Icma.az
close
up
RU
Razin siçanları Vüsal Bağırlının hekayəsi

Razin siçanları Vüsal Bağırlının hekayəsi

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Vüsal Bağırlının "Razin siçanları" hekayəsini təqdim edir.

Əvvəllər, Bakıxanov qəsəbəsində yaşayırdım. Gör aradan neçə il keçib, amma adamlar qəsəbəni yenə əvvəlki, sovet dövründəki adıyla çağırırlar – Razin.

Vaxtilə burada malakanlar, ermənilər də yaşayıb. Qəsəbə sakit yer kimi tanınırdı. Doxsanıncı illərin əvvələrində onların çoxu çıxıb getdi. Onların yerini müxtəlif bölgələrdən paytaxta təşrif buyurmuş yerli sakinlər tutdu. Qəsəbədəki Sülh küçəsində yerləşən “xruşovka” binadan biz də mənzil aldıq. Biz ora köçəndə məlum oldu ki, heç demə, mənzilin başqa sakinləri də var. Yox, yox, bina sahibi mənzili bir ara Bakıda dəbdə olan fırıldaqla bir neçə nəfərə satmamışdı, sadəcə buraya köçəndən sonra məlum olmuşdu ki, evdə bizimlə yanaşı, fərqli canlılar da yaşayır. Uzunsov sifətli, xırda gözlü, uzun quyruqlu boz heyvanlar – siçanlar.

Onlar mənzilimizdə bəlkə də, lap əvvəldən, bineyi-qədimdən məskunlaşmışdılar, ya da güman ki, yayda sərinlik naminə qapını açıq qoyduğumuz zaman qonşu mənzildən xəlvəti içəri dürtülmüşdülər. Əlbəttə, bunu dəqiq bilmirəm. Amma bir şey dəqiqdir ki, onlar evimizdə rahatca həyat sürür, sərbəstcə dolanırdılar. Əvvəl-əvvəl canlılar bir az ehtiyatlı davransalar da, sonra azğınlaşdılar, cızıqlarından çıxdılar və heç nəyi veclərinə almadılar. Heç qorxub çəkinmədilər də.

Mətbəxdə yaxud otaqda qəflətən işığı yandırırdım. Bir də görürdüm ki, “muridae rodantie” növündən onlarla murdar gəmirici qaçıb hərəsi bir deşiyə soxuldu. Göz qırpımında aradan çıxırdılar. Bəzən isə evin həqiqi sakinlərinə – bizə heç bir reaksiya vermədən, məhəl qoymadan otağın ortasında azad şəkildə hərəkət edirdilər. Biz olmayanda düyünü, çörəyi, makaronu necə, hansı sərbəstliklə gəmirirdilərsə, biz mətbəxə girəndə də eyni sırtıqlıqla işlərinə davam edirlər.

Ayağımızı yerə vurub onları qorxutmağa çalışırdıq, qazan qapaqlarını bir-birinə toqquşdurub hay-küy salırdıq, bəzən xeyri olurdu, bəzən isə heç bir effekt vermirdi. Arxayın, tələsib eləmədən, əsnəyib-gərnəşib, yan-yörəmizdən elə ötüb keçirdilər, sanki evin yiyəsi biz deyilik, onlardır.

Bir gün, beş gün, on gün belə davam etdi, nəhayət, dözmədim, birbaş yollandım “Vosmoy” bazarına. Satıcılar müxtəlif kimyəvi məhlullar, tozlar, dərmanlar təklif etdilər, mən onları əlimin arxası ilə itələyib, imtina etdim. Gəmiricilərlə mübarizədə illərin sınağından çıxmış mexaniki qurğunu – siçan tələsini aldım.

Nəticə çox gözlətmədi, tələ effektiv işləməyə başladı. Amma dəqiq bilinmirdi, qurğu siçanları ustalıqla tutur, yaxud əksinə, siçanlar asanlıqla aldanıb ora düşür!? Bircə o dəqiq idi ki, tələ yorulmadan, usanmadan çalışır, siçanlar dalbadal, gah quyruq, gah ayaq, gah da gövdələriylə dəmir məngənəyə ilişirdilər. Bir sutka ərzində bəzən ikisi, üçü ələ keçirdi.

Bir müddət sonra, siçanların sayı kəskin azaldı. Onlar heç yerdə görünmür, daha gözə dəymirdilər. Amma hiss edirdim ki, ortada nə isə bir əmma var, işlər qaydasında getmir. Otağın künc-bucağından ara-sıra tapılan siçan qığından məlum idi ki, bu iyrənc məxluqların kökü tam kəsilməyib, yenə də mövcuddurlar. Hardasa gizlənir, hardasa baş girləyirlər. Buna görə də əsəblərim pozulmuşdu. Hər gecə yuxumda siçan görürdüm.

Bir gün səhər oyanıb əl-üzümü yumaq üçün hamama girdim, işığı yandırdım, suyu açmaq istəyəndə duruxdum. Qarşımdakı mənzərə sanki bir az əvvəl gördüyüm dəhşətli yuxunun davamı idi. Su çanağının tən ortasında beş dənə ətcəbala kor siçan qərar tutmuşdu. Onları görəndə diksindim, iyrənib kənara çəkildim, ödüm ağzıma gəldi. Özümü ələ alıb, gözlərimi açıb-yumdum, qolumu çimdiklədim. Təkrar çanağa yaxınlaşdım. Yox, yuxu deyildi. Mən bir qədər düşünüb, beynimdə hadisələrin axarını, məntiqi ardıcıllığını tapmağa çalışdım. Deməli, ana siçan nə cürsə, hansı yollasa yuxarı dırmanmış, birbaşa çanağın içində balalamışdı. Bir sual indi də məni düşündürməkdədir: Doğurdanmı o, daim istifadə olunan, su, maye axıdılan kanalizasiya deşiyindən bura gəlmiş, rahat bir şəkildə doğub-törəmiş, sonra da çıxıb getmişdi!?

İstənilən halda fakt dəyişmirdi...

Gözümün önündə yenicə doğulmuş kor balalar səssizcə bir-birlərinin üzərinə çıxmağa çalışır və iyrənc şəkildə tərpəşirdilər. Ətim ürpənirdi. Nə edəcəyimi bilmirdim. Evdə bacımla ikimiz qalırdıq və siçanlardan dəhşətli dərəcədə iyrənən bacımı oyatmaq, onu bu işdən xəbərdar etmək istəmirdim. Mətbəxə keçib düşünməyə başladım. Öz-özümə Çernışevski sayaq “nə etməli?” sualını verdim, Şeksprin “Olum, ya ölüm?” sualı qarşısında özünü itirən Hamlet kimi tərəddüd etdim. Birdən problemin həllini, bu ətcəbalalardan necə can qurtarmaq üsulunu tapdım.

Plitəyə yaxınlaşıb, tez qazı yandırdım. Su dolu vedrəni sarı-qırmızı dilli alovun üzərinə qoyub gözlədim. Çox yox, cəmisi on beş dəqiqə keçdi, su qızıb pıqhapıq qaynamağa başladı. Vedrəni götürüb su çanağına yaxınlaşdım. İstədim qaynar suyu birbaşa qırmızı ətcəbalaların üzərinə əndərim, onları diri-diri yandırım. Bunun üçün hətta vedrəni yuxarı qaldırıb azacıq əydim də. Suyu axıtmağa hazır vəziyyətə gətirdim. İntəhası, son anda əlim-qolum boşaldı, fikrimdən daşındım. Nifrət etdiyim canlıları öldürə bilmədim. Onlara qıymadım. Bilmirəm nədən, bəlkə də, köməksiz olduqlarından balalara yazığım gəldi.
Gedib o biri otaqdan köhnə qəzetlər gətirdim, ətcəbalalara baxmadan ödüm ağzımda, iyrənərək onları qəzetə bükdüm. Siçanları bir-bir qəzetin içinə qoyarkən ciyilti səsləri eşidəcəyimdən ehtiyat edirdim. Xoşbəxtlikdən bu baş vermədi. Bükülünü götürdüm. Balalar üst-üstə yığılmış bir neçə qəzetə bükülsələr də, içəridə onların tərpəndiklərini, süründüklərini bütün vücudumla hiss edirdim. İşimi bitirib, bükməni top kimi yumruladım və torbaya qoydum. Aparıb binamızın yanındakı zibilliyə tulladım.

Ətcəbalalar bir müddət məndən əl çəkmədilər. Gah tez-tez yuxuda onları görüb narahat olurdum, gah da oyaq vaxtı da siçanları qəzetlə götürərkən duyduğum iyrənc tərpəşmə, yumşaqlıq hissini xatırlayıb özümü pis hiss edirdim.

Bu hadisədən sonra başıma daha bir hadisə gəldi. Bir dəfə səhər erkən oyanmışdım. Yenə axmaq və mənasız bir yuxu görmüşdüm. Guya əllərim-qollarım kəndirlə bağlı halda yerə uzanmışam. Tərpənə bilmirəm. Ayaqlarımın yanında isə mənfur boz kütlə qaynaşır. Diqqətlə baxıb, onların siçan sürüsü olduğunu görürəm. Siçanlar ayağımın üzərinə çıxırlar. Onlar əvvəlcə dinc və sakit görünürlər. Lakin bu davranış məni daha da qıcıqlandırır.

Qışqırıb, onları qovmaq istəyirəm, amma səsim çıxmır. Siçanlar əsl əsgər nizamı, düzgün cərgə intizamı ilə bir-birinin ardınca qılçalarıma, ordan qarnıma, sonra da sinəmə doğru sürünürlər. Şalvarımın, köynəyimin içinə girirlər. Get-gedə aqressiv olurlar. Mən isə dəhşətə gəlir, amma nə cınqırımı çıxarır, nə də bədənimi tərpədə bilirəm.

Birdən onlar çiynimə dırmandılar. Başçıları önə çıxıb boğazımı gəmirdiyi an qəflətən yuxudan oynadım. Gözümü açıb ətrafa boylandım. Sanki ilk dəfə idi bir ilə yaxındır yaşadığım darıxdırıcı, tutqun otağı, onun miskin yoxsulluğunu, bərbad mebellərini görürdüm. Çılpaq divarlar, linoleum döşəmə və boz, ağacsız tozlu həyətə baxan pəncərə. Pəncərədən süzülən solğun işıq başımın üstündə dayanmış insan siluetinə tutqun kölgə effekti verirdi. Gözümü qıydım. Bacım idi. Düz başımın üstündə dayanmışdı. Çiynimdən tutub silkələyir, “oyan-oyan” deyə qışqırırdı. Üzündəki qorxu və təlaşı görüncə beynimdə suallar, nidalar yanıb sönməyə başladı. Görəsən, nə baş verib?

İlıq və rahat yorğanın altından çıxıb birbaşa soyuq, buz kimi otağa adladım. Bacım əliylə onun arxasınca gəlməyimə işarə etdi. Ayağımı sürüyərək, gözlərimi ovuşduraraq budumu qaşıya-qaşıya onun ardınca getdim. Bacım mətbəxə tərəf addımlayınca özümü narahat hiss etməyə başlamışdım. Dalağım sancdı.

“Yüz faiz nəsə xoşagəlməz bir hadisə baş verib”.

Bacım soyuducunun yanına çatınca dayandı, üzündəki şübhəli ifadəylə barmağını döşəməyə, soyuducunun altına tərəf uzatdı.

– O-r-da n-əə-sə var, qorx-uu-ram. Deee-yə-sən si-çan-dır.
Yenə siçan?...

Mən tərəddüdlə əyilib gözlərimi dar və qaranlıq məkana zillədim. Heç nə görünmürdü. Zülmət və boşluq. Lakin tədricən qaranlığa öyrəşən gözüm az sonra küncdə qəribə bir şey sezdi. Bacımın mənə ötürdüyü alışqanın arxa fənərini ora saldım. İşığın konusvari sarı zolağı həmin an uzun quyruqlu, iyrənc varlığı mənə tanıtdı. Yekə, pəzəvəng bir siçan burnu əks tərəfə, arxası mənə sarı dayanmışdı. Quyruğu uzun, rəngi də boz deyil, nədənsə qırmızıya çalırdı. O, sanki başını qeyri-təbii şəkildə soyuducunun qaranlıq tərəfinə soxmuş, tam sükunətə dalmışdı. Tərpənməz vəziyyəti ilə ölüdən daha çox diriyə bənzəyirdi. Bu siçan niyə belə edir, niyə belə davranır? Qudurmuş, quduzlaşmış olmaya? Qorxdum. Amma bu hissi bacıma heç cür büruzə verməməli, onu da qorxutmamalıydım. Süpürgə, yaxud oxlov gətirməsini xahiş etdim. Bacım isə özünü qəribə aparır, heç yerə getmir, tələsmir, əlini ağzına tutub ağlamamağa çalışırdı. Yəqin qorxudan belə davranır?! Ona əhəmiyyət vermədən mən alışqanın solğun işıq zolağını yenə siçanın üstünə saldım. Siçan heykəl kimi donmuşdu. Bacım, nəhayət, süpürgəni gətirəndə başımı qaldırıb bir də ona baxdım. O, ağlamırdı. Əksinə, gülürdü. Əvvəlcə, pıqqıldadı. Sonra isə qəhqəhə çəkdi. O gülür, qəhqəhə çəkir, bir əlinin dalıyla yaşarmış gözlərini silirdi. Birdən bacımın boğub gizləmək istədiyi hisslərin, partlayış həddinə gəlmiş duyğuların səbəbi mənə çatdı. Soyuducunun altındakı siçan deyil, adi çuğundur olduğunu anladım. Sən demə, bacım mənimlə zarafat edirmiş.

Məşhur müğənnidən yeni rekord "Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi? Ədalət Əbdülsəmədin 60 illik yubileyi qeyd olundu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Fevral 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri