Şəhərsalmada Azərbaycan təcrübəsi qədimliklə müasirliyin vəhdəti
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib
Azərbaycanda qarşıdan gələn 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi təsadüfi deyil. 2024-ci ildə respublikamızda BMT-nin ən mühüm və ən böyük tədbirlərindən biri olan iqlim konfransı - COP29 böyük uğurla baş tutdu. Gələn il ölkəmizdə daha bir mötəbər beynəlxalq tədbirin keçirilməsi gözlənilir. Söhbət 2026-cı il 17-22 may tarixində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) gedir. Dünyanın nəzərləri yenidən Azərbaycana yönələcək, müasir dövrdə qlobal şəhərsalma çağırışları ölkəmizdə müzakirə olunacaq.
Tarixin daş yaddaşı
Günümüzədək gəlib çatan qala şəhərlər, memarlıq abidələri tarixin daş yaddaşı kimi səciyyələndirilir. Burada böyük həqiqət payı var. Texnologiyanın inkişafının zəif olduğu dönəmlərdə inşa olunan və bu gün də memarlıq əhəmiyyətini itirməyən, gözəlliyi ilə insanmları valeh edən tikililər əcdadlarımızın yaradıcılıq təxəyyülünün nə qədər geniş olduğunu təsdiqləyir. Bu qəbildən olan tikililər, eyni zamanda, məmləkətimizin inkişaf mərhələlərini əks etdirir, tariximizi yaşadır. Sərəncamda vurğulandığı kimi, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilib. İndiyədək özünəməxsus Azərbaycan memarlığının gözəl nümunələri olan İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Təkcə bu fakt Azərbaycan memarlığının və şəhərsalma ənənələrinin nə qədər zəngin olduğunu əyani şəkildə təsdiqləyir. Qürurverici haldır ki, tariximizin daş yaddaşını məhz milli memarlarımız yaradıblar. 900 illiyi UNESCO səviyyyəsində qeyd olunan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin yaradıçılığı bütövlükdə Yaxın Şərq ölkələrinin orta əsrlər memarlığına güclü təsir göstərib və bir məktəbə çevrilib. XX yüzillikdə adları tarixdə qalan Azərbaycan memarlarının pleyadasına Mikayıl Hüseynov və Sadıq Dadaşov kimi görkəmli simaların adları daxil olub. Onların layihələri əsasında tikilən binallar tarixi ənənələrdən qaynaqlanan milli memarlıq üslubunun təkrarsız nümunələridir.
Müasir dövrdə yaranan yeni memarlıq nümunələri
Azərbaycan memarlığının inkişafında ayrı-ayrı dövrləri fərqləndirmək mümkündür. Xüsusilə də Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Sərəncamda oxuyuruq: “Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur”.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq şəkildə büruzə verir. Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir.
Hazırda respublikamızda paytaxtdan ölkənin bütün bölgələrinə qədər genişmiqyaslı şəhərsalma transformasiyası həyata keçirilir. “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın əsas xüsusiyyətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir. Bu modelə əsasən, bütün fəaliyyətlərin bir mərkəzdə cəmlənməsi əvəzinə, Bakı şəhəri boyunca bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi formalaşdırılır. Hazırda paytaxtımız qədimliklə müasirliyin vəhdətində inkişaf etdirlir. Yeniləşməni, müasirləşməni simvolizə edən Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal tikililər paytaxtımızın yeni gözəllik rəmzlərinə çevrilib və şəhərimizə gələn turistləri heyran qoyur.
Sərəncamda diqqət çəkilən Ağ şəhər dünyaya yeni şəhərsalma konsepsiyası təqdim edir. “Bakı Ağ şəhər” layihəsi, ilk növbədə, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata vəsiqə alıb və hazırda uğurla reallaşdırılır.
100-dən artıq yaşayış məntəqəsi, 12 şəhər üzrə quruculuq-bərpa işləri
Bu gün həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil - həyatların yenidən qurulması üçün yol xəritəsidir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Bütövlükdə, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Sərəncamda vurğulanır: “Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə - dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür”.
Beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətin uğurlu nümunəsi
Azərbaycan digər sahələrdə olduğu kimi, dünyadakı şəhərsalma çağırışları fonunda da ortaq məqsədlər naminə həmrəylik nümayiş etdirir. Bu baxıdan respublikamızın BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) çərçivəsində əməkdaşlığı da böyük önəm daşıyır.
Bu əməkdaşlığın nəticəsində Azərbaycanda ilk dəfə olaraq 2022-ci il oktyabrın 5-6-da BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ağdam və Bakı şəhərlərində 44 ölkədən ümumilikdə 400 nəfər iştirakçının qatıldığı 1-ci Milli Şəhərsalma Forumu təşkil edilib. 2023-cü il sentyabrın 29-da isə BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi baş tutub. Cari il oktyabrın 15-də isə Xankəndi şəhərində III Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib və sonra tədbir paytaxt Bakıda davam etdirilib. “BMT nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir”, - deyə Sərəncamda vurğulanır.
Mübariz ABDULLAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 26 Dekabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















