Səhiyyədə yeni əməkhaqqı modeli
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Hədəf yüksək xidmət və ümumi məmnunluqdur
Dövlətin davamlı inkişafında sağlam cəmiyyət mühüm rol oynayır. Ölkəmizdə milli səhiyyənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir”. Dahi liderin ölkəyə rəhbərliyinin hər iki dövründə milli səhiyyə sisteminin sivil ölkələr səviyyəsinə yüksəldilməsi üçün sahənin maddi-texniki bazası və kadr hazırlığı gücləndirilmiş, bu istiqamətdə böyük nailiyyətlər əldə olunmuşdur.
Əhalinin sağlamlığının qorunması və səhiyyə xidmətlərinin dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatdırılması vətəndaşlarının sağlamlığını hər şeydən üstün tutan Prezident İlham Əliyevin daxili siyasətinin mühüm istiqamətlərindəndir. Dövlət başçısının əhalinin sağlamlığının təminatına və səhiyyənin inkişafının dünya standartları səviyyəsinə yüksəlməsinə istiqamətlənmiş sərəncam və tapşırıqlarına əsasən təkcə paytaxtda deyil, bölgələrdə də müasir tipli avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, diaqnostika mərkəzləri, poliklinikalar tikilib istifadəyə verilmiş, bir sıra tibb müəssisələrində yenidənqurma və bərpa işləri aparılmış, şəfa ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmişdir.
Bu gün ölkəmizdə diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s. xəstəliklər və eyni zamanda, narkomaniya və alkoqolizmlə mübarizə müxtəlif dövlət proqramları çərçivəsində həyata keçirilir. Bununla yanaşı, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşdırılıb. Genişmiqyaslı tədbirlər nəticəsində yoluxucu xəstəliklərlə mübarizədə də müsbət nəticələr əldə edilib, respublika ərazisində epidemioloji sabitlik yaranıb. Ölkəmizin iqtisadi gücü artdıqca bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də mühüm dəyişikliklər, irəliləyişlər müşahidə edilir, tibbi xidmətin əlçatanlılığı təmin olunur.
Səhiyyə sistemində aparılan islahatların mühüm istiqamətlərindən biri də tibb işçilərinin əməyinin layiqincə qiymətləndirilməsi və onların sosial rifahının yaxşılaşdırılmasıdır. Səhiyyənin inkişafı, müasir standartların tətbiqi və peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər bu baxımdan ardıcıl xarakter daşıyır. Növbəti addım isə birbaşa tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın TƏBİB-in tabeliyində olan müəssisələrdə çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanıb və onun icrası ilə bağlı müvafiq tapşırıq verilib.
Artıq sentyabrın 1-dən tətbiq olunan yeni əməkhaqqı qaydaları 72 min 212 tibb işçisini əhatə edir. Bu, 36 min 41 orta, 20 min 367 kiçik tibb heyəti, 8 min 675 ambulator tibbi xidmət göstərən həkim, 7 min 129 isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya və regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimlərə şamil olunur. İslahat TƏBİB sistemi üzrə illik əməkhaqqı fondunun 189 milyon manat artmasına imkan verəcək.
Beləliklə, həmin həkimlərin gəlirlərində həm sabit əməkhaqqı artımı, həm də fəaliyyət nəticələrinə əsaslanan əlavə ödənişlər nəzərə alınacaq. Ambulator tibbi xidmət göstərən həkimlərin əməkhaqqı mexanizmində də dəyişiklik edilir. Əvvəlki kimi hər pasiyentə görə hesablanan kiçik faizli ödənişlər əvəzinə aylıq baxışların sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq olunacaq.
İslahatın diqqətçəkən məqamlarından biri isə əməkhaqqı ilə tibbi xidmətin keyfiyyəti arasında əlaqənin gücləndirilməsidir. Həkimlərin həvəsləndirici ödənişlərinin göstərdikləri xidmətin keyfiyyəti və pasiyent məmnuniyyəti ilə əlaqələndirilməsi nəzərdə tutulur. Yəni xidmətin keyfiyyəti daha yüksək qiymətləndirildikcə, həkimin əldə etdiyi ödəniş də artacaq.
Yeni əməkhaqqı modelində tibb bacılarının əməyinə də ayrıca qiymət verilir. Baş tibb bacılarının orta və kiçik tibb heyətinin fəaliyyətinin təşkili, tibbi sənədləşmə və uçot, pasiyent təhlükəsizliyi, infeksiyaya nəzarət və xidmət keyfiyyətinin təmin olunmasındakı rolu nəzərə alınaraq, onların əməkhaqqında tibb müəssisəsinin kateqoriyasına uyğun diferensial artımlar tətbiq ediləcək. Məsələn, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1454 manatdan 2 min 125 manata yüksələcək. Bu, 671 manat və ya 46 faiz artım deməkdir.
İslahatın əhatə etdiyi əsas qruplardan biri də orta və kiçik tibb heyətidir. 36 min 41 orta tibb işçisinin aylıq əməkhaqqında 17 faiz, 20 min 367 kiçik tibb işçisinin əməkhaqqında isə 18 faiz artım nəzərdə tutulur.
Göründüyü kimi, yeni əməkhaqqı mexanizmi yalnız maaşların artırılmasını nəzərdə tutan maliyyə qərarı deyil. Burada səhiyyə sisteminin qarşısında duran bir neçə məsələnin paralel şəkildə həllinə cəhd edilir: tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması, peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr çatışmazlığının azaldılması, yüksək məsuliyyət tələb edən sahələrdə çalışan mütəxəssislərin stimullaşdırılması və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi.
72 min 212 tibb işçisini əhatə edən bu dəyişikliklər səhiyyə sistemində insan kapitalının rolunun daha da önə çəkildiyini göstərir. Əməkhaqqının ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və region amili nəzərə alınmaqla müəyyənləşdirilməsi isə tibb işçisinin əməyinin daha fərqli və çevik mexanizmlərlə qiymətləndirilməsinə imkan yaradır. Təbii ki, sosial rifahı yüksələn, əməyinə verilən dəyəri hiss edən tibb işçisi daha keyfiyyətli xidmət göstərəcək. Bunu müsahib olduğumuz səhiyyə işçilərinin XQ-yə açıqlamaları da sübut edir.
Vəfa HƏSƏNOVA,
həkim-pediatr:
– Səhiyyə sisteminin inkişafı yalnız yeni xəstəxanaların, müasir tibbi avadanlıqların və innovativ müalicə üsullarının tətbiqi ilə məhdudlaşmır. Bu sistemin əsas dayağı insandır – həkim, tibb bacısı və ümumilikdə, bütün səhiyyə əməkdaşları. Buna görə də həkimlərin əməkhaqqının artırılması bizim üçün yalnız maddi baxımdan deyil, həm də peşəmizə göstərilən diqqət və dəyər baxımından əhəmiyyətlidir.
Son illərdə ölkəmizdə səhiyyənin inkişafına xüsusi diqqət ayrılması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və müasir tibbi xidmətlərin əlçatanlılığının artırılması mühüm dəyişikliklər yaradıb. Bu istiqamətdə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə, xüsusilə də ana və uşaq sağlamlığına göstərdiyi diqqəti xüsusi qeyd etmək istərdim.
Həkimlərin əməkhaqqının artırılması isə bu inkişafın vacib komponentlərindən biridir. Çünki həkimlik böyük məsuliyyət, davamlı öyrənmə, gecə-gündüz çalışma və yüksək peşəkarlıq tələb edən sənətdir. Əməkhaqqının yaxşılaşdırılması həkimlərin sosial rifahına müsbət təsir etməklə yanaşı, onların öz peşələrinə daha böyük motivasiya ilə yanaşmasına da şərait yaradır. Xüsusilə gənc həkimlər üçün bu cür addımlar çox önəmlidir. Həkimin sosial təminatının yaxşılaşdırılması, öz növbəsində, onun diqqətini daha çox pasiyentə, tibbi biliklərinin artırılmasına və keyfiyyətli xidmət göstərməyə yönəltməsinə imkan verir.
Mən pediatr kimi uşaqların sağlamlığı ilə işləyirəm və bu sahədə həkimin üzərinə düşən məsuliyyətin nə qədər böyük olduğunu yaxşı bilirəm. Uşağın sağlamlığı ilə bağlı qərarın arxasında yalnız bir pasiyent deyil, bütöv bir ailənin narahatlığı dayanır. Ona görə də həkimin həm mənəvi, həm də sosial baxımdan dəstəklənməsi səhiyyənin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Düşünürəm ki, bu artım həkimlər üçün həm maddi, həm də mənəvi motivasiya baxımından müsbət addımdır.
Nərgiz NAMAZƏLİYEVA,
sahə pediatrı:
– Tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı həyata keçirilən bu təşəbbüsü böyük minnətdarlıq və məmnuniyyət hissi ilə qarşılayıram. Həkimlik böyük məsuliyyət, fədakarlıq və gərgin əmək tələb edən peşədir. Gündəlik fəaliyyətimizdə insanların sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi üçün əlimizdən gələn səyləri göstəririk. Bu əməyin dövlət tərəfindən qiymətləndirilməsi çox sevindiricidir. Bizi həvəslə və məsuliyyətlə çalışmağa ruhlandırır. Bu təşəbbüsə görə təşəkkürümü bildirir, səhiyyə sahəsinin və tibb işçilərinin gələcəkdə də daim diqqət mərkəzində olmasını arzulayıram.
Mələk MİKAYILLI,
böyük tibb bacısı:
– Cəmiyyətin əsas və aparıcı sahələrindən biri də səhiyyə sahəsidir. Səhiyyədə çalışan tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması üçün görülən işlər sevindirici haldır. Bu sahədə çalışan həkimlərin, tibb bacılarının, həm də kiçik tibb işçilərinin əməyinin qiymətləndirilməsi alqışa layiqdir. Bizim bu əməyimizi qiymətləndirdiyi üçün Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk.
Bu gün sürətlə inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də yeniliklər tətbiq olunur, islahatlar aparılır. Bütün bunlar ölkə vətəndaşlarının sağlamlığının qorunmasına, sağlam cəmiyyətin formalaşmasına hesablanıb.Çünki güclü, inkişaf etmiş dövlətin təməlində sağlam cəmiyyət dayanır.
Mehparə ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 Sentyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















