“Ramiz Mehdiyevin keçirdiyi iclasda Məzahir Pənahovun başı daha çox dönməyə başladı” KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
“Ramiz Mehdiyevə “ata” deyilməsinə bir dəfə də mən şahid olmuşam”.
KONKRET.az xəbər verir ki, pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) həbsdə olan keçmiş üzvü Akif Qurbanov bildirib.
“2011-ci ilin fevralında. Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) 18 üzvünü yenidən təsdiq etmişdi. MSK-nın bundan sonra keçirilən ilk iclasında, adətən, dövlət rəhbərlərindən də kimsə iştirak edirdi. MSK-nın sədri, müavini və katibləri onun iştirakıyla seçilir, komissiya üzrlərinə dövlət başçısının mesajı çatdırılırdı. Hadisənin baş verdiyi iclasdan bir gün əvvəl zəng edib demişdilər ki, sabah filan vaxt MSK-da olum. Bildirmişdilər ki, islasda Ramiz Mehdiyevin də iştirakı gözlənilir. Sonrakı gün ora yollandım (Mən MSK-ya iclasdan-iclasa gedirdim. Həm ordakı iş rejimi belər sərbəstliyə imkan verirdi, həm də ilk günlərdəki müşahidələrimə və iş prinsipindəki məhdudiyyətlərə görə belə qərara gəlmişdim ki, ən doğrusu MSK-ya zəruri hallarda getməkdir. Yeni binada mənə ayrılan otağı da komissiya üzrlərindən birinə vermişdim). Adətən, iclaslardan əvvəl orda şəxsi ünsiyyətim olan şəxslərə baş çəkirdim, birlikdə təzə xəbərləri müzakirə edirdik. Bu dəfə də adətimi pozmadım. Həmin həmkarlarımdan birinin otağına getdim, bir-birimizdən hal-əhval tutduq, xeyli söhbətləşdik. İclasın vaxtından da xeyli keçdi, amma Ramiz müəllim gəlib çıxmırdı. Dedim, iş günü bitmək üzrədir, belə görünür, “Akademik” gəlməyəcək, biz nəyi gözləyirik? Otaqdakılardan biri vəziyyəti öyrənmək üçün sədrin köməkçinə zəng vurdu. O, Ramiz müəllimin hələ də gələ biləcəyini və gözləmək lazım olduğunu dedi. Əslində, bu sualın cavabını bilirdim, amma yenə də soruşdum:
– Nə çətin işdir ki, niyə Prezident Administrasiyasına zəng edib gəlib-gəlməyəcəyini dəqiqləşdirmir?
Həmkarlarımdan biri güldü:
– O kimdir ki, bunu soruşa bilin? Rəhbər özü bilər; nə vaxt istəsə, o vaxt gələr. Məzahir Pənahova deyilibsə ki, gələcək, deməli, gözləməlidir. Təşəbbüs göstərib soruşa, deyərlər, otur yerində, ağıllı çıxmısan? Ona görə oturub gözləyir.
Saat 7-yə yaxın köməkçi zəng vurdu, dedi ki, yuxarıdan “otboy” komandası verilib.
Ertəsi gün tezdən yenə zəng vurub iclasa çağırdılar.
Getdim.
Yenə otaqların birində çay içib söhbət edirdik. Bir ara pəncərədən çölə baxanda binanın önündə Ramiz Mehdiyevin 10 PA 500 nömrəli xidməti maşınını görüb “Akademik”in gəldiyini dedim. Həmkarlarımdan biri tez köməkçiyə zəng vurub iclasın vaxtını soruşdu, o da dedi ki, əvvəlcə Ramiz müəllimə MSK-nın bu yeni binasını göstərəcəklər, ona görə də siz hələlik otaqda qalın, dəhlizə çıxmayın (Yəqin bilirsiniz, mövcud idarəetmənin primitiv ənənələrindən biridir bu – rəhbər üzə çıxanda gərək dəhlizlərdə heç kim olmasın, işçilər otaqlarına qapansınlar).
Bir müddət sonra zəng gəldi, dəstəyi qaldıran həmkarım deyilənləri dinləyib həyəcanlandı. Təcili iclas otağına yığışmalıydıq. İclas otağına sarı yol alanda dəhlizlərdə təlaşlı və tələsən adamlarla rastlaşdım. Mən onlara baxıb gülümsəyir və yerişimi pozmadan yoluma davam edirdim. Otağa girəndə gördüm ki, Ramiz Ənvəroviç iclas masasının yuxarı başında əyləşdib və zəhmli baxışlarıyla içəri daxil olanları seyr edir. Otaqdakı sükutda sanki bir qorxu vardı. Və bir az da kədər. “Akademik”in yanında əyləşmiş Məzahir Pənahov başını aşağı əymişdi və niyəsə tez-tez sağa-sola çevirirdi. Aradakı intervallarda üzü gah qaralır, gah da avazıyırdı. Çox həyacanlıydı. Mən yenə gülümsəyərək keçib yerimdə oturdum və baş verənləri seyr eləməyə başladım. Həm MSK üzvlərinin, həm də katiblikdəki vəzifəli şəxslərin əksəriyyəti iclas otağına gec gəlib çıxdılar, “ali rəhbər” onları xeyli gözləməli oldu. Yerlər dolandan sonra Ramiz Mehdiyev sözə başladı:
– Mən bura gələndə elə bilirdim ki, hər şey hazır olacaq, amma elə olmadı. Nəysə…
Qısa pauza yarandı. Məzahir Pənahovun başı daha çox dönməyə, üzünün rəngi daha sürətlə dəyişməyə başladı. Bir anlıq düşündüm ki, təlaşdan ona nəsə olacaq.
“Akademik” çıxışına davam etdi. Hamınızın bildiyi şeylərdən danışdı. Sonda dedi ki, İlham Əliyevin Məzahir Pənahova etimadı davam edir və onun MSK sədri vəzifəsində qalmasını təklif edir (Seçki Məcəlləsinə görə, MSK-nın 18 üzvü olmalıdır – 6-sı Milli Məclisdə çoxluq olan YAP-ın, 6-sı bitərəf deputatların, 6-sı isə Milli Məclisdə azlıq olan partiyaların namizə olaraq. Mənim namizədliyimi Ümid Partiyası vermişdi. MSK-nın sədr və sədr müavini YAP-ın namizədlərindən; 2 katibindən biri bitərəflərin, digəri isə azlıqda olan partiyaların namizədlərindən seçilməlidir. Öz namizədini qruplar özləri irəli sürməlidirlər). Məzahir Pənahov yenidən sədr seçiləndən sonra iclası o davam etdirdi. Artıq təlaşı bir az səngimişdi. O, sədr müavinliyinə Natiq Məmmədlini, bitərəflərin namizədi olaraq katibliyə Arifə Muxtarovanı təklif etdi və hər ikisi təsdiq olundu. Azlıqda olan üzvlərdən katibliyə Mikayıl Rəhimovun namizədliyini irəli sürüb başqa təklif olub-olmadığını soruşanda əlimi qaldırıb söz istədim. Pənahov yenə həyəcanlandı, yenə rəngi dəyişdi. Tələsik öz təklifini səsə qoydu və təbii ki, 17 nəfər dərhal lehinə səs verdi. Təkcə mən əleyhinə oldum.
Mən əlimi qaldıranda Ramiz Mehdiyev başını əyib eynəyinin üstündən diqqətlə mənə baxmışdı. Düşünmüşdüm ki, Pənahov söz verməsə, buna “boz kardinal” imkan yaradacaq, deyəcək ki, bu cavan oğlanı da dinləyək (o vaxt 29 yaşım vardı, MSK-nın ən gənc üzvü idim), görək, nə istəyir. Amma belə olmadı; Ramiz müəllim bloknotuna nəsə qeyd etməklə kifayətləndi.
Soruşsa, deyərdim ki, prosesin özünə etirazım var. Onsuz da sədr müavinini, bitərəf katibi seçməyi qanun sizin ixtiyarınıza verib. Heç olmasa, mənim aid olduğum qrupa imkan verin, namizədimizi özümüz müzakirə edərək müəyyənləşdirək. Heç olmasa, formal da olsa, məhdud səlahiyyətimizdən istifadə etməyə imkan verin. Bu qədəri ağ olur. YAP-ın təmsilçiləri azlığın adından namizəd verirsə, onda nə seçki, nə də bərabərlik ola bilər.
Mənim nə katib olmaq fikrim vardı, nə də kiməsə qarşı qərəzim. Bilirdim ki, nə mən katib kimi onlarla işləyə bilərəm, nə də Prezident Administrasiyası ilə razılaşmadan katib seçilə. Təsdiq üçün 2/3 səs çoxluğu lazımdır. Və 18 səsdən 17-si onların lehinəydi.
Təşkilati məsələlər tez-tələsik yekunlaşdırılandan sonra Məzahir Pənahov çıxış etdi. Prezidentin yüksək etimadından, diqqət və qayğısından başlayıb keçdi Ramiz Mehdiyevi tərifləməyə. Sonda təxminən bunları dedi: “Prezidentlə yanaşı, onun administrasiyasının rəhbəri kimi biz həmişə sizin də diqqət və dəstəyinizi, himayənizi hiss etmişik. Həmişə sizi özümüzə bir ağsaqqal və ata kimi qəbul etmişik. Sizin dərin bilik və təcrübənizi özümüzə örnək bilib sizdən çox şey öyrənməyə çalışmışıq. Necə ki, atalar, valideynlər öz övladlarının səhvini, nöqsanını görür, amma onları bağışlayır, onlara doğru yol göstərir, inanırıq ki, siz də bizim nə səhvimiz, nöqsanımız varsa, bir ata kimi onları övladlarınızın səhvi kimi qəbul edərək bağışlayacaq, bizə doğru yol göstərəcəksiniz”.
“Ha-ha-ha!”
Ramiz Mehdiyev onun dediklərinə belə reaksiya verdi. Bundan sonra Məzahir Pənahov, nəhayət, özünə gəlməyə başladı. Sonra iclas yekunlaşdı. Pənahov Mehdiyevi yola salıb kefi kök halda iclas otağına qayıdıb dedi: “Axır ki, Ramiz müəllimi güldürə bildik”. Ardınca da bildirdi ki, binanı göstərəndən sonra onu çay süfrəsinə dəvət edəcəkmiş, MSK üzvlərini iclas otağına buna görə dərhal çağırmayıblar.
Amma “Akademik” işi pozub, birbaşa ora gedib. Məzahir müəllimin də cəsarəti çatmayıb ona desin ki, Ramiz Ənvəroviç, məni nahaq danlayırsız, sizə çay dəstgahı hazırlamışdıq deyə bu otaqda hər şey hazır deyil”, – A.Qurbanov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 03 Noyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















