Rusiyanın “Oreşnik” mesajı Moskva sülhdə maraqlı olmadığını bəyan edir
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Yanvarın 9-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı müharibənin son aylarındakı ən genişmiqyaslı hücumlardan birini həyata keçirib. Hücum çərçivəsində Kiyev raketlər və pilotsuz uçuş aparatları ilə, Ukraynanın qərbində yerləşən Lvov vilayəti isə orta mənzilli “Oreşnik” raket kompleksi ilə vurulub.
Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, paytaxta endirilən zərbələr nəticəsində 4 nəfər həlak olub, azı 19 nəfər yaralanıb. Hücumlar zamanı bir neçə yaşayış binası ciddi ziyan görüb, şəhərin müxtəlif rayonlarında elektrik enerjisi, istilik və su təchizatı kəsilib. Mövcud vəziyyəti “çox ağır” kimi dəyərləndirən mer bəzi sakinləri imkan daxilində Kiyevi tərk etməyə çağırıb.
Məlumata görə, hücum zamanı 10–11 ballistik raket, 20-dən çox “Kalibr” tipli qanadlı raket, həmçinin yüzlərlə pilotsuz uçuş aparatı istifadə olunub. Hərbi ekspertlər bu hücumu “kombinə edilmiş və konsentrasiyalı zərbə” kimi xarakterizə edirlər. Onların sözlərinə görə, əvvəlki aylardan fərqli olaraq zərbələr çoxsaylı hədəflərə deyil, məhdud sayda obyektə yüksək intensivliklə yönəldilib ki, bu da dağıntıların miqyasını artırıb.
Eyni gecə Rusiya ordusu Lvov vilayətinə “Oreşnik” raketi ilə zərbə endirib. Bu, sözügedən raketin Ukrayna ərazisində ikinci dəfə tətbiqi kimi qeydə alınıb.
Lvov meri Andrey Sadovoy bildirib ki, bu hadisə müharibə dövründə Lvov ətrafına belə bir silahla endirilən ilk zərbədir:“Şəhər Avropa İttifaqının sərhədindən 70 kilometrdən az məsafədə yerləşir. Bu, Rusiyanın müharibəsinin heç bir sərhəd tanımadığını göstərən açıq mesajdır.”
Rusiya Müdafiə Nazirliyi hücumları “cavab zərbəsi” adlandıraraq, bunu Ukrayna Silahlı Qüvvələrinin guya Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına dron hücumu cəhdi ilə əlaqələndirib. Rəsmi Moskva zərbələrin “kritik infrastruktur obyektlərinə” yönəldiyini iddia edir.
Lakin bu versiya beynəlxalq müstəvidə ciddi şübhə ilə qarşılanır. Rusiya XİN rəhbəri Sergey Lavrov 29 dekabr 2025-ci ildə belə bir hücum cəhdi olduğunu desə də, ABŞ Prezidenti Donald Tramp yanvarın 4-də bildirib ki, aparılan yoxlamalardan sonra Putinin iqamətgahına hücum iddialarına inanmır.
Hərbi ekspert Yuri Fyodorov hesab edir ki, “Oreşnik” raketinin tətbiqi hərbi baxımdan səmərəsizdir. Onun sözlərinə görə, bu raket əslində Avropaya nüvə başlıqları çatdırmaq üçün nəzərdə tutulub və adi döyüş başlığı ilə dərin yeraltı obyektlərə, o cümlədən qaz anbarlarına ciddi ziyan vurmaq imkanına malik deyil. Ekspert vurğulayır ki, bu zərbə daha çox nümayiş və qorxu yaratmaq məqsədi daşıyır.
Politoloq Georgi Çijov isə bildirir ki, Kreml bu cür addımlarla Qərb ölkələrinə, xüsusilə də NATO və Aİ-yə siyasi siqnallar göndərməyə çalışır:“Bu, Rusiyanın güc nümayişindən çox, zəif mövqedən edilən təzyiq cəhdidir. Mesaj ondan ibarətdir ki, Rusiya hələ də təhlükəli ola bilər və onunla hesablaşmaq lazımdır”.
Ekspertlərin fikrincə, Kiyevə endirilən zərbələrin mülki yaşayış məntəqələrini hədəf alması, həmçinin xilasedicilərin hadisə yerinə çatmasından sonra eyni əraziyə təkrar hücumların edilməsi Rusiyanın sülhə maraqlı olmadığını açıq şəkildə göstərir.
Bu hadisələr fonunda Ukraynanın cavab zərbələri də davam edib. Məlumata görə, Belqorod və ətraf yaşayış məntəqələrində raket hücumundan sonra genişmiqyaslı elektrik kəsintisi baş verib, nəticədə 200 minə yaxın sakin su təchizatından məhrum olub.
Müşahidəçilər bildirirlər ki, qarşılıqlı zərbələrin intensivləşməsi, “Oreşnik” kimi silahların tətbiqi və mülki infrastruktura yönələn hücumlar yaxın zamanda sülh danışıqları ilə bağlı gözləntiləri minimuma endirir. Onların fikrincə, Moskva yalnız müharibənin davamının özünə daha baha başa gələcəyini anladığı halda real danışıqlara razı ola bilər.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 10 Yanvar 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















