Sahibsiz itlərin məsuliyyəti İcra Hakimiyyətindədir Hüquqşünas
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son günlərdə Bakı şəhəri və ətraf qəsəbələrdə sahibsiz küçə itlərinin sayının artması sakinlərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar doğurmağa başlayıb. Sosial şəbəkələrdə itlərin xüsusən də uşaqlara hücum etməsi faktlarına dair yayılan görüntülər müzakirələrə səbəb olub.
Həkim-infeksionist Əminə İsmixanova Modern.az-a bildirib ki, sahibsiz heyvanlardan tək hücuma məruz qalmaqla deyil, başqa situasiyalarda da xəstəliyə yoluxmaq ehtimlı var:
“Quduzluq “Rabies” virusu ilə yaranan zoonoz xəstəlikdir və insana yoluxmuş heyvanın tüpürcəyi vasitəsilə keçir”.
O qeyd edib ki, əsas yoluxma mexanizmləri dişləmə və cızma halları nəticəsində olsa da, tüpürcəyi olan heyvanları açıq yaraya, göz, ağız, burun selikli qişasına toxunması faktı da əsasdır:
“Pişik cırmaqlamasından sonra vaksinə ehtiyac olub-olmaması haqda məndən çox soruşurlar.
Bunun praktik riski çox aşağı olsa da, nəzərə almalıyıq ki, pişik daim pəncəsini yalayır və dərini cızarsa və həmin pişikdə quduzluq virusu olarsa, yoluxdurma ehtimalı mümkündür”.
İnfeksionist qeyd edib ki, quduzluğun inkubasiya dövrü adətən 1–3 aydır:
“Minimum 5–7 gün, maksimum bir neçə ay, nadir hallarda 1 il davam edə bilər. Buna əsas səbəblər aşağıdakılardır:
- Dişləmənin yeri (baş, üz, boyundan dişləmə olarsa, daha qısa olur);
- Yaranın dərinliyi və ölçüsü;
- Virusun miqdarı;
- Dərhal yaraya qulluq və profilaktik vaksinasiya edilib-edilməməsi”.
Həkim vurğulayıb ki, vaksin olunmayan xəstədə quduz heyvan tərəfindən dişləmə olarsa nəticə 100% ölümdür:
“Dişləmə halında yaranı ən azı 15 dəqiqə bol su və sabunla dərhal yumaq lazımdır. Sonra povidon-yod, xlorheksidin kimi antiseptiklər işlənir.
Yara tikilmir (zəruri halda minimal ola bilər). İlkin olaraq quduzluq immunoqlobulini yaraların içinə və ətrafına infiltrasiya edilir. Qalan hissə əzələdaxili, vaksin vurulan yerdən ayrı nahiyəyə 0-cı gündən maksimum 7-ci günə qədər vurulur.
Sonra isə quduzluq vaksini 0-cı gün, 3-cü gün, 7-ci gün, 14-cü gün, 28-ci gün vurulur.
Əgər heyvanı müşahidə edə biliriksə, 10 gün ərzində sağ qalarsa, vaksin cəmi 3 sxem üzrə vurulur”.
“Uşaq, yaşlı, hamilə və ya hər hansı yanaşı xəstəliklər - burada heç kimə əks-göstəriş yoxdur. Çünki quduzluq xəstəliyinin müalicəsi yoxdur və yeganə qorunma yolu vaksin olunmaqdır.
Hər hansı heyvan hücumuna məruz qaldığınız halda dərhal yaxınlıqdakl tibb müəssisəsinə müraciət edin”, - deyə Əminə İsmixanova əlavə edib.
Narahatedici, analoji hallarla bağlı hüquqşünas Ataxan Rəhmanov Modern.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsində ev heyvanlarının (it, pişik və s.) saxlanılması qaydalarının pozulması halları öz əksini tapıb. Sözügedən pozuntular maddi, mənəvi, inzibati və cinayət məsuliyyəti yarada bilir:
“Sahibsiz itin hücumu nəticəsində vurulmuş ziyana görə isə məsuliyyət tədbirinə işin hallarından asılı olaraq buna cavabdehlik daşıyan qurum və ya orqan ola bilər.
"Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38№-li qərarı mövcuddur. Həmin qaydalara əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
Əgər səlahiyyətli qurumlar öz vəzifələrini lazımi səviyyədə yerinə yetirməyibsə və təhlükə barədə əvvəlcədən məlumat olub, amma tədbir görülməyibsə, sahibsiz itlərin hücumu nəticəsində hər hansı formada ziyan çəkmiş şəxs ona vurulmuş ziyanının ödənilməsi məqsədilə hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilər”.
Ataxan Rəhmanov qeyd edib ki, sonradan sahibsiz itin sahibinin olması və ya ona baxmalı olan şəxsin mövcud olması faktı müəyyən olunarsa, bu zaman məsuliyyəti müvafiq olaraq məhz həmin itin sahibi və ya ona baxmalı olan şəxs daşıyacaqdır:
“Eyni zamanda vətəndaşlar da potensial təhlükə mənbəyi olan sahibsiz itlərlə qarşılaşdıqda, aidiyyatı qurumlara vaxtında məlumat verməklə, baş verməsi ehtimal oluna biləcək təhlükənin qarşısını ala bilərlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 02 Fevral 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















