Səngəçal terminalından gündəlik nəql olunan qazın həcmi açıqlanıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 may, AZƏRTAC
Cari ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.
AZƏRTAC bp-nin bu ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Hesabata əsasən, rüb ərzində terminal təxminən 52,3 milyon barel neft və kondensat ixrac edib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,91 faiz və ya 2,7 milyon barel azdır.
Rüb ərzində Səngəçal terminalından, həmçinin gündəlik orta hesabla təxminən 73,3 milyon standart kubmetr (təxminən 2 milyard 589 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib ki, bu da 2,3 faiz azalma deməkdir.


