Rusiyanın Ermənistan vasitəsilə yayındığı beynəlxalq sanksiyalar Ukraynada müharibəni dərinləşdirir
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci il sentyabrın 3-də Azərbaycanın “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili ilə əlaqədar xeyli müddətdir apardığı tədqiqatın bir hissəsinin nəticələrini açıqlayıb.
Ermənistanın şübhəli idxal-ixrac əməliyyatlarının təftişi
İctimai Birliyin sədri Fikrət Yusifov keçirdiyi brifinqdə bəyan edib ki, Rusiyaya Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan sonra Ermənistanın xarici ticarət dövriyyəsində qəfil “yerindən oynama və sıçrayışla yüksəliş” qeydə alınmaqdadır:
“Ermənistan Dövlət Statistika Komitəsinin və digər rəsmi qurumlarının açıqladığı məlumatların təhlili üzə çıxarır ki, ötən 5 ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7 milyard 101 milyon ABŞ dollarından 30 milyard 202 milyon ABŞ dollarına çatıb. Bir ölkənin idxalının həcmi ilk növbədə daxili tələbatı ödəmək üçün artırıla bilər. Nə baş verdi ki, Ermənistan idxalın həcmini bu qədər artıra bildi?
Ermənistanın rəsmi dövlət statistikasının məlumatlarına əsaslansaq, 2021-ci illə müqayisədə 2024-cü ildə Ermənistanın idxalında ən çox təbii və ya mədəni mirvarilər, qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların artdığını görmək mümkündür.
Bu məhsulların idxalının həcmi 2021-ci ildə cəmi 248,4 milyon ABŞ dolları təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 7,4 milyard ABŞ dollarından çox olub, başqa sözlə, 4 il ərzində onların idxalının həcmi 30 dəfə artıb. 44 günlük müharibədə ağır məğlubiyyət yaşamış və əhalisi daha acınacaqlı sosial duruma düşmüş bir ölkənin bu qədər zinət məhsulları idxal etməsi pərdələnmiş əməliyyatların aparılmasına dəlalət edir”.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin iqtisadçı-eksperti Malik Həsənov qeyd edib ki, Ukraynaya qarşı müharibədən sonra Ermənistanda rusiyalı iş adamlarının adlarına açılmış yüzlərlə şirkət peyda olub. Bu şirkətlərin qaranlıq əməliyyatların aparılması üçün yaradılmasına dair şübhələr var:
“Birdən-birə Rusiyadan Ermənistana ixracın 75%-dən çoxunun mirvarilər, qiymətli və ya yarıqiymətli daşlar, qiymətli metallar kimi məhsullar təşkil etməsinə heç kim cavab vermir”.
Hüquqşünas-ekspert Bayram Sadıqov isə diqqət çəkib ki, BMT Baş Assambleyasının müvafiq qətnamələri beynəlxalq hüquqa zidd hərəkətlərə görə dövlətlərin məsuliyyətini müəyyən edib, başqa dövlətin beynəlxalq hüquqazidd əməl törətməsinə şərait yaradan dövlət də beynəlxalq məsuliyyət daşıyır. Burada Rusiya və Ermənistanın hərəkətlərinə bu prizmadan yanaşılmalıdır.
Rusiyaya qarşı artan sanksiyalar və Ermənistanın Rusiyaya artan ixracı
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov bildirib ki, bu “idxal-ixrac sxemləri” göstərir ki, Ermənistan məhsulların idxal və ixracı adı altında əslində, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları üçün zəruri olan məhsulları digər ölkələrdən idxal edərək, sonradan onları başqa məhsul adları altında Rusiyaya ixrac edir.
Rusiya Ukraynaya qarşı apardığı işğalçı müharibədə üzləşdiyi sanksiyalardan yayınmaq üçün Ermənistandan bir yol, alət kimi istifadə edir. Avropa İttifaqı, xüsusilə Fransa və onların təşkilatçılığı ilə Ermənistanla Azərbaycanın şərti sərhədinə gətirilmiş “müşahidəçilər”, beynəlxalq qurumlar bu faktlara niyə göz yumurlar?
Ukrayna üzərində vurulmuş Rusiya pilotsuz uçuş aparatlarından Avropada, ilk növbədə Fransa və Kanadada 2022-2024-cü illərdə istehsal olunmuş elementlər aşkar edilirsə, bu nə deməkdir? Beynəlxalq sanksiyalar altında Rusiya bunları necə əldə edib?”.
Dinc əhaliyə qarşı müharibənin maliyyələşdirilməsi
Xatırladaq ki, bir neçə dəfə Azərbaycan QHT-ləri Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktublar ünvanlayaraq, Ermənistanın idxal-ixrac əməliyyatlarını təftiş etməyə çağırıb.
Bu çağırışlarda Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artım müşahidə edilməyə başlandığı, Rusiya Federasiyasına tətbiq edilən sanksiya paketinin əhatə dairəsi genişləndikcə, paralel olaraq, Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsinin dəfələrlə yüksəlməsi xüsusi vurğulanır.
Toplantıda qeyd edilib ki, dolayısı ilə Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə, həm də bu ölkənin Ukraynadakı müharibəsini maliyyələşdirir. Bu isə Ukraynada sülh və sabitliyin bərpasına yönəlmiş qlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasını təşviq edir.
"Cebheinfo.az"



Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

