Rumıniya nəşri: Sülh sammitində FIFA prezidentinin iştirak etməsinin səbəbi nədir?
Icma.az bildirir, Azertag portalına istinadən.
Buxarest, 15 oktyabr, AZƏRTAC
Rumıniyanın “Informatia Brasovului” nəşrində dərc olunmuş məqalənin müəllifi jurnalist Andrei Vasioiu yazır ki, Qəzzada sülhə həsr olunmuş sammitdə FIFA prezidenti Cianni Infantinonun iştirakı beynəlxalq ictimaiyyətin diqqətini çəkib.
AZƏRTAC-ın məlumatına görə, məqalədə vurğulanır ki, FIFA rəhbərinin sammitdə görünməsi simvolik məna daşıyır. İdman və xüsusən futbol, müxtəlif regionlar arasında körpü rolunu oynayaraq siyasi və sosial gərginliklərin yumşaldılmasında mühüm alət hesab olunur. Müəllif yazır ki, bu addım sülh təşəbbüslərinə beynəlxalq dəstəyin genişliyini göstərir.
C.İnfantinonun iştirakının məqsədi həm də humanitar yönü qabartmaq olub. FIFA rəhbəri çıxışında bildirib ki, idman gənclərin sülh və qarşılıqlı anlaşma ruhunda bir araya gəlməsinə imkan yaradır və bu, uzunmüddətli sabitlik üçün vacib amildir.
Məqalədə qeyd edilir ki, sammitdə dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri ilə yanaşı, tanınmış ictimai fiqurların iştirakı sülh prosesinə daha geniş ictimai legitimlik qazandırmaq məqsədi daşıyır. Bu, diplomatiyanın sərt alətlərini yumşaldan simvolik jestlərdən biri kimi dəyərləndirilir.
Qeyd edək ki, sammitdə müxtəlif ölkələrin liderləri və beynəlxalq qurumların rəhbərləri Qəzza böhranı fonunda humanitar təşəbbüsləri müzakirə ediblər. Müəllifin fikrincə, idman simvollarının bu cür tədbirlərdə yer alması beynəlxalq dialoqun daha inklüziv və təsirli olmasına şərait yaradır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest


