Icma.az
close
up
RU
Qlobal xeyriyyəçilik missiyası

Qlobal xeyriyyəçilik missiyası

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanın adını dünyanın mədəniyyət xəritəsinə yazır

Əbədi şəhər kimi tanınan Roma çağdaş tarixində geosiyasətin ən kəskin reallıqlarını belə aşan mühüm diplomatik körpülərin qurulduğuna şahidlik edir. 16 oktyabr tarixində isə qədim Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılışı belə nadir və strateji hadisələrdən biri kimi beynəlxalq gündəmdə əks-səda yaratdı.

Müqəddəs Taxt-Tacın informasiya resursları, o cümlədən Vatikanın yeganə rəsmi mətbuat orqanı olan nüfuzlu "L"Osservatore Romano" qəzeti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirak etdiyi mərasimi diqqət mərkəzində saxladı. Açılışda Birinci vitse-prezident və ailə üzvləri ilə yanaşı, Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti, kardinal Canfranko Ravazi və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkerinin iştirakı hadisənin siyasi və mənəvi baxımdan nə qədər əhəmiyyətli olduğunu göstərdi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfərini və keçirdiyi görüşləri dünya mediası geniş işıqlandırıb. Məsələn, Argentinanın “Real Politik” xəbər agentliyi Mehriban Əliyevanın oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşünə dair xəbəri manşetdən verib. Məqalədə deyilir ki, Roma Papası XIV Leoya qəbula görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti son illər Vatikanla Azərbaycan arasında münasibətlərin daha da möhkəmləndiyini vurğulayıb, Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox layihələri həyata keçirdiyindən məmnunluğunu ifadə edib. “Heydər Əliyev Fondu mədəni və dini dialoqu təşviq edən layihələr vasitəsilə Vatikan ilə əməkdaşlığını bundan sonra da genişləndirəcək”, – deyə Mehriban Əliyeva qeyd edib.

Məqalədə o da diqqətə çatdırılır ki, Roma Papası XIV Leo Vatikan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın uzun tarixini yüksək qiymətləndirib. Papa Leo Mehriban Əliyevaya irəli sürdüyü təşəbbüslərə görə təşəkkürünü bildirib, onların dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib. Pontifik, həmçinin ikinci Katolik Kilsəsinin tikintisinə ayrılmış torpaq sahəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini çatdırmağı xahiş edib, Vatikanın bu birgə layihələrin davam etdirilməsində maraqlı olduğunu bildirib.

Bu, Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında hələ 2021-ci il martın 4-də imzalanan müqavilənin uğurlu nəticəsi idi və müsəlman dünyasının bir nümayəndəsinin xristianlığın ən qədim irsinin qorunmasına verdiyi töhfə kimi qlobal siyasi lüğətə yeni sivilizasiyalararası əməkdaşlıq səhifəsi əlavə etdi. Məhz bu hadisə Azərbaycanın xarici siyasətində getdikcə mərkəzi yer tutan yumşaq güc strategiyasının, humanitar diplomatiyanın ən parlaq və ən təsirli təzahürüdür.

Bu diplomatik uğurun beynəlxalq arenada yaratdığı təsir dalğası hansı siyasi nəticələrə səbəb olur? Birincisi, Azərbaycanın multikulturalizm və tolerantlıq modelini nəzəriyyədən praktikaya, milli səviyyədən qlobal miqyasa yönəltdiyini sübuta yetirir. Dünyanın dini və mədəni zəmində parçalandığı, abidələrin dağıdıldığı dövrdə müsəlman-türk ölkəsinin katolik dünyasının mərkəzində xristian irsinin bərpasına dəstək verməsi ölkənin qərəzli "dini dözümsüzlük" iddiaları ilə təsirləndirilməsinin qarşısını alan ən güclü diplomatik müdafiədir. Vatikanla bu səviyyədə qurulan əməkdaşlıq Azərbaycanın qlobal mənəvi və siyasi təsir mərkəzləri ilə strateji tərəfdaşlıq qurmaq bacarığını nümayiş etdirir. Bu, həm də ölkənin beynəlxalq miqyasda imicini və mövqeyini möhkəmləndirmək üçün istifadə etdiyi çox müdrik və uzaqgörən addımdır.

İkincisi, Heydər Əliyev Fondunun beynəlxalq xeyriyyəçilik fəaliyyəti Azərbaycanın yumşaq gücünün coğrafi və mədəni sərhədlər tanımadığının göstəricisidir. 2004-cü ildə təsis edildiyi gündən bu günə qədər Fondun fəaliyyət coğrafiyası onlarla ölkəni əhatə edib və onun beynəlxalq yardımları Azərbaycana qarşı formalaşdırılmağa çalışılan mənfi rəylərin neytrallaşdırılmasında həlledici rol oynayır. Bu fəaliyyət, ölkənin dünya mədəniyyətinə və humanitar dəyərlərinə verdiyi töhfənin miqyası ilə ölçülür.

* * *

Fondun qlobal uğurlarının legitimliyi onun Azərbaycanın daxili siyasi-sosial problemlərin həllinə necə yanaşmasından qaynaqlanır. Xarici siyasətdəki humanitar diplomatiya daxili sosial siyasətin təməli üzərində ucalır. Bu daxili siyasət isə Vətən müharibəsi şəraitində formalaşan milli prioritetləri və cəmiyyətin ən həssas təbəqələrini əhatə edir.

Heydər Əliyev Fondunun daxili siyasi fəaliyyətinin zirvəsini Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından və sağlamlığından keçmiş Vətən övladlarına yönəlmiş sistemli və hərtərəfli qayğısı təşkil edir. Bu, dövlət - vətəndaş birliyinin və milli həmrəyliyin ən bariz təzahürü olan müqəddəs missiyadır. 44 günlük Vətən müharibəsindən sonra yaradılan "YAŞAT" Fonduna ilk böyük ianəni məhz Heydər Əliyev Fondu etməklə milli səfərbərliyə mənəvi təkan verdi.

Lakin fondun fəaliyyəti maddi dəstəklə məhdudlaşmır. Təşkilat qazilərin və şəhid ailələrinin həyatının hər bir aspektini əhatə edən kompleks yanaşma sərgiləyir. Ən vacib istiqamətlərdən biri, şübhəsiz, yaralı hərbçilərimizin sağlamlığının bərpasıdır. Fond mürəkkəb cərrahi əməliyyatların istər ölkə daxilində, istərsə də dünyanın qabaqcıl klinikalarında aparılmasını təşkil edir. Hər bir qazinin sağlamlıq durumu fərdi şəkildə izlənilir və ən optimal müalicə kursu müəyyənləşdirilir.

Bununla yanaşı, fondun nadir təşəbbüslərindən biri əzalarını itirmiş qazilərimizin dünyanın ən son texnoloji nailiyyətlərinə əsaslanan yüksək texnologiyalı protezlərlə təmin edilməsidir. Bu, insanların həyata yenidən bağlanması, onların sosial fəallığının bərpası və həyat keyfiyyətinin əsaslı şəkildə yaxşılaşdırılması deməkdir.

Müharibənin görünməyən yaraları olan psixoloji travmalarla mübarizə də fondun prioritetləri sırasındadır. Peşəkar psixoloqların və reabilitasiya mərkəzlərinin cəlb edilməsi ilə qazilərimizə və onların ailə üzvlərinə davamlı psixoloji dəstək göstərilir. Bütün bunların məntiqi yekunu isə qazilərimizin cəmiyyətə tam reinteqrasiyası, onların yeni peşələrə yiyələnməsi və kiçik bizneslərini qurması üçün yaradılan imkanlardır. Bu, Vətənə xidmətin təkcə döyüş meydanında yox, həm də sülh dövründə davam etdiyini və dövlətin qəhrəmanlarını heç vaxt unutmadığını göstərən ən güclü mesajdır.

Dövlətin və cəmiyyətin mənəvi sağlamlığının ən mühüm göstəricisi onun gələcəyi olan uşaqlara, xüsusən də onların ən həssas təbəqəsinə və müdafiəsiz olanlara münasibətidir. Heydər Əliyev Fondu bu prinsipi fəaliyyətinin təməl daşlarından birinə çevirmişdir. Fondun təsis edildiyi ilk günlərdən həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı Azərbaycanın sosial siyasətində inqilab etdi. Bu proqram çərçivəsində ölkə üzrə onlarla uşaq evi, internat məktəbi və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisə köhnə, sovet dövründən qalma standartlardan fərqli müasir tələblərə uyğun şəkildə yenidən quruldu. Bu, bütün infrastrukturun – istilik sistemindən tutmuş yataq otaqlarına, tədris kabinetlərindən idman zallarına qədər tamamilə yenilənməsi idi. Lakin daha vacibi maddi şəraitin yaxşılaşdırılması ilə yanaşı, müəssisələrdəki təlim-tərbiyə prosesinə yeni yanaşmanın gətirilməsidir. Uşaqların istedadının üzə çıxarılması üçün müxtəlif dərnəklərin yaradılması, onların psixoloji reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün xüsusi proqramların tətbiqi Fondun fəaliyyətinin əsasını təşkil edir. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi kimi nadir layihələr isə Fondun inklüziv cəmiyyət quruculuğuna verdiyi töhfənin parlaq nümunəsidir. Bu mərkəz minlərlə ailəyə ümid işığı olmuş və bu uşaqların potensialını reallaşdırmaq üçün Azərbaycanda yeni imkanlar yaratmışdır.

Səhiyyə sahəsi, ümumilikdə, Fondun fəaliyyətinin əsasını təşkil edir. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda Cənubi Qafqazda analoqu olmayan Talassemiya Mərkəzi yaradıldı. Bu, minlərlə insanın həyatını xilas edən və onlara normal həyat sürmək imkanı verən həyati əhəmiyyətli layihədir. Fondun fəaliyyəti sayəsində şəkərli diabet, dializ və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün müasir tibb mərkəzləri yaradılmış, səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş və vətəndaşların xaricdə müalicəsi mütəmadi olaraq təşkil edilmişdir. Fondun ardıcıl fəaliyyəti Azərbaycan vətəndaşlarının sağlamlığının və rifahının dövlətin əsas prioriteti olduğunu praktikada sübut edir.

* * *

Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qlobal və əlahiddə təşəbbüsləri müasir dünyanın narahatedici çağırışlarının çoxluğu fonunda Azərbaycan ilə xristian dünyası arasında mədəni və dini körpülər qurmaq üçün yeni diplomatik imkanlar açır. Azərbaycanın humanitar diplomatiyada yeni yanaşma kimi təqdim etdiyi mədəniyyət və din körpüsü, mədəni irsin qorunması sahəsində əməkdaşlıq diplomatik əlaqələrin dərinləşdirilməsi yönündə etibarlı platformadır. Əməkdaşlığın bu forması özündə həm dövlətlər arasında etimadı, həm də sülhsevər və açıq xarici siyasəti ehtiva edir.

Beləliklə, beynəlxalq və daxili fəaliyyət vəhdət təşkil edərək bir-birini tamamlayır və gücləndirir. Vatikandakı katakombaları bərpa edən layihə ilə Bakıda talassemiyalı bir uşağın həyatını xilas edən tədbirlər eyni fəlsəfədən və humanizmdən güc alır. Məhz belə genişmiqyaslı daxili sosial baza üzərində qurulan xeyriyyə təşkilatının beynəlxalq arenadakı addımları səmimi, etibarlı və siyasi baxımdan məqsədəuyğun görünür.

Heydər Əliyev Fondu Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini möhkəmləndirən, onun nüfuzunu artıran və milli maraqlarını müdafiə edən güclü humanitar quruma, təsirli yumşaq güc institutuna çevrilib. Romada yandırılan məşəl Azərbaycanın beynəlxalq aləmdə aydın gələcəyini işıqlandırır.

21 ilin humanitar statistikası

Bu missiya 2004-cü ildən başlayaraq qitələri aşan xeyirxahlıq və mədəniyyət şəbəkəsi hörmüşdür. Fondun beynəlxalq arenadakı fəaliyyətini rəqəmlərin quru dilindən çıxarıb, onun yaratdığı strateji təsirin miqyasını anlamaq üçün görülən işlərin məzmununa varmaq lazımdır.

* Fondun dəstəyi ilə İtaliyada Vatikandakı Komodilya katakombaları da daxil olmaqla, bir sıra kilsələr və dini abidələr bərpa edilib. Lakin bu fəaliyyət İtaliya ilə məhdudlaşmır. 2007-ci ildən başlayaraq Fransanın ürəyi sayılan Paris Luvr Muzeyinin İslam incəsənəti bölməsinin yenidən qurulmasına verilən dəstək və Versal Sarayının nadir abidələrinin bərpası kimi unikal layihələr Azərbaycanın adını Avropa mədəniyyətinin beşiyi sayılan məkanlarda əbədiləşdirir.

* 2009-cu ilin iyun ayında Strasburq Kafedralının qədim vitrajlarının restavrasiyası isə Avropa siyasətinin mərkəzində, Avropa Şurasının yerləşdiyi şəhərdə həyata keçirilən simvolik jest idi. Ümumilikdə, ondan artıq ölkədə iyirmidən çox dünya əhəmiyyətli tarixi-mədəni abidənin bərpası və konservasiyasına dəstək verilməsi, Azərbaycanın qlobal mədəni irsin məsuliyyətli bir hamisinə çevrildiyini göstərir. Təhsil sahəsində isə fondun fəaliyyəti daha da genişmiqyaslıdır.

* 2005-ci ildən başlayaraq "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Rusiya, Rumıniya, Misir, Gürcüstan, Pakistan, Niderland kimi ölkələrdə məktəblərin inşası və əsaslı təmiri həyata keçirilib. Məsələn, 2005-ci ildə Pakistanda baş verən zəlzələdən sonra Rara qəsəbəsində qızlar üçün müasir məktəb binasının inşasına başlanılmış və 2007-ci ildə istifadəyə verilmişdir.

* Ümumilikdə, bu layihələr çərçivəsində xarici ölkələrdə yüzdən çox yeni məktəb tikilib və ya mövcud təhsil müəssisələri əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Bu, Azərbaycanın gələcəyə investisiya kimi təhsilə və insan kapitalına qlobal səviyyədə verdiyi dəyərin bariz göstəricisidir.
* Pakistan, Haiti, Rumıniya, Bosniya və Herseqovina, Yaponiya və digər ölkələrdə baş verən təbii fəlakətlər və humanitar böhranlar zamanı isə Fond tərəfindən on beşdən artıq böyük miqyaslı humanitar yardım kampaniyası həyata keçirilib. Bu yardımlar sadəcə ərzaq və dərman təchizatından ibarət olmayıb, həm də infrastrukturun bərpasına, məktəblərin tikintisinə yönəldilib. Fondun dəstəyi ilə sivilizasiyalararası dialoq və mədəni əməkdaşlıq mövzusunda onlarla beynəlxalq konfrans, forum və sərginin təşkil edilməsi isə onun ideoloji və intellektual müstəvidə də fəal olduğunu sübut edir.

* 2023-cü ilin oktyabrında Fond nümayəndələri Taihu Dünya Mədəniyyət Forumunun 7-ci illik konfransında iştirak ediblər. Həmçinin, Fondun vitse-prezidenti Leyla Əliyeva 2025-ci ilin fevralında 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak etmişdir. Bu kimi tədbirlər Fondun qlobal humanitar və mədəni dialoqda fəal rolunu göstərir.

Bu statistika Heydər Əliyev Fondunun fəaliyyətinin qlobal miqyaslı və strateji humanitar missiyadan ibarət olduğunu göstərir. Fondun xaricdə bərpa etdiyi hər bir abidə Azərbaycanın nüfuzunun və əlaqələrinin mühüm elementinə çevrilir.

Yusif ŞƏRİFZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see192

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see141

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri