Şamaxı iki legionerinin müqaviləsinə vaxtından əvvəl xitam verdi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Bölgə klubu mövsümün sonunda müqaviləsi başa çatan serb müdafiəçiləri ilə indidən vidalaşıb.
Oxu.Az xəbər verir ki, Vasiliye Radenoviç və Vasiliye Bakiç vətəninə yola salınıb. Onlara son ayın maaşı da ödəniləcək, amma bitən müqavilələri yenilənməyəcək.
Erkən vidanın səbəbi mərkəz müdafiəçilərinin hər ikisinin zədəli olmasıdır. Onlar qarşıdakı "Araz-Naxçıvan" və "Qarabağ"a qarşı ev matçlarında oynaya bilməyəcəklər. Sağlamlıqları meydana çıxmağa imkan vermədiyindən klub rəhbərliyi hər iki legionerin evinə tez qayıtması üçün şərait yaradıb. Klub ayrılıqları mövsüm bitdikdən sonra rəsmən açıqlayacaq.
Daha bir futbolçu üçün mövsüm erkən başa çatıb. Rafael Məhərrəmlinin zədəsini erkən sağaltmaq mümkün olmayıb. Bu səbəbdən cinah müdafiəçisi də mövsümü erkən bağlayıb. Brahim Konatenin isə yalnız son turda oynamaq şansı var.


