəricisi kimi qeydə alınıb.

Azərbaycan iqtisadiyyatının daxili dayanıqlılığının artırılması və qeyri-neft sektorunun inkişafı çərçivəsində kənd təsərrüfatı prioritet sahələrdən birinə çevrilib. Son statistik rəqımlər də göstərir ki, aqrar sahədə sabit artım dinamikasının qorunub saxlanılmasına nail olunub. Məsələn, cari ilin birinci yarısının yekunlarına əsasən, ölkədə kənd təsərrüfatı üzrə ümumi daxili məhsul (ÜDM) istehsalı real ifadədə 2,2 faiz çoxalıb. İstehsal həcmi heyvandarlıq məhsulları üzrə 3 milyard 776 milyon manata (2,5 çox), bitkiçilik üzrə isə 3 milyard 309 milyon manata (1,8 faiz çox) yüksəlib. Sahələr arasındakı bu tarazlıq nəticəsində bazarın mövsümi və xarici risklərə qarşı dayanıqlılığı möhkəmlənib.

Hesabat dövründə tarlalardan 823 min ton tərəvəz, 395 min ton kartof, 218 min ton meyvə və giləmeyvə yığılıb, heyvandarlıqda isə diri çəkidə ət istehsalı 305 min tona, süd istehsalı 1,14 milyon tona çatdırılıb. Quşçuluq və yumurta istehsalında əldə olunan göstəricilərlə daxili bazarın tam təminatına əlverişli zəmin yaradılıb.

Dövlət Statistika Komitəsinin avqustun 3-nə olan məlumatına görə, respublikada payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulan 994,9 min hektar sahənin 925,1 min hektarı, yəni 93 faizi biçilib. Sahələrdən 3 milyon 132 min ton məhsul toplanılıb, hər hektardan orta məhsuldarlıq 33,9 sentner olub. Yığılmış məhsulun 1 milyon 535 min tonu buğdanın, 1 milyon 561 min tonu arpanın, 36 min tonu digər dənli və dənli-paxlalı bitkilərin payına düşüb.

Hazırda respublikanın 13 şəhər və rayonunda biçin tam yekunlaşıb, digər 30 rayonda isə nəzərdə tutulan sahənin 90 faizdən çoxu biçilib. Ən çox məhsul Cəlilabad (298,8 min ton), Şəki (186,7 min ton), Ağcabədi (167,2 min ton), Füzuli (141,1 min ton), Kürdəmir (127,5 min ton) və Neftçala (109,6 min ton) rayonlarında yığılıb. Ən yüksək məhsuldarlıq isə Ağcabədi (hər hektardan 45,5 sentner), Tovuz (45,3 sentner), Bərdə (45,2 sentner) və Sabirabad (43,9 sentner) rayonlarında qeydə alınıb.

Mövcud göstəricilər qənaətbəxş və ümidverici olsa da, tam özünütəminat üçün görüləsi işlər hələ çoxdur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına aid torpaqların əkin dövriyyəsinə daxil edilməsi və iri aqroparklarda müasir suvarma sistemləri vasitəsilə yüksək məhsuldarlığın (hektardan 50-60 sentnerdən çox) reallaşdırılması qarşıda mühüm vəzifə kimi durur. Mütəxəssislərin fikrincə, yalnız bu yolla yaxın illərdə daxili tələbatın yerli istehsal hesabına ödənilmə faizinin əhəmiyyətli dərəcədə artırılması mümkündür.

Rəqəmsal texnologiya və “ağıllı” idarəetmə zəruriliyi

Kənd təsərrüfatı üzrə mütəxəssis Alı Fərəcullayevin sözlərinə görə, aqrar sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinin formalaşması indiyədək kompleks dövlət dəstəyi mexanizmlərinin tətbiqi sayəsində mümkün olub. Məsələn, fermerlərin qeydiyyatı alınması, torpaq sahələrinin xəritələndirilməsi, subsidiya müraciətlərinin həyata keçirilməsi və şəffaflığın təmin edilməsi kimi prioritetlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə tam elektronlaşdırılıb.

İnnovativ aqrotexnikadan istifadənin diqqətdə saxlanılması, yəni dronlarla monitorinq, peyk vasitəsilə torpaq və əkin analizləri aparılması, süni intellekt əsasında su və gübrə optimallaşdırılmasının reallaşdırılması nəticəsində xərclər azalıb, məhsuldarlıq isə yüksəlib. Eyni zamanda, suvarma və meliorasiya infrastrukturunun beynəlxalq standartlara uyğun yenilənməsi ön plana çəkilib.

Yeri gəlmişkən, iqlim dəyişikliyi və su qıtlığı fonunda ənənəvi suvarma üsullarından damcı və pivot (fırlanacaq) suvarma sistemlərinə keçid sürətlənib. Su anbarlarının inkişafının diqqətdə saxlanılması, kanalların rekonstruksiyası və su ehtiyatlarının rəqəmsal idarə olunması kimi məsələlərin həlli ilə iqlim riskləri azalıb.

Aqrar sektorda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə şəffaf subsidiyalaşmanın həyata keçirilməsinə də mühüm önəm verilib. Məsələn, fermerlərə əkin, məhsul və gübrə subsidiyaları birbaşa “Fermer kartı” vasitəsilə ödənilib. Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən lizinq mexanizmləri vasitəsilə fermerlərə güzəştli şərtlərlə müasir kombaynlar, traktorlar və avadanlıqlar təqdim olunub, texnika parkları mütəmadi yenilənib. Təbii fəlakətlər, quraqlıq və digər təhlükələrə qarşı dövlət dəstəkli aqrar sığorta mexanizmləri tətbiq edilib.

Əldə olunan uğurlarla yanaşı, bu gün qlobal iqlim dəyişikliyi və daxili struktur səbəblərindən irəli gələn bir sıra çətinliklər də ciddi narahatlıq doğurur. Cənubi Qafqazda şirin su ehtiyatlarının azalması, eləcə də yağıntı rejiminin pozulması, respublikamızda isə su resurslarının məhdud olması və uzun müddətli quraqlığın müşahidə edilməsi mövcud problemləri daha da dərinləşdirir.

Bütün qeyd edilənlərlə yanaşı, ölkəmizin toxum və gübrə ilə bağlı idxal asılılığı da aqrar sektorda yüksək göstəricilərin əldə edilməsinə mənfi təsir göstərir. Başqa sözlə, yüksək məhsuldarlıqlı toxum sortlarının və bir sıra kimyəvi gübrələrin xaricdən gətirilməsi yerli məhsulun maya dəyərini artırır və qiymət sabitliyini pozur.

Aqrar proqramın “yaşıl” hədəfləri

İqtisadçı-ekspert Əjdər Həsənovun sözlərinə görə, kənd təsərrüfatnın inkişafını şərtləndirən amillər sırasında toxumçuluq xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Milli Məclisdə təsdiq edilən “Toxumçuluq haqqında” qanun layihəsi bu sahədə narahatlıq doğuran problemlərin həllini nəzərdə tutur. Başqa sözlə, adıçəkilən qanun layihəsi respublikada toxumun istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı, sertifikatlaşdırılması və keyfiyyətinə nəzarətlə bağlı yaranan münasibətləri tənzimləyir, bu sahədə fəaliyyət göstərən subyektlərin və dövlət orqanlarının fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir.

Əjdər Həsənov söhbətində qeyd etdi ki, sənəddə əks olunan əsas yeniliklərdən biri toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatının elektron şəkildə aparılmasıdır və bu, prosesin operativliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Elektronlaşma aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiqləyən sertifikatı olan toxumlar, onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradır, eyni zamanda, toxumçuluq sahəsinin iqtisadi əsaslarının yenilənməsini şərtləndirir. Başqa sözlə, yüksəknəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi bu sahədə rəqabət mühiti yaratmaqla özəl seleksiyanın və özəl ilkin toxumçuluğun inkişafını gerçəkləşdirir.

İqtisadçı-ekspertin fikrincə, qanun layihəsi təsdiqlənəndən sonra, bu, müasir dövrün tələblərinə uyğun olaraq kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsinə, sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, sənəd toxumun keyfiyyətinə nəzarəti gücləndirəcək və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını reallaşdıracaq, beləliklə, kənd təsərrüfatının dayanıqlı inkişafına əhəmiyyətli təsir edəcək.

Beləliklə, səmərəli gübrələmə və rəqəmsal su idarəçiliyi vasitəsilə torpağın deqradasiyasının qarşısının alınması, hər hektardan maksimum məhsul götürülməsinə şərait yaradılması, yeni texnologiyaların əlçatanlığını gerçəkləşdirmək üçün genişləndirilmiş subsidiya paketlərinin hazırlanması, güzəştli kreditlər və çevik maliyyə vasitələrinin tətbiqinə üstünlük verilməsi isə “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda xüsusi yer tutur. Sənəddə yüksək məhsuldarlığa malik, yerli iqlimə dözümlü toxum sortlarının istifadəsinin təşviq edilməsi, aqrotexniki xidmətlərin və müasir texnika təminatının gücləndirilməsi də diqqət çəkir.

Kiçik torpaq sahələrində müasir texnologiyaların və iri suvarma sistemlərinin tətbiqi isə iqtisadi baxımdan rentabelli olmur. Belə bir şərait müəssisənin fəaliyyətinin iqtisadi səmərəliliyini aşağı salır. Bu səbəbdən kooperasiya və aqroparklaşma modelinin genişlənməsi zəruri sayılır. Çünki belə strukturlarda ekstensiv (sahələrin birtərəfli böyüdülməsi) inkişafdan intensiv və innovativ (resurslardan səmərəli istifadə və yüksək məhsuldarlıq) inkişaf modelinə keçidin gerçəkləşməsi ilə yüksək göstəricilər qeyd alınır.

Göründüyü kimi, bu gün səmərəli gübrələmənin aparılması, rəqəmsal su idarəçiliyi vasitəsilə torpağın deqradasiyasının qarşısının alınması, yeni texnologiyaların əlçatanlığını reallaşdırmaq üçün genişləndirilmiş subsidiya paketlərinin təqdim edilməsi, güzəştli kreditlər və çevik maliyyə vasitələrinin tətbiqinə üstünlük verilməsi ərzaq təhlükəsizliyində böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu məsələdə yüksək məhsuldarlığa malik, yerli iqlimə dözümlü toxum sortlarının istifadəsinin təşviq edilməsi, aqrotexniki xidmətlərin və müasir texnika təminatının gücləndirilməsi də xüsusi diqqət çəkir.

Beləliklə, qlobal səviyyədə ərzaq böhranı ilə bağlı narahatlıqların artdığı bir dövrdə ölkəmizdə rəqəmsal kənd təsərrüfatı modelinin, suvarma texnologiyaların tətbiq edilməsi, aqroparkların getdikcə genişləndirilməsi və işğaldan azad edilmiş torpaqların aqrar dövriyyəyə inteqrasiyası ölkənin ərzaq təhlükəsizliyini şərtləndirir. Lakin quraqlıq və su qıtlığı kimi problemlərin mövcudluğu bu istiqamətində atılan addımların davamlı olması zəruriliyini diktə edir. Bu halda isə daxili tələbat ödənilməklə yanaşı, həm də respublikamızın regionda keyfiyyətli kənd təsərrüfatı məhsullarının mühüm ixracatçısına çevriləcəyinə böyük əminlik yaranır.

Vaqif BAYRAMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Avqust 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri