Icma.az
close
up
RU
Rəqiblərinin müflisləşdirmək istədiyi adam necə varlandıı

Rəqiblərinin müflisləşdirmək istədiyi adam necə varlandıı

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikalı iş adamı Timoti Dekster (Timothy Dexter, 1747–1806) qeyri-adi davranışları ilə dövrünün ən çox danışılan şəxslərindən biri idi. O, özünü təmtəraqla Lord Timoti Dekster adlandırırdı. Maraqlıdır ki, onun sərvətinin təməli nə mükəmməl biznes planına, nə də dərin iqtisadi biliyə söykənirdi. Dekster böyük sərvətini, əsasən, uğurlu evliliyə, əlverişli şəraitə və ilk baxışdan ağlasığmaz görünən ticarət qərarlarına borclu idi.

Hər şey varlı dul qadın Elizabet Frotingemlə evliliyindən başladı. Dekster onun cehizindən istifadə edərək dəri məmulatları mağazası açdı. Dəri emalı onun peşəsi idi və bu sahədə müəyyən təcrübəyə malik idi. Bununla yanaşı, o, Amerika İstiqlal müharibəsi dövründə dəyərdən düşmüş kontinental dollarların böyük bir hissəsini də satın aldı.

Kontinental dollar ABŞ-ın müstəqillik uğrunda mübarizəsi zamanı dövriyyəyə buraxılmış pul vahidi idi. Müharibə dövründə onun dəyəri kəskin şəkildə aşağı düşmüşdü. Lakin müharibədən sonra bu pullar dövlət borcunu təmsil edən sənədlər kimi də əhəmiyyət qazandı. Massaçusets ştatında onların nominal dəyəri ilə geri alınması Deksterə böyük qazanc gətirdi.

Beləliklə, bir anda adi sənətkardan varlı tacirə çevrilən Dekster sərvətini daha da artırdı. O, hətta eyni vaxtda iki ticarət gəmisi almağa müvəffəq oldu.

Lakin onun biznesdəki uğurlarını yalnız maliyyə hesablamaları ilə izah etmək mümkün deyildi. Deksterin nə ciddi təhsili, nə geniş dünyagörüşü, nə də iqtisadi prosesləri dərindən anlamaq qabiliyyəti vardı. Rəqibləri onun bu zəif cəhətlərindən istifadə edərək onu müflisləşdirmək qərarına gəldilər.

Ancaq bir problem vardı: onların hər bir hiyləsi Deksterin xeyrinə nəticələnirdi.

İsti ölkələrə qızdırıcı satmaq

Bir dəfə rəqibləri Deksterə belə bir məsləhət verdilər: Karib hövzəsində, yəni Qərbi Hindistanda gecələr soyuq keçməsə də, guya orada gecə qızdırıcılarına böyük tələbat var.

Söhbət yatağın ayaq tərəfinə qoyulan, içərisində köz saxlanılan metal qablardan gedirdi. Soyuq havalarda yatağı isitmək üçün istifadə edilən bu əşyalar isti tropik iqlim üçün, ilk baxışdan, tamamilə yararsız görünürdü.

Dekster deyilənlərə inandı, böyük bir partiya qızdırıcı aldı və onları ticarət gəmisi ilə Karib hövzəsinə göndərdi. Rəqibləri artıq onun iflasını gözləyirdilər. Lakin planları yenə baş tutmadı. Gəminin kapitanı qızdırıcıları yerli bəkməz istehsalçılarına satmağı bacardı. O, metal qabları təyinatından fərqli şəkildə təqdim edərək onları istehsalatda istifadə edilə bilən xüsusi çömçələr kimi satdı.

Beləliklə, guya heç kimə lazım olmayan mallar sərfəli qiymətə satıldı və Dekster yenidən qazanc əldə etdi. Rəqibləri ruhdan düşmədilər. Bu dəfə ona tropik ölkələrə əlcəklər göndərməyi məsləhət gördülər. Axı isti iqlimdə yaşayan insanlara qalın əlcəklər nə üçün lazım ola bilərdi? Dekster yenə də məsləhətə əməl etdi.

Lakin əlcəklər də satıldı. Onları soyuq iqlimə malik dağlıq Hindistan bölgələri ilə ticarət edən tacirlər aldılar. Deksterin rəqibləri hər dəfə onun necə olub da zərərdən qurtulduğunu anlamağa çalışır, onu müflisləşdirmək üçün yeni yollar fikirləşirdilər. Amma hər yeni uğursuzluq onların özlərini daha da gülünc vəziyyətə salırdı.

Nyukasla kömür aparan tacir

İngilis dilində “Nyukasla kömür aparmaq” mənasını verən “bringing coals to Newcastle” ifadəsi var. Bu deyim faydasız və mənasız iş görmək anlamında işlədilir. Çünki İngiltərənin Nyukasl şəhəri tarixən kömür hasilatının və ticarətinin əsas mərkəzlərindən biri olub. Ora kömür aparmaq, ilk baxışdan, suyu dənizə daşımaq qədər mənasız görünürdü.

Deksterin rəqibləri də məhz bu məntiqə əsaslanaraq ona yeni bir məsləhət verdilər: gəmisini kömürlə doldursun və onu Nyukaslda satsın.

Dekster yenə tərəddüd etmədən deyilənləri etdi. Və yenə qazandı! Məlum oldu ki, həmin vaxt Nyukaslda mədənçilər tətil edirmişlər. Buna görə də şəhərdə kömür qıtlığı yaranmışdı. Deksterin gəmisi isə məhz bu əlverişli məqamda limana çatmışdı.

O, rəqiblərinin özünə qarşı qurduğu tələdən xəbərsiz olsa da, bazarda yaranmış vəziyyətdən faydalanaraq kömürü sərfəli qiymətə satdı.

Bu hadisədən sonra Deksterin ona məsləhət verən “dostlarına” inamı daha da artdı. Məsləhət nə qədər absurd səslənsə də, onun gözündə artıq uğurun təminatına çevrilirdi.

Pişiklər, əlcəklər və balina sümükləri

Deksterin qeyri-adi ticarət macəraları bununla bitmədi. O, Polineziyaya bir partiya əlcək göndərdi. Bu dəfə də malı yerli alıcılar deyil, portuqaliyalı tacirlər satın aldılar və Dekster yenidən qazanc əldə etdi.

Başqa bir dəfə isə sahibsiz pişikləri alıb Karib hövzəsinə göndərdi. İlk baxışdan bu, daha bir ağılsız qərar kimi görünürdü. Lakin həmin bölgədə gəmiricilərlə mübarizə aparmaq üçün pişiklərə ehtiyac vardı. Nəticədə heyvanlar alıcı tapdı.

Dekster balina sümüklərini də satmağı bacardı. İlk baxışdan yararsız görünən bu materialı korset istehsalçılarına təklif etdi. O dövrdə korsetlərin formasını saxlamaq üçün sərt materiallardan istifadə olunurdu. Beləliklə, onun əlinə keçən balina sümükləri də gəlir mənbəyinə çevrildi.

Əlbəttə, bu hekayələrin hər birinin təfərrüatları tarixi mənbələrdə eyni dərəcədə təsdiqlənmir. Lakin Dekster haqqında yayılan rəvayətlərin əsas ideyası aydındır: o, başqalarının lazımsız hesab etdiyi mallara alıcı tapmaq bacarığı ilə məşhurlaşmışdı.

Bəlkə də, Deksterin əsl istedadı elə bunda idi. O, bazarın qaydalarını nəzəri cəhətdən anlamasa da, malların gözlənilməz alıcılarını tapmaqda qeyri-adi dərəcədə bəxtəvər idi.

Milyonçudan filosofluğa

Orta yaş böhranı Timoti Deksterə tamam başqa bir ideya gətirdi. O qərara gəldi ki, artıq yalnız varlanmaqla kifayətlənməməli, insanları öz müdrikliyi ilə də xoşbəxt etməlidir.

Dekster özünü böyük filosof hesab etməyə başladı. Onun şəxsi şüarı belə idi:

“Mən Şərqdə birinciyəm, Qərbdə birinciyəm və Qərb dünyasının ən böyük filosofuyam”.

Burada söhbət sadəcə özünəinamdan getmirdi. Dekster öz fikirlərini gələcək nəsillərə çatdırmaq üçün kitab yazmağa qərar verdi.

1802-ci ildə onun “A Pickle for the Knowing Ones” adlı əsəri işıq üzü gördü. Kitabda müəllif öz həyatından, düşüncələrindən, müşahidələrindən və dünyaya münasibətindən bəhs edirdi.

Lakin bu kitabın əsas özəlliyi məzmunundan da çox yazılış formasında idi. Deksterin nə düzgün qrammatika qaydalarına, nə də durğu işarələrinə xüsusi hörməti vardı. O, sözləri öz bildiyi kimi yazır, cümlələri qaydalara uyğun qurmaqla maraqlanmırdı. Mətndə səhvlər, uydurma sözlər və qəribə ifadələr bol idi.

Bütün bunlar onun üçün problem sayılmırdı. Çünki Dekster həm müəllif, həm də nəşriyyatçı idi. Kitabı öz vəsaiti hesabına çap etdirdiyindən redaktor və korrektor xidmətinə pul xərcləməyə ehtiyac duymurdu.

Daha maraqlısı isə bu idi ki, o, cümlələrin sonunda nöqtə və vergül qoymaq əvəzinə, bəzən müəllif kimi öz adını Timothy Dexter yazırdı.

Sanki oxucuya xatırladırdı ki, bu əsərin müəllifi böyük filosofun özüdür!

Şekspir və Miltonu unutduracaq kitab

Dekster ilk tirajı pulsuz paylayırdı. O, əmin idi ki, gec-tez Uilyam Şekspir və Con Milton unudulacaq, amma onun əsəri əbədi yaşayacaq.

Təbii ki, kitab oxucuların və tənqidçilərin gülüşünə səbəb oldu. Bir çoxları onu savadsızlığın və özündənrazılığın nümunəsi hesab edirdi.

Lakin istehza kitabın şöhrətini daha da artırdı. İnsanlar qəribə milyonçunun nə yazdığını görmək üçün əsəri axtarmağa başladılar. İlk tirajın ardınca yeni nəşrlər də meydana çıxdı. Oxucuların əsas iradı isə durğu işarələrinin olmaması idi.

Dekster bu irada necə cavab verdi? Mətni yenidən redaktə etməkləmi? Xeyr! O, öz üslubundan imtina etmədi. Bunun əvəzinə kitabın növbəti nəşrinə vergüllər, nöqtələr, iki nöqtələr, nida və sual işarələri ilə doldurulmuş ayrıca bir səhifə əlavə etdi.

Oxuculara isə belə bir imkan yaratdı: istədikləri durğu işarəsini həmin səhifədən götürüb mətnin uyğun hesab etdikləri yerinə özləri yerləşdirə bilərdilər.

Başqa sözlə, müəllif redaktə işini də oxucuların üzərinə qoymuşdu!

Bu qəribə addım kitabın şöhrətini daha da artırdı. Deksterin əsəri həm istehza obyektinə, həm də Amerika mədəniyyət tarixində özünəməxsus bir hadisəyə çevrildi.

Bəxt, istedad, yoxsa sadəcə inad?

Timoti Dekster 1806-cı ildə, 59 yaşında vəfat etdi. O, arxasında böyük sərvət, qəribə biznes hekayələri və özünəməxsus kitab qoyub getdi.

Bu gün onun həyatı haqqında danışarkən bir sual ortaya çıxır: Dekster sadəcə bəxti gətirən savadsız tacir idi, yoxsa başqalarının görə bilmədiyi imkanları sezən qeyri-adi iş adamı?

Onun uğurlarının bir hissəsi təsadüflərlə bağlı olsa da, mallarına alıcı tapılması başqa bir məqamı da göstərir: bazarda hər bir məhsulun dəyəri təkcə onun ilkin təyinatı ilə müəyyənləşmir. Bəzən eyni əşya bir yerdə lazımsız, başqa bir yerdə isə çox qiymətli ola bilər.

Deksterin hekayəsi, eyni zamanda, insanın özünə həddindən artıq inanmasının necə gülünc nəticələrə gətirib çıxara biləcəyini də göstərir. O, özünü böyük filosof hesab edir, klassik yazıçıları kölgədə qoyacağına inanırdı. Bununla belə, onun kitabı əsrlər sonra da maraq doğurur.

Bəlkə də Timoti Deksterin ən böyük uğuru rəqiblərinin onu müflisləşdirmək cəhdlərindən sağ çıxması deyil, öz qəribə şəxsiyyəti ilə tarixdə qalması idi.

O, iqtisadiyyat dərsliklərinin ideal qəhrəmanı deyildi. Amma həyatı bir həqiqəti göstərirdi: bazar bəzən ən ağıllı hesablamaları belə alt-üst edir, ən absurd görünən qərarlar isə gözlənilməz nəticələr doğurur.

Və hərdən insanın ən böyük üstünlüyü başqalarının ona gülməsinə baxmayaraq, öz yolundan dönməməsidir.

Hazırladı: Ağagül Mürsəlov,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Oktyabr 2026 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri